22 Noyabr 2014 12:30
7 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kənan Mahmudov "Brifinq"in qonağıdır. Azərbaycan tamaşaçısının öz istehsalımız olan serial və filmlərimizə laqeyd münasibət göstərdiyini deyən Kənan M.M. Türkiyə bazarından da danışdı. "Ləkə"dən sonra bir daha serial çəkməyəcəyini deyən rejissor bunun səbəblərinə aydınlıq gətirdi. K. Mahmudov dinə münasibətindən, şəxsi həyatından, şeir yaradıcılığından da bəhs etdi.

Nərgiz Ehlamqızı: Kənan bəy, iki ilə yaxındır ki, klip çəkmirdiniz, bir vaxtlar daha klip çəkməyəcəyinizi açıqlamışdınız. Bu yaxınlarda Vüsalə Rəcəbovanın klipi ictimaiyyətə təqdim olundu. Ailəvi dostunuz olduğu üçün çəkdiniz, yoxsa yenidən klip çəkilişinizə start vermisiniz?
- Həmin ərəfələrdə istəsəydim də, klip çəkə bilməzdim. Çünki telekanalla müqaviləm vardı, “Ləkə” serialı çəkilirdi. Klip çəkilişi üçün imkan yox idi. İşi təhvil verəndən sonra ssenarisi və rejissorluğu mənə məxsus olan “Bozbash pictures”in filmini çəkdim, onu da bitirdim. Vüsalə xanıma klip çəkilişinə gəlincə, 10 il öncə ona klip sözüm vardı, 10 ildən sonra bu sözü tutdum. Sən heykəltəraşsansa, işin heykəl düzəltməkdir, dərzisənsə, işin paltar tikməkdir, rejissorluq həyatımın tərkib hissəsidir, istəsəm də, ata bilmərəm. Sadəcə, sifarişçi şəxsiyyət olaraq mənim üçün maraqlıdırsa, davam edə bilərəm. Yoxsa milyonlarla pul versin, insani keyfiyyətlərində problem varsa, onunla işləyə bilmərəm.

N.Ehlamqızı: Kimsə klip sifarişi verirsə, həmin şəxsin istedadındansa, insani keyfiyyətlərinə diqqət yetirirsiniz?
- Onsuz da şou-biznesdə olan sənətçilərin hamısını tanıyıram. Onlar da məni yaxşı tanıyır.

Aqil Lətifov: Xarakterinizə görə klip üçün Sizə sifariş verməyənlər olur?
- Hə, elə sənətçilər var, xasiyyətimi bildikləri üçün sifariş vermirlər.

Nərmin Muradova: İllər öncə çalışdığınız elə insanlar varmı ki, onlarla yenidən çalışmazsınız?
- Təbii. Onlar da mənimlə çalışmaz. Həmin insanlar mənim qara qaşıma, gözümə vurulmamışdılar. İnsani keyfiyyətimə yox, istedadıma görə mənimlə işləmişdilər. Amma klip efirdə gedəndən sonra o işin onun həyat və yaradıcılığında iynənin ucu qədər də olsa, təsiri olduğu halda illər sonra “kliplərimə baxanda məni gülmək tutur” deyən insana yenidən klip çəkmərəm. Deməli, sən o vaxt gülməli olmusan da.

“Bir il ailəmin üzünü görmədim”

N.Muradova: “Ləkə” serialından sonra Sizi serial çəkilişində görmədik. Belə bir açıqlama da vermişdiniz ki, bundan sonra serial çəkməyəcəyəm. Bunun səbəbləri nə idi?
- Bunun bildiyiniz və bilmədiyiniz o qədər tərəfləri var ki. Tamaşaçı medalın bir üzünü görür, o biri üzündən xəbəri olmur. İşə baxır, amma bilmir ki, hansı şərtlər, fiziki və mənəvi təsirlər altında çəkilib. Üzr istəyirəm, demək olar ki, bir il ailəmin üzünü görmədim. Səhər çəkilişə gedəndə də, axşam evə qayıdanda da uşaqlar yatmış olurdu. Bu qrafik bir ildən çox davam elədi. Hətta oğlum bir gün mənə zəng vurub soruşdu ki, ata, bu gün bizə gələcəksən? Təsəvvür edirsiniz? Bakının tıxacı, məkandan məkana çatmırdıq və tamaşaçı məni qıcıqlandırırdı. Azərbaycan tamaşaçısında laqeydlik var. Mən də azərbaycanlıyam da. Ola bilsin meyxananı, aşıq musiqisini sevməyim, amma istəsəm də, istəməsəm də bu, mənimdir, bunu söküb ata bilmərəm. Bir ildən çoxdur ki, əlimi Qurana basıb söz vermişəm ki, sosial şəbəkələrdə heç bir rəy, yaxud ismarıcı oxumayım. Çünki internet elə bir şeydir ki, qaranlıq otağa bənzəyir, səni vururlar, nə zərbənin hansı tərəfdən gəldiyini görürsən, nə də həmin şəxsin xarakterini bilirsən. Oturub ona baş qoşmaq ağılsızlıqdır, həyatımda belə hallar olub. Məsələn, bir səhnə var, aktrisalar çox yaxşı oynayıblar, ağlayırlar, Türkiyədən ssenarist də gəlmişdi, çəkilişdən sonra əlini Günelin (Günel Məmmədova- aktrisa - N.E.) gözünə vurdu, dedi “abi, bu qız, həqiqətən, ağlayır”, söylədim ki, bəs belədir də. Türk ssenarist dedi ki, bizdə dərman tökməsələr, aktrisalar ağlaya bilməzlər. Amma həmin səhnəyə Youtube-də bir nəfər yazmışdı ki, bu nədir, qızın corabı nə gündədir? Mən bu tamaşaçıya nə çəkim?

A.Lətifov: O cür tamaşaçı rəyinin dərinliyinə qədər niyə gedirsiniz ki... Belə rəylər qəsdən, düşünülmüş də ola bilər.
- Şəkili nə ləhcəsində danışmalıdır? Şəki ləhcəsində. Bu, kinoda mövcuddur. “Qatır Məmməd”i yada salaq, rəhmətlik Şahmar (Şahmar Ələkbərov - N.E.) hansı ləhcədə danışırdı? Gəncəbasar ləhcəsində “ma elə gəlir ki”. O, Bakı ləhcəsində danışsaydı, o, kino olmayacaqdı. Bölgələrin özünəməxsus koloritləri var, bunu itirmək olmaz. Necə olur, “Fatmagülün suçu nə” serialında “yaxarım, lan” sözləri qəbul olunur, 40 seriya 1 kofta ilə çəkilir, alqışlayırlar, biz dilənə-dilənə, ordan-burdan paltar tapırıq, bizə deyirlər ki, nə gündədir. Bir söz deyim, tamaşaçımızın səviyyəsi necədirsə, teatrımız, kinomuz da o gündədir.

N.Ehlamqızı: Bir-iki rəyə görə auditoriyanı ümumiləşdirirsiniz?
- Əslində, peşəkarların fikri daha çox maraqlıdır, amma peşəkar da azdır. Amerikada bir film vardı “Kral danışdı”. Bu film 2012-ci ilin ən yaxşı filmi adını aldı. Amma Amerikada o filmə baxan olmadı. Deməli, bu, kütlə üçün deyil. Qəribə bir tendensiya var. Birinə sual verirsən ki, filankəsin klipinə baxmısan? Əla klipdi. Qayıdır ki, yox ey, mənim ondan zəhləm gedir. Deyirəm ki, özünə demirəm, klipinə baxmısanmı, bir bax da, bəlkə, xoşuna gələcək? Şəxsiyyətə olan münasibət bəzən sənətdə sənin tamaşaçı itirməyinə bilavasitə səbəb olur. Bu, yanlış bir şeydir.

N.Muradova: Ümumiləşdirmə edirsiniz, “Azərbaycanda aktyor yoxdur” ifadəniz də böyük səs-küyə səbəb olmuşdu.
- Mən demişdim, Azərbaycanda gənc aktyor, yeni sima yoxdur. Həqiqətən də yoxdur. Nə qədər Ramiz müəllimi (Ramiz Novruzov - N.E.) çəkmək olar? 19-20 yaşlı gənc çəkmək istəyirəm, o yaşda aktyor tapa bilərsiniz? O gənc aktyoru haradan tapmaq olar? Mədəniyyət və İncəsənət Universitetindən, əgər söz, duyğu, danışıq yoxdursa, agentliklərdən tapa bilərsən. İncəsənət Universitetinə gedirəm, tələbələrə sual verirəm ki, niyə bu universitetdə oxuyursan? Qayıdır ki, balım bura düşdü də. Deməli, kiminsə yerinə gəlmisən, haqqını yemisən. Tamada kimi danışırlar.

A.Lətifov: Bizdə bu, ümumi problemdir, futbolçulara baxırsan, xaricilərlə müqayisədə bizimkilərin danışıq qabiliyyəti yoxdur.
- Maarifləndirmə yoxdur da. Hərdən gecə Azərbaycanda çəkilən seriallara baxıram. Bilmirəm kim çəkib, amma 3 il bundan qabaqkı seriallarla müqayisədə çox böyük inkişaf var. İstər aktyor, istərsə də musiqi baxımdan inkişafı görürsən. Fərqi yoxdur, mənim orda imzam gedib ya yox, millətimin nümayəndəsi çəkibsə, bunu deməliyəm, hər kəs özü haqqında həqiqəti bilir. Bunu deməyib kimi aldadıram ki, axı yaxşıdır. Müşfiqin (Müşfiq Şahvediyev - N.E.) “My name is İntiqam” treylerinə baxdım, çox xoşuma gəldi. Nə olsun mən çəkməmişəm və mən orada oynamıram, axı yaxşıdır bu. Burada əmək var.

A.Lətifov: Dediniz, 3 il əvvələ baxanda filmlərimizdə inkişaf var. Bizim seriallar haqda belə fikir formalaşıb ki, rejissorlar bizim serialları türk seriallarına bənzətməyə çalışırlar, aktyor işi də süni alınır...
- O, filmləri çox izləməkdəndir. İşin psixoloji tərəfləri var. 10-15 il Türkiyənin Kanal D, ATV kanalları qarşısında böyümüşük, istədiyimiz və istəmədiyimiz halda bəzi sözlər mədəniyyətimizə, ədəbiyyatımıza daxil olub. 10 il bundan qabaq qızlar, oğlanlar bir-birinə “aşkım” sözü demirdilər. Amma indi deyirlər. Bilmirəm, bu, yaxşıdır yaxud pisdir. Ssenaristə deyəndə ki, mənə ssenari yaz, ssenariyə baxırsan ki, hansısa türk serialına oxşayır. Çünki baxıb, izləyib, xoşuna gəlir. 7 not var, 8-ci mümkün deyil, dramaturgiya bir neçə hissədən ibarətdir, yeni bir xətt tapa bilməzsən, yalnız finala doğru gedən ortaq məxrəcdə bir xətt tapa bilərsən. Məncə, bizim seriallar da düzələcək, amma biz onu görəndə artıq yaşlı olacağıq, yaxud həyatda olmayacağıq.

“Türklər kimi olsun” sözünü eşitməyim deyə ssenarini türkə yazdırdım"

N.Muradova: Deyəsən, “Ləkə” serialının ssenaristi türk idi.
- Hə, “Pərvanələrin rəqsi” serialında oynayandan sonra anam qayıtdı ki, bala, yaxşıdır, hər şey qəşəngdir, sadəcə, türklər kimi deyil. Bu sözü mən tez-tez eşidirəm. Türklər kimi nə deməkdir? Operator, aktyor türk olmalıdır, yaxud türk dilində danışmalıyam? Fikirləşdim və bunun həllini tapdım, hadisədə türk qələmi olmalı idi. Mən “türklər kimi olsun” sözünü eşitməyim deyə ssenarini türkə yazdırdım. Dilim uzundur, türklər kimi demirdiniz, buyurun. Bəlkə də, buna görə 1 il müddətində reytinqdə birinci yerdə oldu.

A.Lətifov: Müşfiq Şahvediyevin “My name is İntiqam” filminin adını çəkdiniz, doğrudan da, hələ treylerində baxanda hiss olunur ki, yaxşı filmdir, öz ləhcəmizdədir, şirin alınıb. Niyə filmlərimizin hamısı bu səviyyədə deyil?
- Vaxt lazımdır.

N.Muradova: Amma o da türk stilindədir.
- Statistika göstərir ki, türklər son vaxtlar dram, komediya, macəra filmi də çəkirlər, amma komediya daha çox sevilir.

N.Ehlamqızı: İnsanlar qayğılardan o qədər sıxılır ki, sanki komediya filmi ilə stresdən uzaq durmağa çalışırlar.
- Zarafatsız, ən böyük səbəb elə odur. Mən Bakıda “Rəcəb İvedik”in filminə 15 gün bilet tapa bilmədim. Axı bizdə Rəcəb İvediklər çoxdur. Həqiqətən, çoxdur.

“"Bozbash pictures"i çəkəndə operatorla ağzımızı tutub gülürdük"

N.Muradova: Sizin çəkdiyiniz “Bozbash pictures” komediya filmi nə ilə fərqlənəcək? “My name is İntiqam”ın reytinqini ötüb keçə biləcəksiniz?

- Kimisə ötüb keçmək barədə fikirləşib işə başlamaq, paxıllıq işə uğur gətirməz. Sən də öz işini görürsən, mən də. Ssenarinin bəzi səhnələrini telefona yazıb sonra kompüterə köçürmüşəm. Filmi çəkəndə səhnədə bir sözdən sonra növbəti sözü bilirdim, yenə də o səhnədə gülürdüm. Elə səhnələr var ki, operatorla ağzımızı tutub gülürdük. Macəralar yaxşıdır. Uşaqların özünün reytinqi var, Youtube-də baxırsan ki, çox izləyirlər. Hələ fraqman yoxdur, indidən kinoteatrlar deyirlər ki, filmi bizə verin.

N.Muradova: Nə vaxt efirə çıxacaq?
- Yanvarın axırına fikirləşirik. Çünki dostlarımızın da əziyyəti var, qoy tamaşaçılar “My name is İntiqam”dan doysunlar, sonra biz təqdim edək.

“Dindar deyiləm, amma mundar da deyiləm”

N.Ehlamqızı: Dindarsınız?
- Dindar deyiləm, amma murdar da deyiləm. Allahla aramda olan şeylər barədə danışıb ucuzlaşdırmaq istəmirəm. Amma yaranışımızın bir səbəbi var və o səbəbə doğru gedəcəyik. Demirəm mələyəm, qanadlarım var, bacardığım qədər istəyirəm ki, həyatımı normal yaşayım. Bilmirəm, bu, məndə nə qədər alınır.

“İŞİD-i Azərbaycanda sevən varsa, onlara da lənət olsun”

N.Ehlamqızı: Bu gün bütün dünyanın dəhşətlə izlədiyi İŞİD qruplaşması barədə nə deyərsiniz?
- Allah onlara lənət eləsin, onları Azərbaycanda sevən varsa, onlara da lənət eləsin. Kimin xoşuna gəlmirsə, adresim məlumdur, gəlsin.

A.Lətifov: Sərtlik xarakterinizdən irəli gəlir?
- Sən bilsən ki, bir nəfər ətrafındadır və ailə üzvlərinə hörmət etmir, nifrət edir, nə edərsən? O adamın ətrafında yaşaya bilərsən? Qəbul edə bilmirəm, özümdən asılı deyil ki. Şükür Allaha ki, mənə elə bir şey verib ki, onu qəbul edə bilmirəm. Qəbul etsəydim, mən də o tərəfdən idim. Bu dünyada iki yol var, İmam Hüseyn və Yezid yolu. Ortada qalmaq söhbəti yoxdur.

A.Lətifov: Siz hansı tərəfdəsiniz?
- Səncə?

A.Lətifov: Söhbət din məsələsinə münasibətinizdən getmir. Ümumilikdə danışıq tərziniz sərt tondadır.
- “Axırıncı aşırım” filmində Kərbəlayi ilə Abbasqulu bəyin söhbəti var, deyir, Abbasqulu bəy, mənə dəyən təpik sənə dəysəydi... 12 il az deyil, bir fakt var, ya işlədiyin adam kimi olmalısan, ya da o, sənin kimi olmalıdır. Mən qidalanmaq və yaşamaq xatirinə kimlərisə yola vermişəm, amma heç vaxt başqası kimi ola bilmərəm. Allah hərəni öz simasında yaradıb.

Ruslan Xəlil: Siyasətlə aranız necədir? Ötən günlərdə 20 noyabr vertolyot qəzasından 23 il ötdü, bu hadisə barədə məlumatınız var?
- Çox təəssüf ki, 20 Yanvar, Xocalı faciəsinin ildönümlərindən başqa tarixi günlər yadımda qalmır. Buna görə özümü qınayıram. Kaş telefonda tarixi günlər barədə avtomatik məlumat olardı. Əgər tarixi günü bilmirəmsə, övladıma necə başa salım? Bilmirəm də, yadımdan çıxıb. Biri yaxınlaşıb küçədə mənə sual versə ki, Zəngəzur nə vaxt işğal olunub, bu suala cavab verə bilməsəm, mənə ayıb olsun. Hərdən bizi qınayırlar ki, niyə Aşuranı qeyd edirsiniz. Evdə balaca uşaqlar böyüyür. 20-30 il aşura etməsək, o biləcəkmi Aşura nə deməkdir? 10 il internetdə, qəzetlərdə, saytlarda Xocalı faciəsi haqda yazılmasa, yeni doğulan uşaq Xocalı haqda biləcək? Yox. Ona görə xüsusi günləri qeyd etmək lazımdır.

R.Xəlil: Müasir siyasi prosesləri, Qarabağla bağlı danışıqları izləyirsiniz?
- Siyasi xəbərlər qarşıma çıxanda oxuyuram. Xüsusi olaraq hansısa siyasətçini izləmirəm.

R.Xəlil: Seçkilərdə iştirak edirsiniz?
- Hə, prezident seçkilərində səsvermədə iştirak edirəm.

R.Xəlil: Ötən ilki prezident seçkilərində debatlara baxırdınız?
- Hərdən Youtube-də o debatların bəzisinə baxıb gülürəm.

A.Lətifov: Kimə gülürsünüz?
- “Hamınızı güllələyəjəm” deyən Hafiz Hacıyevə.

R.Xəlil: Deputat olsaydınız, rayonunuzun ssenarisini necə yazardınız?
- Hamınızı güllələyərdim (gülür). Ssenarini ancaq yoldan yazardım. Yol təmiz və geniş olmalıdır.

A.Lətifov: Bizim yollar qədər təmir olunan yollar da yoxdur...
- Biz yol çəkirik, sonra qazırıq, kanalizasiya düzəldirik, yenə yol çəkirik. Birinci kanalizasiyanı düzəltmək, sonra yol çəkmək lazımdır.

A.Lətifov: Bəzi rejissorlar var ki, müğənnilər kimi öz sənətləri ilə yox, şəxsi həyatları ilə gündəmdə qalırlar. Bu, günün tələbidir?
- İndi cavanlığımı yadıma salıram, baxıram ki, çox şükür, məndə elə şeylər olmayıb. Qalmaqal peşə ilə əlaqədar deyil, insanın şəxsiyyətindən xəbər verən bir şeydir. Sənətkar adamsan, başını sal aşağı, işini gör, sənə başqasının silikon qoydurmasının nə aidiyyəti var? Axı bu, sənə çörək vermir, əksinə, mən bilən, gözdən salır. İki cür məşhurluq var: sən məşhursan, səni tanıyırlar, bir də var, sən məşhursan, səni tanıyırlar və səni sevirlər. Bunların arasında böyük fərq var. Bir gün təyyarədə gedirəm, yanımda yaşlı bir xanım əyləşmişdi, dedi ki, filan müğənni var ha, köpək qızı al da geysə, yaraşır, şal da geysə, yaraşır. Soruşdum ki, istəyərsən qızın onun kimi olsun? Qulaqlarını çəkdi.

N.Muradova: Qalmaqal istənilən halda müğənniləri ulduz edir.
- Bir yerə qədər.

N.Muradova: Məsələn, Röya gündəmə qalmaqallarla gəldi...
- Amma istedadı da var. Həm də qalmaqalla gəlməsəydi, Röyanın bu istedadı üzə çıxmayacaqdı.

“Röyanın klipini çəkdiyim günə daş düşəydi”

N.Muradova: Röyanın ilk açıq-saçıq klipini də, deyəsən, Siz çəkmisiniz.
- O günə daş düşəydi.

N.Muradova: İndi o tipli klip çəkməzsiniz?
- Yox, mümkün deyil.

N.Ehlamqızı: Qınaqlara görə istəmirsiniz?
- Sadəcə, yaşım o yaş deyil.

A.Lətifov: Bizim müğənnilər Türkiyəyə axın edir, Siz necə Türkiyədə bir iş görmək niyyətində deyilsiniz?
- Türkiyədə ən məşhur rejissorlardan Teoman Topçu ailəvi dostumuzdur, bir həftə onun evində qonaq oldum. O, mənə buradakı klip bazarının qiymətini soruşdu, dedim, sonra kliplərə baxdı mənə qayıdıb söylədi ki, anlamıram sizin müğənnilər bura niyə gəlir ki? Onu başa sala bilmirəm ki, bizdə “acıq vermək” deyə ifadə var. Tarkanın klip çəkəni mənə klip çəkib deyənlər bəyəm Tarkan olur? Beyonsun klipində rəqs edən qızlar sənin klipində oynayırsa, sən Beyons olursan? Pulunu verirsən, edir də, burada nə var ki? Belə kasad yanaşmalar insanları uçuruma aparır.

“Vandamın xəstəsi idim, təpiklə çılçırağı sındırmışdım”

N.Ehlamqızı: İdman Sizin üçün gündəlik vərdişdir, yoxsa..?
- İdmanı formada qalmaq üçün edirəm. Burnum, barmağım, çiynim qırıq-qırıq olub. Mən o vaxt peşəkar boksçu ola bilərdim, indi də deyirəm, yaxşı ki onun arxasınca getmədim. Tanınmış idmançı dostlarım var, Zabil Səmədovla söhbət edirsən, hadisəni danışırsan, axırda görürsən ki, fikri başqa yerdədir. Əlinizə əlcək geyib peşəkar döyüşdə döyüşsəniz, həyatınıza nifrət edərsiniz, adamı elə bil KAMAZ vurur. Uşaq vaxtı baxdığım filmlər məni cəlb elədi. Vandamın xəstəsi idim. Anam evdən çıxan kimi evi dağıdırdım, kameranı qurub balaca qardaşıma verirdim. Bir gün təpiklə vurub evin çilçırağını sındırmışdım, qardaşım bunu lentə almışdı. 10 ildən sonra kasetə baxırdılar, anam o lenti görüb qayıtdı ki, mən də deyirəm çilçırağın altı hanı? (gülür).

N.Muradova: Əvvəllər oğlanların kumiri Vandam idi, indi isə Polad Alemdardır.
- Hə, odda yanmaz, suda batmaz. Biz “Qurdlar vadisi” çəksək, bizə nə edərlər?

R.Xəlil: Yamsılamaq xoş qarşılanmır da.
- Rəmişdən sonra kimsə gitara çalmasın?

R.Xəlil: Çalsın, amma öz xətti olsun.
- Xətt yoxdur da, dramaturgiyada bir neçə xətt var: “Boevik”, komediya və s. Çəkən kimi deyirlər, oxşatdılar ona. Onda çəkilək duraq kənara? Mən dini film çəkə bilmərəm, izin də verməzlər. İnanıram ki, onlar tamaşaçıya təsir edir. Təyyarədə Naxçıvana gedirdim, yaşlı bir qadın gəldi, yanımda oturmaq istəyəndə mənə diqqətlə baxdı, salam verdim, çantasını yerə atdı, qışqırmağa başladı ki, “bu gədənin yanında oturmaq istəmirəm”. Öz də “gədə” deyə müraciət etdi. Hamı da baxmaq istəyir ki, bu qadın kimin yanında oturmaq istəmir. Çox pis olmuşam, suyun içindəyəm. Deyirəm, “ay xala, niyə istəmirsiniz”. Stüardessa gəldi ki, məsələni aydınlaşdırsın. Qadın qayıtdı ki, “sən niyə Xəzərə qarşı elə hərəkət elədin, Arzu ilə niyə görüşdün?” Bu sözləri eşidib dəhşətə gəldim, dedim “xala, otur yerinə, qurban olum, etmə, eyləmə”. Bir də gördüm serialı yol boyu 34-cü bölümə qədər danışmışam, arvad ağlayır.

R.Xəlil: Film çəkəndə daxilinizdə senzura olur?
- Fikirləşirəm ki, filmə ailəmlə baxacağam.

N.Muradova: Azərbaycanın yeni filmlərindən hansını bəyənirsiniz?
- Oktay Mir Qasımovun “Qisas almadan ölmə” filmini bəyənirəm, almanlardan bəhs edir, yaxşı filmdir. Sizə Türkiyə təcrübəsindən danışım, orada bir kursa getmişdim. Yeni bir şey öyrənmədim, biz bildiyimiz şeylər idi. Sadəcə olaraq, onlar çoxdurlar, 80 nəfərdirlər, bizsə 6 nəfərik. “O hayat benim” serialının çəkiliş qrupunun işləri ilə tanış oldum. Deməli, çəkiliş saat 8.00-da başlayır, evdən saat neçədə çıxıb gəldiyin sənin öz problemindir, çünki həftəyə 10 min avro alırsan. Gecə saat 4.00-da çəkiliş qurtarır, deyirlər, gedin evə, 4 saat sonra çəkilişdir. Operator Efe Karayol maşınını açdı, diş fırçası, alt paltarı, corabı, yeməyi, çayı hamısı orada idi. Dedi ki, 4 saatdan sonra yenə çəkilişdir, evə necə gedim, 6 aydır aldığım pulu vaxt tapıb xərcləyə bilmirəm. Bu rejim sağlamlığa təsir edir. Aktyor normal dincəlməlidir ki, sifəti sallanmasın.

“Röya ilə Aygün barışandan sonra şou-biznesdə heç nəyə təəccüblənmirəm”

N.Muradova: Kənan bəy, axtarış sisteminə adınızı yazanda həbsinizlə bağlı o xoşagəlməz materiallar çıxırdı. Baş verənləri Sizin dilinizdən eşitmək istəyərdik.
- Hər kəs özü haqqında həqiqəti bilir. Bir sən bilirsən nəyə qadirsən, bir də Allahın bilir. Hər insanın səbrinin bir həddi var, qırmızı işıq yananda insan insanlıqdan çıxır. Belə anlar həyatımda 2-3 dəfə olub. Biri əsgərlikdə olub, telefonla danışdım, telefonun sahibi 1 dəqiqə danışdığım halda 7 dəqiqənin pulunu istədi. Bunu həzm etsəydim, axmaq olardım. Peyğəmbərimizin bir kəlamı var, “haqqı söyləməyən axmaqdır”. Mən axmaq deyiləm, nəfəsim boğazımda qalana qədər haqqı söyləyəcəyəm. Haqqımı yeyənin başını yeyərəm, budağımı sındıranın meşəsini sındıraram. O hadisə olan günü həyatımdan silmək istəyirəm, həbsdən çıxanda özümə söz vermişdim ki, bir də bu haqda danışmayacağam. Hansısa işim düz gətirmirsə, ilk səbəbi özümdə axtarıram. Axı işim düz gətirmirsə, başqası nə etsin? Röya ilə Aygün barışandan sonra bu aləmdə heç nəyə təəccüb etmirəm. Bu iki insan barışdıqdan sonra şou-biznesdə nə desən olar və mən artıq hər şeyi normal qəbul edirəm.

