9 Dekabr 2017 13:55
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Park Cinema İMAX kinoteatrında “ARI production”nın istehsalı olan “Toydan sonra nağara” filminin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, ekran işinin qala gecəsi maraqlı məqamlarla yadda qalıb. Belə ki, filmin adına uyğun olaraq, aktyor heyəti məkana “Vağzalı” sədaları ilə daxil olub.

Gecəyə qatılanların qarşısında əl qaldırıb oynayan aktyorlar onlar üçün hazırlanmış stendin qarşısında adət etdiyimizdən az dayanıblar.

Daha sonra filmin baş prodüseri Ramiz Hüseynzadə tamaşaçıları və media nümayəndələrini kinonun yayımlanacağı zala dəvət edib.

“Toydan sonra nağara”da əsas rolları İlkin Misgərli, Nicat Rəhimov, Elnur Hüseynov, Elnur Kərimov və Nadir Məmmədov canlandırır. Lakin gecəyə qatılan filmin qəhrəmanları arasında bir neçə gün öncə toyu olan Nicat Rəhimov gözə dəyməyib.

Təqdimatı digərlərindən fərqləndirən başqa bir nüans isə oraya demək olar ki, müğənnilərin qatılmaması olub.

Filmin baş prodüseri Ramiz Hüseynzadə ərsəyə gətirdikləri iş haqda bunları deyib:

“Film haqda danışmağa ehtiyac yoxdur. Çünki qiyməti izləyici verməlidir. Düşünürük ki, işləyib alındıra bilmişik. Həqiqətən də istəyirdim ki, bu ekran işində birinci filmdəki aktyorlar rol alsın. Amma hazırda bu alınmır. İnanıram ki, eyni aktyor heyəti ilə daha bir film olacaq”.

Ekran işinə gəldikdə isə “Toydan sonra nağara” 2005-ci ildə ekranlara gəlmiş “Toy” filminin davamı olaraq çəkilib.

Burada hadisələr 2 dostun - Bakir (Nicat Rəhimov) və Sulduzun (İlkin Misgərli) 15 min dollarlıq çılçırağı yüksəkmərtəbəli binadan yerə salaraq sındırmasından sonra başlayır.

Sözügedən çılçırağın sahibinə 10 gün içində məbləği geri qaytarmalı olan dostlar vəziyyətdən çıxış yolu axtarır.

Gülüş dolu səhnələrlə bol olan “Toydan sonra nağara”nın qala gecəsindən olan görüntüləri təqdim edirik:

Foto: Pərviz Hüseyn


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər