25 Aprel 2014 18:17
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda siyasi təşkilatın – Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) birləşmək məsələsini müzakirə etmək üçün danışıqlara başlayıblar.

Azpolitika.info-ya daxil olan bu məlumatı VİP sədrinin müavini Ramil Hüseynov təsdiqləyib. R.Hüseynov deyib ki, VİP və ADP arasında danışıqlar aparılması üçün hər partiyadan 3 nəfər olmaqla İşçi Qrupu yaradılıb, gələn həftə bu qrupun iclası olacaq. İclasda partiyaların birləşməsi variantı da daxil olmaqla, əməkdaşlığın bir çox forması müzakirə mövzusu olacaq.

VİP sədri Əli Əliyev Teleqraf.com-a müsahibəsində keçirilən görüşdə müzakirə olunan məsələlərlə bağlı geniş məlumat verib.

- ADP ilə VİP-in bir partiyada birləşməsi üçün müzakirələrin aparıldığına dair məlumatlar yayılıb. Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- Həqiqətən də, ADP ilə VİP rəhbərliyi arasında müzakirələr aparılıb. Görüşdə üç nəfər iştirak edib. Sərdar Cəlaloğlu, onun müavini və mən. Özəl söhbət olub. Biz yaxın partiyalarıq. Bizim partiyanın təşəkkül tapmasında Sərdar Cəlaloğlunun bir siyasətçi kimi çox böyük zəhməti var. Partiyaların bir yerdə olması üçün xeyli ortaq mövqelər var. Milli Şurada təmsil olunmamağımız, Rusiyanın layihəsinə qarşı ortaq mövqedən çıxış etməyimiz, bir sıra məsələlərlə bağlı oxşar yanaşmalarımız olub. Amma müzakirələr partiyaların birləşməsi yox, inteqrasiyası yönündə olub. Hər iki partiya inteqrasiyanın sərhədlərini müəyyənləşdirmək üçün daxili müzakirələr aparmaqdadır. Məsələ VİP-in və ADP-nin daxili qurumlarında müzakirə ediləcək. Amma mən inanmıram ki, VİP Siyasi Şurası partiyaların bir ad altında birləşməsinə dair qərar versin. Partiyaların birləşməsindən tutmuş yeni plokun yaradılmasına qədər müzakirələr aparılıb. Komissiya yaradılıb. Komissiya qərar verib ki, növbəti iclas sədrlərin iştirakı ilə aparılsın. Sərdar bəylə görüşüb bu məsələləri dəyərləndirməliyik. Amma iki partiyanın arasında gedən müzakirənin mətbuata sızması mümkündür ki, ehtiyatsızlıqdan olub. Çərçivə qərarı ondan ibarətdir ki, partiyalararası əməkdaşlıq imkanları öyrənilsin.

- Sizə ADP-nin sədr postu təklif olunubmu?
- Birləşməklə bağlı söhbətlər olub. Söhbətin detallarını açıqlamaq etikadan bir qədər kənardır. Mən Sərdar bəyə bildirdim ki, partiyaların birləşməsi məsələsi birinci mərhələdə çətindir. Bilirəm ki, partiyamızın daxilində bu təklifi həyata keçirmək mümkün olmayacaq. Mən bununla bağlı Siyasi Şuranın qərarını da açıqlamaq istəmirəm. Açığı bizim partiyaların birləşməsi deyil, yaxınlaşması ilə bağlı mövqeyimiz var. Hesab edirik ki, iki partiyanın yaxınlaşması ümumi işimizə fayda verə bilər. partiyaların səylərini birləşdirmək mümkündür.

- Birləşmək təklifi ilk olaraq kim tərəfindən gəlib?
- Təklif söhbət əsnasında olub, amma ilk olaraq kim tərəfindən edildiyi yadımda deyil.

- Təklif hansı zərurətdən yaranıb?
- Azərbaycanda müxalifətin inteqrasiya məsələsi zaman-zaman gündəmə gəlib. Dünyanın böyük koorporasiyaları öz aralarında birləşir. Fələstinin Həmas və Fəth kimi təşkilatları öz aralarında birləşib və böyük gücə çevriliblər. Bizdə müxalifət partiyaları arasında böyü fikir ayrılığı olmadığı halda birləşə bilmirik. Bu, bizim qüsurumuzdur. Səylər, güclərin təmərküzləşməsi üçün Sərdar bəylə aramızda müzakirələr olub. Biz müxaniki təkliflər üzrə danışdıq və qərara gəldik ki, yaxınlaşmanın formalarını, mümkünlüyünü tapaq. Hazırda pariyaların daxilində yaradılan komissiyalar yaxınlaşma həddini müəyyənləşdirirlər.

- ADP-nin təmsil olunduğu "Qarabağ" blokunda Ümid partiyası da təmsil olunur. Sizin Ümid Partiyası ilə münasibətləriniz necədir?
- Münsaibətlərimizdə heç bir problem yoxdur. Həm partiyalarımız arasında, həm də İqbal bəylə münasibətimiz çox yaxşıdır. Bələdiyyə və parlament seçkilərinə qədər tək ADP ilə deyil digər partiyalarla əlaqələrimizi genişləndirməyi düşünürük.

Ruslan Xəlil


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər