12 Aprel 2022 09:32
2 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsi zamanı hərbi-vətənpərvərlik ruhlu musiqilər yazıldı, televiziya və radiolarda müntəzəm səsləndirildi. Elə çətin dönəmdə belə mahnılar hər bir azərbaycanlıya hava-su qədər lazımlı idi. Təsadüfü deyil ki, onların bir neçəsi yadda qaldı, dildən-dilə dolaşdı. Azərbaycan qalib gəldikdən sonra zəfər mahnıları televiziya və radioları bir müddət bəzədi. Bir müddət ifadəsini xüsusi vurğulamaq istərdik. Unutmayaq ki, qələbənin ikinci ilini yaşayan qalib ölkə zəfəri taclandıran yaradıcı əsərlərə acdır.

Teleqraf.com mövzunu əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ilə araşdırır.

- Musiqimiz və təbliğatımız zəfərimizi layiqli təmsil edirmi? Bu gün bəstələnən, yayımlanan mahnıların neçə faizi qələbəyə həsr olunub? Əgər həsr olunubsa, onları niyə eşitmirik?

- Sizin suallarınıza mən də bir sual əlavə edim. Niyə hələ də bayağı musiqilər, mətni, mənşəyi bilinməyən, Azərbaycan ruhuna layiq olmayan musiqilər eşidirik? Axı demişdilər, dəyişəcək. Dəyişmədi.

İkinci Qarabağ müharibəsi başlayanda mən də daxil olmaqla peşəkar, qeyri- peşəkar musiqi yazarlarımız, hətta müğənnilərimiz torpaqlarımızın azad olunması hərəkatına töhfə verməyə çalışırdı. Hər kəs qələbəyə çağırış edən musiqilər bəstələməyə köklənmişdi. Nəticə gözlər önündə idi. Bu gün deyə bilmərik ki, qələbəmizə həsr olunun musiqilərimiz yoxdur, yaxud buna passiv yanaşma var. Xeyir, elə deyil. Bəlkə nümayişi və təqdimatı bu fikri yaradır ki, mənə bu sualı ünvanlayırsınız.

Peşəkar bəstəkarlarımız nəinki mahnı, həmçinin irihəcmli əsərlər də yaradıblar. Bu say yetərincə çoxdur, inanın mənə. Sadəcə o boşluğu hiss etdirən təbliğat sisteminin passivliyidir. Əmrlə, göstərişlə keçirilən bir çox musiqi tədbirlərimizdə siz qələbə mahnılarını mütləq eşidəcəksiniz.

Mən təbliğat aparatında çalışmıram. Bilirəm nə etmək lazımdır, amma bu işə qarışmıram.

Gövhər Həsənzadənin Elnur Məmmədovun ifasında yazılan “Qələbəyə gedən yol”mahnısını, həmçinin Mübariz Tağıyevin “İgid şahinlər gəlir”, eləcə də “Sən yalnız deyilsən” mahnısını radiolar niyə səsləndirmirlər?

“İgid şahinlər gəlir”in sözləri Abdulla Qurbaniyə, musiqisi mənə, aranjimanı Yaşar Baxışa aiddir. Mübariz Tağıyevin sevgi ilə ifa etdiyi mükəmməl mahnıdır. Sözləri elə oxuyur ki, insan riqqətə gəlir. Bu cür musiqi niyə efirlərə verilmir?

Bildiyiniz kimi Türkiyə Silahlı Qüvvələrinin Baş komandanı Hulusi Akar müharibə dönəmində Azərbaycana gəldi. Bizim üçün mühüm bir zamanda cənab Prezidentlə görüşündə səsləndirdiyi “Azərbaycan yalnız deyil” ifadəsi bizə güc, qüvvət verdi. Abdulla Qurbani mənə zəng etdi və dedi ki, bu ifadə musiqili şüara çevrilməlidir. Çox az bir zamanda - təxmini bir həftə ərzində musiqisi mənə, aranjimanı Yaşar Baxışa aid “Sən yalnız deyilsən” adlı mahnı yazıldı. İfa Samir Piriyevə məxsusdur.

Mahnı “Azərbaycan yalnız deyil” ensiklopedik kitabının içərisinə də daxil edildi. Hulusi bəy ikinci dəfə Bakıya rəsmi səfərə gələndə həmin kitabın təntənəli təqdimatı oldu. Bu, mənim üçün çox böyük və möhtəşəm hadisə idi. Soruşuram, bu mahnı niyə efirlərdə, radiolarda səslənmir?

Bilirsiniz, nə qədər əsərlərimiz, musiqilərimiz var? Təbliğat üçün biz daha nə etməliyik? Az qalmışıq yalvaraq. Məni verilişə dəvət edəndə öncəliyi vətənpərvər mahnılara verirəm. Halbuki hazırda bir neçə müğənnidə tanınan mahnılarım var. Yəni əlimə düşən imkandan maksimum yararlanmağa çalışıram. Hər şey təbliğatdan asılıdır. Əgər kimsə desə ki, bizim qələbəyə həsr olunan gözəl, türkürpədici, dünyaya bu sevinci, qüruru yaşadacaq mahnılarımız yoxdur, mənə müraciət etsinlər.

Bu sözü Azərbaycan musiqisini dünyada təmsil edən Firəngiz Əlizadənin rəhbəri, mənim də üzvü olduğum Azərbaycan Bəstəkarlar İttifaqının bütün heyəti adından deyirəm. Deyirəm və bu sözümün də arxasındayam. Müraciət eləsinlər, mən ən azından qələbəyə, vətənpərvərliyə həsr olunan 100 mahnı verməsəm nə deyirsiz-deyin.

- Gövhər xanım, Bəstəkarlar İttifaqı bu musiqiləri televiziyalara təqdim edirlərmi?

- Hər zaman. Firəngiz xanım bu baxımından çox aktivdir. Hətta Avroviziya müsabiqəsi keçirilən zaman mənə şəxsən zəng edib deyir ki, “Gövhər, bizə heç kim müraciət etməyib, amma biz yenə də mahnı toplamışıq. Gözləyirik ki, bizə də müraciət etsinlər”.

- Avroviziyanı ayrıca soruşacam. Televiziyaların biganələyinin səbəbi nədir?

- Çünki bütün dünyada televiziyalar efiri saxlamaq üçün reklama böyük ehtiyac duyur. Televiziyalar onlarla iş quran şirkətlərdən asılı vəziyyətdə çalışırlar. Azərbaycan Televiziyası, Mədəniyyət kanalımız daim peşəkar musiqimizi təbliğ edir. Buna söz ola bilməz. Bəs o biri kanallar? Televiziya kanallarının bir sözü var: reklamı verən şirkətlər populyar, şou xarakterli, baxımlı verilişlərə üz tuturlar. Ona görə sanballı verilişlərə vaxt ayıra bilmirik. Nəticə də budur. Biz ciddi musiqini əyləncəli verilişdə necə səsləndirək?

Hələ sizə başqa məsələni deyim. Film, serial istehsalçılarından soruşun, bu qədər seriallar çəkirsiniz, niyə ciddi musiqi kollektivlərinə, bəstəkarlara müraciət etmirsiniz? Axı sauntreklərlə biz ölkəmizi dünyaya tanıda bilərik.

Ona görə də qeyri-peşəkar, bayağı mahnılar baş alıb gedir.

Avroviziya müsabiqəsinə gəlincə, bu lisenziyalı layihədir. Ona görə bununla dövlət televiziyası deyil, İctimai Televiziya məşğul olur. Özəl strukturdur, Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı birbaşa müdaxilə edə bilmir. Yəni biz bu layihənin yaradıcı heyətinin üzvləri deyilik. Əgər onlar nazirliyə, ittifaqa müraciət etsələr, biz görəcəyik ki, çox gözəl əsərlərimiz var.

Kim istəyir, gəlsin mahnı oxusun, kim istəyir mahnı yazsın və biz seçək prinsipi ilə məsələyə yanaşanda nəticəsi belə olacaq: Avropaya yaxın olan bir avropalı bəstəkarın mahnısı seçiləcək.

- Avroviziya müsabiqəsi hər il gündəmə gəlir. Və hər il bəstəkarlarımız, musiqi bilicilərimiz o müsabiqədə ölkəmizi təbliğ edən mahnıların keyfiyyəti barədə fikirlər səsləndirirlər. Əslində ölkəmiz ilk dəfə müsabiqədə iştirak edəndə gözlənilə bilərdi ki, hansısa xarici bəstəkarın mahnısına müraciət olunsun. Təcrübənin azlığı baxımından bununla razılaşmaq olardı. Amma iş orasıdır ki, ilk dəfə biz Avroviziyada öz bəstəkarımızın mahnısı ilə və uğurla çıxış etdikdən sonra bu silsilənin davamı gəlmədi. Musiqinin müəllifi və bu proseslərin içərisində olan biri kimi bu paradoksal vəziyyəti aydınlaşdırmağınızı istəyirəm.

- İlk dəfə 2008-ci ildə Azərbaycanın Avroviziyada çıxışı özünün təqdiminə yönəlmişdi. Düşünürəm ki, onda Azərbaycan özünü bütün Avropaya çox yüksək səviyyədə təqdim etdi. Bizdən sonra yazılan bütün avropalı bəstəkarların mahnıları 2008-ci ildəki Azərbaycan məhsulunun qarşısında solğun göründü və ondan yüksəyə qalxa bilmədi.

Mən buna bir tərəfdən çox sevinirəm. Bu onun göstəricisidir ki, Azərbaycanın peşəkar musiqi, ifaçıları Avropa səhnəsində çıxış edən ifaçılardan, musiqilərdən daha güclüdür.

Ona görə bir mənalı şəkildə deyirəm, Avropanı heyran etmək istəyiriksə, bütünlüklə Azərbaycan musiqisinə bürünmüş mahnı ilə təmsil olunmalıyıq. Azərbaycanın nəinki Avroviziyada, ondan da yüksək musiqi layihələrində iştirak etməyə gücü, qüvvəsi, komandası, musiqisi var.


Müəllif: Nərmin Muradova