28 Noyabr 2015 15:53
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhərrəmliyin ki axır günləri yaxınlaşır orta statistik azərbaycanlını düşündürən (sevindirən, həyatına rəng qatan, bəzən hətta yaşadan) əsas mövzu yenə gəlir gündəmə - toy-nişan, elçilik, xınayaxdı, həri. Sanki bu insan toplumunun evlənib nəsil artırmaqdan savayı başqa bir problemi, marağı, düşüncəsi yox.

***

Tanıdığım ailədi. Eyni mühitin adamları olmasaq da eyni zamanı paylaşanlardanıq. Arada yaxın dostlar var deyə bu ailəylə də ara-sıra tədbirlərdə-filanda görüşürük. Yaxşı günlərini yaşayırlar. Qızlarına elçi düşən var. Amma bu elçi məsələsi valideynləri bir dərdə salıb ki, gəl görəsən. Nə imiş? Oğlanın anası milliyyətcə rus imiş, Bakı rusu. Qadın bərbərxanasında çalışır, əri var, amma öz əri deyil. Yəni bu xanıma qədər kişinin ailəsi də olub, uşağı da. Bunlar sonradan görüşüblər, sevgi güc gəlib, yaşlı kişi ailəsini atıb, bu xanımla evlənib. Deyirlər sonradan peşman da olub, amma hər necəsə - olan olub. İllər ötüb, kişi lap yaşlanıb, ailəni indi qadın saxlayır. Kimə nə? Amma yox. Bax indi qız evində toy-bayram olmaq əvəzinə bir müsibətdi ki, deyiləsi deyil. Qohum-əqrəbanı ilk maraqlandıran suala nə cavab verəcəklər? Atası işsizdi, anası da rus. Ay maşallah! De görüm, necə deyirsən.

***

Hindistanda bir qəbilə var - Oriya qəbiləsi. Bu qəbiləyə aid olan insanların sayı bugün 35 milyondan çoxdu. Bax o insanların çox-çox yüzillər qabaq bir qəbilə başçısı olub - Dağ Arzusu imiş adı. Bax o Dağ Arzusu onu sevən kəsə bir məktub yazıb. Yazıb və elə bil bu dünyada izdivac nədirsə - onun düsturunu rəsmən cızıb. Necə bir insanla evlənməli? Adam bu suala vaxtında düz cavab tapa bilsə nə vardı ki? Nə boşanmalar olardı, nə "yalançı xoşbəxt", əslində isə bədbəxt ailələr. Həmin məktubda görün nələr var.

***

"Sənin qazancın, dolanışığın, güzəranın məni maraqlandırmır.

Ürəyini ağrıdan nədir - bax bunu bilmək istəyirəm. Ən böyük arzuna çatmağı düşünməyə cəsarətin çatırmı?

Neçə yaşındasan - bunun da mənə dəxli yoxdur. Bilmək istəyirəm ki, insanların həyat adlandırdığı macəraya görə - sevgiyə görə, arzuya görə, risqə gedib lap gülünc vəziyyətə düşə bilərsəmi?

Sənin doğum günün hansı bürcə düşür, həmin gün hansı planetlərin təsiri altındadır - maraqlı deyil. Kədəri dərk edə bilmisənmi, qəm-qüssə yükünün ağırlığına bələdsənmi - bunu bilmək istəyirəm. Sənə xəyanət ediblərmi? Satqınlığa dözə bilmisənmi? O hadisədən sonra dünyaya daha açıq gözlə baxmağı bacarmısanmı? Həmin acıları təkrar yaşamaq təhlükəsindən qorxmamısan ki? İstəyirəm bilim ki, ağrıya dözümün varmı? Ya öz ağrın olsun, ya mənim ağrım olsun - fərq etməz, heç nəyi gizlətmədən, azaltmadan, nəyisə dəyişməyə cəhd etmədən, sadəcə, ağrıya dözə bilirsənmi?

Bilmək istəyirəm ki, sevinc içində yaşamağı bacarırsanmı? Ya öz sevincin olsun, ya mənim sevincim olsun - fərq etməz. Dəli kimi rəqs edə bilirsənmi? Hissiyyata elə təslim ola bilirsənmi ki, xoşbəxtliyi təpədən dırnağa qədər - hər əzanla duya biləsən? Elə ki, hər şeyi unudasan, hətta insan olduğunu da, hətta yerə enib torpağa ayaq basmaq məcburiyyətində qaldığını da? Yəni qanad açıb uçmağı bacarırsanmı?

Danışdığın düzdü ya yalandı - vecimə deyil. Bilmək istəyirəm ki, özünə sadiq qalmaq üçün başqasını incidə bilirsənmi? Səni satqınlıqda suçlasalar tab gətirərsənmi? Bu zaman iradəni qorumağa gücün çatarmı? Etibardan düşməzsən ki?

Maraqlıdı, lap eybəcər yerlərdə belə gözəllik görə bilirsənmi? Gözəllikdən zövq almağı bacarırsanmı?
Məğlubiyyəti etiraf etməyə iqtidarın çatırmı? Ya öz məğlubiyyətin olsun, ya mənimki - fərq etməz, uğursuzluğu qəbul etdiyin zaman bir göl sahilinə gedib qaranlıq göyləri işığa bələyən Aya tamaşa edə bilirsənmi?

Mənim vecimə deyil - sən harada yaşayırsan, pulun var ya yox? Məni başqa şey maraqlandırır - ağır məşəqqətli bir gecənin səhəri, ağrı-əzab içində olsan belə, oyanıb uşaqlarımızın ehtiyaclarını ödəməyə gücün çatarmı?

Dostların kimdi? Bura necə gəlmisən? Bunlar məni ilgiləndirməz. Bilmək istəyirəm ki, mənimlə bərabər oda düşüb yansan, geri çəkiləcəksənmi?

Mənə sənin bildiklərin də maraqlı deyil. İçində nə var - onu bilmək istəyirəm. Hər şey məhv olsa - içində qalan nə olacaq? Özünlə tək qalmağı bacarırsanmı? Özün özünü bəyənirsən ya yox - bunu bilmək istəyirəm".

***

Tanıyanlar bilir - mən millətimi sevən biriyəm. Dilimə, kimliyimə sevgim hədsizdi. Amma və lakin içimizdəki merkantil düşüncədən, meşşan kapitalist yanaşmasından zəndeyi zəhləm gedir. Analar, ay analar! Plebey düşüncəsindən, dəllal yanaşmasından uzaq olun. Qız övladınızın səadətini düşünün. Pul-parayla hər şey həll edilməz. Yazılanları oxuyun. Bəlkə gərəyiniz oldu.


Müəllif: Afaq Vasifqızı