16 May 2015 14:32
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunları daha geniş miqyasda yayımlanacaq. Belə ki, birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada yayımlanması məqsədilə mayın 16-da dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

AZƏRTAC xəbər verir ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının da yayım hüququnu əldə edən “America Movil” şirkəti filialı vasitəsilə “Bakı-2015”i Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta-Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikasında bütün media platformalarında tamaşaçılara təqdim edəcək.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir. Bu istiqamətdə növbəti önəmli addım atıldı. “Soçi-2014” Qış Olimpiya Oyunlarının geniş yayımını həyata keçirdikdən sonra “Rio-2016”nın yayımı üçün də eksklüziv hüquqlar əldə edən “America Movil” şirkətinin idman tədbirlərinin yayımlanmasında böyük təcrübəsi var.

“Claro Sports”un baş meneceri Xose Antonio Abumrad əməkdaşlıqla bağlı deyib: “Bakı-2015” ilə Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalanmasından böyük məmnunluq duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər. Belə önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın amerikalı tamaşaçıların Bakıda keçirilən bu tədbiri izləyərək zövq alacaqlarına əminəm”.

Bununla da Latın Amerikası ilk Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ, Kanada, Hindistan, Çin, Avstraliya, körfəz və Avropa ölkələrinin sırasına qoşulur.


Müəllif: