25 Noyabr 2015 13:58
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş bu ki, son vaxtlar yazı yazanda tez-tez köhnə iş yerlərim yadıma düşür. Əslində təbiidi. Bugünün hadisələrinə illərin təcrübəsindən yanaşılmasa nə mənası? ANS-də çalışdığım vaxtlardı. Bu şirkətdə işləyənlər bilir ki, ANS az qala yarı-hərbi iş rejimində fəaliyyət göstərir. Hər mərtəbədə bir mühafizə postu, hər postda ciddi-ciddi qaraqabaq gənclər, onların da bəzisi adi asayiş keşikçisi kimi yox, həbsxana gözətçisi kimi aparır özünü. Bu, peşə təlimatıyla da əlaqəli ola bilir. Bəlkə də mühafizə xidmətində çalışanlara xüsusi tapşırılır ki, özlərini dartıb dursunlar. Ki əməkdaşlarla hər hansı isti münasibət yaranmasın. Kənardansa elə təsəvvür yaranır ki, guya onlar sənin şirkətini qorumağa xidmət etmirlər, əksinə, şirkətin hər əməkdaşı kimi sən də onların hər birinin tabeliyində və nəzarətindəsən. İfadəsiz baxış, zəhrimar-sifət, vəssalam. Həddindi, cızığından çıx. Olsun, belə sistem daxili intizamı bir az da ciddiləşdirir, mənsə bu yapma ciddiyyətə məhəl qoymadan elə orada da öz şakərimə sadiq. Uşaqların hər birilə salamlaşanda adətim üzrə gülümsəyirəm. Günün birində gənclərdən biri özünü saxlaya bilmir, deyir - “hamı bizə nifrətlə baxır, sizsə yeganə adamsınız ki, salamı gülə-gülə verirsiniz”. Ardınca “niyə?” soruşur. “Çox gəncsiniz, - söyləyirəm, - illər ötüncə sizdə də yaranacaq bu vərdiş, mütləq yaranacaq”.

***

Bizim həndəvərdə metro yoxdu. Yüz ildə bir dəfə metroya yolum düşəndə də həyata nifrət eləyirəm. İnsanlar köhnə qaloşlar kimi bir-birinə sıxılıb oturmuş - hamı büzüşmüş, hamı qanıqara, hamı dilxor. Sifətlərdə elə küskün ifadə var ki, elə bil hamı bir-birinə borclu. Hamı ya tərki-dünya, ya da dərd-qəm içində. Bu bizdə. Bəs orlarda necədi? Okeanın o üzündə gözün birinin gözünə sataşdımı dərhal dişlərini ağardacaq, bəlkə bir-iki lütfkarlıq da eləyəcək. Qoca qitədə isə belə deyil, amma bizdəki kimi də deyil. Avropalılar daha adekvat. Demək olar, hər simada yüngül təbəssüm və həyat sevgisi. İnsan orada yaşamaq və sevmək istəyir - həyatı, ağacı, yarpağı...

Bu məzmunsuz və məqsədsiz qaraqabaqlığımızın günahı isə bizə yazılmaz. Bizi belə böyüdüblər. Başını aşağı sal. Gülmə. Özünü ağır apar. Yüngüllük eləmə.

***

O isə belə demir, Erik-Emmanuel Şmittin qəhrəmanı deyir ki, hər yerdə və hər kəsə gülümsə. Belə eləsən, bütün işlərin düzələcək.

***

Fransız yazarın “Müsyö İbrahim və Quran çiçəkləri” əsəri bizim Milli Dram Teatrında yeni səhnə həyatını yaşayır. Dünyanın 20-ya yaxın teatrında səhnələşdirilən əsərin ekran variantı da var. Fransızların çəkdiyi eyni adlı filmdə əsas qəhrəmanı əfsanəvi Ömər Şərif oynayıb. Film 2003-2005-ci illərdə Venesiya və Çikaqo kinofestivallarında mükafat qazanıb. “Sezar”, “Qızıl qlobus”, “Qoyya” ödüllərinə layiq görülüb. Amma və lakin... tam əminliklə söyləyirəm ki, bizim səhnədəki “Müsyö İbrahim..” əsərin ekran həllindən qat-qat güclü, qat-qat təsirlidi. Əfsanəvi Ömər Şərifin qəhrəmanı isə bizim öz canlı əfsanəmiz - Fuad Poladovun yaratdığı baş qəhrəmanın yanında çox adi, çox sönük, ços zəifdi. Poladov sanki dünya, insan və həyat barədə düşündüklərini söyləmək üçün bir ömür elə bu obrazı - müsyö İbrahimi gözləyirmiş. Tamaşa barədə, çox güman, dəyərli teatrşünaslarımız fikir söyləyəcəklər. Teatrın sadiq tamaşaçısı kimi mən sadəcə valeh oldum. Rejissor Ərşad Ələkbərovun traktovkası da, Poladov kimi nəhənglə tərəf-müqabil olan gənc aktyor Murad İsmayılovun oyunu da sadəcə, alqışa layiq.

***

Müsyö İbrahim deyir - bir məhəllənin maddi durumunu öyrənmək istəyirsizsə mütləq küçələrdəki zibil qutularına baxın. O küçədə ki nə qutu var, nə zibil - bilin, ora super-zənginlər məhəlləsidi. Zibil qutuları varsa, ətrafında zibil yoxdursa, demək burada zənginlər yaşayır. Əgər qutunun böyrü-başı zibil içindədirsə - bilin ki, turistlərin gəzinti yerindəsiniz. Yox əgər ətraf zir-zibillə doludu, küçələrdəsə zibil qutuları yoxdu, əmin olun ki, lap kasıbların məskənindəsiniz. Fransız yazarın türk qəhrəmanının müşahidələri, həyat fəlsəfəsi maraqlı və faydalıdı.

***

Sözügedən tamaşa bir daha təsdiq edir ki, “bizdə şeir də var, sənər də vardır”. Dram Teatrının direktoru İsrafil İsrafilov hansı aktyoru sevir, yaxud sevmir, hansı rejissora şərait yaradır, yaxud yaratmır, kiminlə ədavəti var, ya yoxdur - son nəticədə tamaşaçını ilgiləndirməz. Tamaşaçı teatra gəlir ki, sənətkarı görsün, sənər əsərindən zövq alsın. Bu mövsüm belə bir imkanınız var. Fuad Poladova baxmaq üçün gedin tamaşaya, mütləq gedin.


Müəllif: Afaq Vasifqızı