28 Yanvar 2016 11:23
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aygün Kazımovanın adgünündə geyindiyi - az qalırsan yazasan, geyinmədiyi - libası neçə gündü sosial şəbəkələrdə müzakirədədi, bir həmkarımın dediyi kimi, yaşı 40-ı, 50-ni keçmiş, bığlı-saqqalı, abırlı-həyalı, arvad-uşaqlı kişilər də daxil böyük bir kəsim bir qarış dona bükülmüş xalq artistini lənətləməyin peşindədi.

İlk cümlədə göründüyü kimi, ölkə şou-biznesinin (biznes sözü adamı lap qıcıqlandırır, açığı...) tanınmış nümayəndəsinin şəklini mən də görmüşəm, çünki lənətlərə tuş gələn foto Feysbukun ümumi səhifəsində elə əzəmətlə dayanmışdı, baxmamaq, görməmək mümkün deyildi.

Başının dazını ya tamam keçəl eləməklə, ya da şapkayla ört-basdır eləməyə məcbur hallı-yaşlı kişilərin, lap telli-toqqalı, perspektivli cavanların belə, müzakirələrə qatılması səbəbləri qayət maraqlı və ilkincdi. Müzakirələri, linç və lənət alovunu körükləyən növbəti addım yenə Aygün Kazımovanın özündən gəlməsəydi, onda sənətkara sənətkar deməyin, musiqi, çal-çağır, vur-çatlasın mühitini də şou-biznes aləmi adlandırmağın heç bir mənası, anlamı və əlbəttə, sərfəli nəticəsi olmazdı...

Xalq artisti özü haqqında deyilənlərə instagram səhifəsində burda yazılması mümkün olmayan elə ifadəylə cavab verdi ki, qəzəb kütləsi təzədən hücuma keçməli oldu.

Aygün Kazımova Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin leksikonuyla cavab verəsi deyildi, təbii ki.
Səbəblərə qayıdaq: Uzun illərdi səhnədə olan, həmişə soyunmağı geyinməkdən üstün bilmiş, imici, ifası, adı bəlli 45 yaşlı bir müğənni niyə yenidən diqqətə çıxır və bu onun daimi məqsədlərindən biridisə, nədən ictimaiyyət onu hoppadan arzuladığı podiuma qaldırıb qoyur?

Bəlkə həmişə söyməyə hədəf axtaranlar girinə keçənə “atəş açmaq”la təskinlik tapır? Özünü sakitləşdirir, hirsini soyudur, acığının suyunu çıxarır?

Bəlkə Aygün Kazımovanın hicaba girəcəyini gözləyənlər varmış, bu gözləntilər əks-istiqamətə “inkişaf elədikcə” qəzəbin, nifrətin həcmi də “inkişafa” uyğun artır, çoxalır, şişir?

Yox, bunlardan ötəsi də var. Bizim toplum şairdən, artistdən, mütrübdən, müğənnidən, kloundan, kəndirbazdan, bir sözlə, məşhurluq qazanmış hər kəsdən öz arzularını məmnun edəcək keyfiyyətlər gözləyir. Təəssüf, hələ də bu naqis cəhətlərimizin ağrılarıyla yaşayırıq.

Hələ də şairdən, yazıçıdan Nəsimi cəsarəti umuruq. Toplumda nə qədər Nəsimi adlı adam var, baxın, nəticə çıxarın. Gözümüzün qabağında min hoqqa durğuzan kişi və qadın haqqında “görəsən, arvadına, ərinə xəyanət edir?” deyə həyəcanla, sadəlövhcəsinə düşünürük.

Bir neçə il qabaq Azərbaycan telekanallarının birində qəribə bir çıxışa qulaq asdım. Səhnəmizin “soyunan ustaları”ndan biri, yəqin aparıcıyla əvvəlcədən xısın-xısın razılaşdırdığı sual əsasında qəflətən Quran mövzusuna keçdi, dinimizin kitabına hörmətlə yanaşdığını bildirdi, hətta kiçik “Fələq” və “Nas” surələrini ekrandan əzbər də söylədi. Bu imic onun nəyinə lazımıdı?

“Hamının rəğbətini qazanmaq cəhdləri”nin altında-üstündə nə dayanır?

Sən ki Quranın göstərişiylə yaşamırsan, yaşayan da deyilsən - bunu səndən tələb eləyən də yoxdu - nədən özünü bu ikili obraza, tərzə məcbur edirsən? Kimi aldadırsan?

Çünki biz onları həm də əxlaq və paklıq mücəssiməsi kimi görmək istəyirik... Yazıq adamlarıq.


Müəllif: Qurban Yaquboğlu