Qardaş Türkiyədə baş verən yanğınlara qardaş ölkəyə dəstək olan Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyənin 21 vilayətində yanğın hadisəsi baş verib. Bir neçə vilayətdə yanğın hələ də davam edir. Qardaş ölkəyə dəstəyinizi eşitmək istərdik...
- Türkiyənin hətta regionlarında da olmuşam. Yanğın hadisəsinin baş verdiyi Manavqat soyadımın kökünə bənzəyir. Orada hər zaman belə istilər, yanğınlar olurdu. Amma yanğın hadisəsini tez aradan qaldırırdılar. Çox təəccüblüdür ki, bu il yanğınlar Türkiyədə böyük zərbə oldu. Qardaş Türkiyəyə Allah kömək etsin!
Mümkün olsaydı bütün buludları yanğın baş verən əraziyə göndərib, alovu yağışla söndürərdik. Şükür Allaha, bəzi yerlədə yanğınlar söndürülür. Bunun arxasında hansısa rəzil qüvvələr durursa, onların dünyada necə yaşadıqlarını anlamıram. Günəşin istisinin təsiri ilə yaranıbsa, Allah qorusun, tezliklə yanğınlar söndürülsün. Allah heç kimin başına belə fəlakət gətirməsin.
- Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərildi. Ölkə başçısının tapşırığının davamı olaraq 40 yanğın texnikası və 160 nəfər şəxsi heyətdən ibarət üçüncü qrup da qardaş ölkəyə yola düşdü.
- Mütləq bunu etməliyik. Cənab prezident İlham Əliyevi Allah başımızın üstümüzdən əskik etməsin. Müxtəlif dövlət qurumları, vətəndaşlarımız əlindən gələni edirlər. Allah hamısını qorusun.
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamını xatırlatmaq istəyirəm.
- FHN-nin əməkdaşı Kamil Dünyamalıyevin Türkiyə dövlət bayrağına qarşı göstərdirdiyi hörmət ölkə mediasında da böyük təqdirlə qarşılandı. Bu haqda nə deyə bilərsiniz?
- İnanıram ki, bu addımı hər bir türk edərdi. Burada təəccüblü heç nə yoxdur. Əsl azərbaycanlı, əsl türk başqa cür də davrana bilməz. Hər bir dövlətin bayrağı onun rəmzidir. Bayrağı qorumaq üçün hər bir azərbaycanlı, hər bir türk bu addımı atardı, hətta canından da keçərdi.
Allah hər birini qorusun! Allah türk qardaşlarımızın köməyi olsun. Ən yaxın zamandai xəbər gəlsin ki, közərən son yanğın da söndürülüb.