9 Dekabr 2015 14:40
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyir - paxıllıq istedadsızların dinidir, fərsizlərin əqidəsi. Yalnız istedadsız adamlar paxıl olur. Bəs qibtə? Bunu söyləmir. Mənsə əminliklə bilirəm - salonda oturanların böyük əksəriyyəti səhnəyə baxıb da eyni bir qibtə hissi keçirir - niyəsini sonra deyəcəyəm.

***

O, Rusiyanın ünlü rejissoru Nikita Mixalkovdur. 70 illik yubileyi münasibətilə hazırladığı xüsusi proqramla Bakı tamaşaçılarının görüşünə gəlib. Özünə əmin, səhnəyə hakimdir. Respublika sarayında iki saatdan bir az artıq davam edən proqramı tamaşaçını tərk-silah edəcək yeganə not üzərində qurub - səmimiyyət. Olanları danışır - artırıb əskiltmədən. Nədən qorxduğunu xəbər alır tamaşaçı. Fikrə gedir. “Qorxmağa başlamaqdan qorxuram”, - deyir. Mənsə alayı şeydən qorxuram. Açması - az sonra.

***

O, nə komediya ustasıdı, nə aktual-siyasi reprizlər söyləyən aktyor. Tamaşaçı diqqətini daim tarımda saxlamaq adətən bu janr ustalarına nəsib olur. Mixalkov, sadəcə, gördüklərini danışır, kino həyatında yaşadıqlarını xatırlayır, hər xatirə bir məşhur filmə, bir sevimli aktyora bağlı.

Atasını yada salır. Şair Sergey Mixalkovdan bir gün soruşublar - ölkəyə başçılıq edən bütün rəhbərlərin sevimlisi olmusunuz. Axı necə? Deyib - “Volqa çayına baxın. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq Volqa həmişə öz axarı ilə axıb gedir”. Budur - sənəti siyasətdən ayıran, hər şeyin fövqünə qaldıran bölgü. Sənətə bu cür yanaşdınsa - uğur sənindi, təbii, əgər istedadın varsa.

Mixalkov deyir - istedada şəxsi mülkiyyət kimi baxmaq olmaz. İstedadın varsa - sanma ki, böyük adamsan. Sən yalnız Allahla adi insanlar arasında bir ötürücü, keçiricisən. İstedadı verən Allah bir gün ala da bilər. Yəni tanrı vergisinə görə qürurlanma. Sadə ol. İstedaddan doğru-düzgün istifadə etməsən, zatən vergi sahibi payını geri alacaq. Nə qədər səndədi - işlət, faydasını gör.

Maraqlı əhvalatlar danışır. Kinonun görmədiyimiz tərəflərini. Sovet sistemi dağılanda o zaman kino məmuru olan Mixalkovun adı çox məhkəmələrdə hallanırdı - bunu bilirik. O isə bilmədiyimiz məhkəmələri də yada salır. Deyir günün birində məlum olur ki, Mixalkovu məhkəməyə veriblər. Kim? Kütləvi səhnələrdə çəkilən 500 adamdan biri. Niyə? Adam bir ay sərasər meydançaya gəlib kütləvi səhnələrə çəkilib. Film ekrana gedəndə isə özünü kadrlarda tapa bilməyib. Demə, filmin inzibatçısı bəzi adamlardan “səni kinoya çəkirik, günə 10 rubl ödəməlisən” deyib də pul alırmış. Çəkilişin haqqını ödəyən “massovik” də sonda özünü ekranda görmyəndə məhkəməyə müraciət edib. Məsələ aşkarlanınca həmin inzibatçını işdən çıxarır, avam adamların pulunu alıb qaytarırlar. Bax belə. Böyük kinonun kiçik xətaları da olurmuş.

***

Kino hadisələrini xatırlayır Mixalkov. Burada mistika da var, təbiətin hökmü də, adi insan hekayələri də. Süjet elə qurulub ki, vaxtın necə ötdüyündən xəbər tutmursan. Zatən maraqlı filmlər müəllifinin yaradıcılıq gecəsi elə belə də olmalıydı - kino kimi.

Kino demiş, Bakıya gəlişinin bir səbəbini də açıqlayır rejissor. Deyir - Qriboyedovun həyat və yaradıcılığından bəhs edəcək 19 seriyalı filmin müəyyən hissəsini Azərbaycanda çəkmək istəyir. Əgər bizim milli investorlar bu işə qol qoysalar, çəkiliş baş tutacaq. Deyir bu işdə bizim muzdumuz da olacaq - yerli burjuaziyanın ayırdığı kapital elə bizim məkanda xərclənəcək, yəni pulu aparıb gedən deyillər, bizə verəsidirlər - bizim işçi qüvvəsinə, bizim otellərə, bizim yeməkxanalara, bizim aktyorlara. Yəni dediyi odu ki, pulu verin mənə, mənim köməyimlə bir cibinizdən çıxardığınız pul o biri cibinizdə qərar tutsun. Olsun. Niyə də yox? Kapital elə dövr edib geri qayıtmaq üçün deyilmi? Amma və lakin.. rus rejissorun çəkmək istədiyi filmin qəhrəmanı Qriboyedovdur. O Qriboyedov ki, rusların işğalçı siyasətini yeridənlər sırasında, Türkmənçay müqaviləsinin şərtlərinə nəzarət edən bir diplomat olub. Hərçənd tarix özü də müəlmmalarla doludur. Qriboyedovun çar 1-ci Aleksandra yazdığı məktubları oxuyanlar arasında rus şairinə rəhmət diləyənlər də var. Demə, həmin Qriboyedov çara yazırmış ki, türklər yaylaqda ola-ola xristianları onların yerinə köçürmək olmaz. Şair hadisənin fəsadlarından qorxurmuş. Yəni bizim xeyrimizə çanfəşanlıq da edirmiş. Nəzərə alsaq ki, filmin ssenarisi erməni Adabaşyana aiddir, o zaman tarixi həqiqətlərin nə cür işıqlanacağını əvvəlcədən təxmin etmək çətin olmur. İstənilən halda Qriboyedov hadisəsi bizim üçün həssas mövzu olduğundan filmə kapital qoyacaq investorlar öncə ssenarini oxusalar, həm də öz tarixçilərimizə oxutdursalar məsləhətdi - belə olsa öz pulumuza çəkilən filmdə tarix təhrif olunmaz. Yox əgər biz investisiyadan boyun qaçırsaq, onda bizi istəməyənlər əllərini ciblərinə salıb tarixi özlərinə sərf edən şəkildə göstərəcəklər. Belə filmlər dünya ekranlarında nə çox. Bayaq demişdim ha - qorxuram, bax, mən də bundan qorxuram.

***

Nikita Mixalkovun kino kimi keçən yaradıcılıq gecəsindən tamaşaçılar həm də qibtə hissilə ayrıldılar - əcəba niyə bizim sənət adamları belə görüşlər keçirmir? Hərçənd bəzi televiziya layihələrində bizimkilərin də səmimi söhbətə getdiyi olur. Yubiley tədbirlərinə gəlincə - mütləq pafos, mütləq tərif, mütləq təmənna, mütləq sünilik olur gördüyümüz. Mənsə öz sənətkarlarımızın bax belə - hər hansı aparıcı suallarından və rejissor montajından kənar, bilavasitə tamaşaçı ilə söhbətini dinləmək istəyirəm. Amaliya Pənahova, Rasim Balayev, Oqtay Mirqasımov, Azər Paşa Nemət, İlham Namiq Kamal, Afaq Bəşirqızı, Eldar Quliyev, Siyavuş Kərimi və s. və i.a. - yaradıcılıq yolunda bəlkə onlarla maraqlı hadisə yaşamısınız. Toplayıb proqram düzəltsəniz, vallah, hamı gedər. Mixalkovu dinləməyə getmirikmi? Siz, öz ünlülərimiz, səmimi olacaqsınızsa niyə baxmaq istəməyək? Amma tam səmimi olacaqsınızsa...


Müəllif: Afaq Vasifqızı