N.Muradova: Hüseyn Dəryanın vəfatı ərəfəsində də müğənnilərlə bağlı bu məsələni qabartdınız.
- Bir az yandım-töküldüm, çünki ona qədər olan münasibəti də görmüşdüm, doğrudan, görmüşdüm, yaxınlaşıb "nə olar bir duet oxuyaq" deyən insanları da görmüşdüm, cənazə ortada qalanda, dedim, hanı bunlar? Sərxoş ölür, cənazəsini yerdən götürmək üçün yüz insan gəlir. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Qayıdıb dedilər ki, özünü reklam edir, mən müğənniyəm, toya gedəcəyəm, reklam edim?

“Ən yaxşı istirahəti Kərbəlada etmişəm”

N.Muradova: Stressli işdən sonra ailənizlə necə istirahət edirsiniz?
- Ən yaxşı istirahəti Kərbəlada etmişəm. İstirahət onda olur ki, hansısa işi çəkirsən, ona baxanda istirahət edirsən. Ya da hansısa şeiri yazırsan, onu oxuyanda istirahət edirsən.

“Nüsrət Kəsəmənli dedi ki, səndə öz gənclik tərzimi görürəm”

N.Ehlamqızı: Sosial şəbəkələrdə şeirlərinizi nədənsə az-az görürük.
- İndiyədək bir şeyin həllini tapa bilmirəm. Sən dərzisən, paltar tikirsən, onu asılqana asırsan, biri gəlib bunu kimə tikmisən demir. Amma niyə məhz şeir yazanda soruşurlar ki, kimisə sevirsiniz, kimə yazmısınız bunu? Olub ki, masada oturan qızla oğlan deyiblər, filan şey haqda şeir yaz. Allahın verdiyi istedaddır, yazırsan, qurtardı getdi. Sənin 300 şeirin varsa, bu o deməkdir ki, səni 300 nəfər tərk edib? Sən stadionsan? Sənə şeir lazımdır, yoxsa şeirin ünvanlandığı şəxs? Bir gün soruşan adama yazdım ki, Lökbatanın kruqundakı peraşki satan Mamedə yazmışam, tanıdınız? Doğrudan, belə suallarda məntiq yoxdur. Bu sualları o vaxt Əliağa Vahidə, yaxud Nüsrət Kəsəmənliyə verirdilər? Müqayisə etmirəm, əstəğfurullah, qələm əhli olduqlarına görə ad çəkdim. Yeri gəlmişkən, mənim şeir yazmağımda ilk böyük dəstək Nüsrət Kəsəmənlidən olub. Allah qəni-qəni rəhmət eləsin. Bir şeirim vardı, onun həyatının son vaxtları idi, apardım yanına, oxudu, mənə qayıdıb dedi ki, sənə baxanda öz gənclik tərzimi görürəm, davam elə. O söz mənə bəsdir.

N.Muradova: Ailəsi ilə münasibətiniz var?
- Oğlu Rəşadla universitetdə bir yerdə oxumuşam, gediş-gəlişimiz var.

N.Muradova: Səhv etmirəmsə, iki övladınız var.
- Hüseyn və Fatimə.

N.Muradova: Deyəsən, qızınız çox dəcəldir. Atalıq necə hissdir?
- Fatiməyə Maşa deyirik. Evin böyük övladı olsam da, 32 yaşında evlənmişəm. Bacımla qardaşım məndən tez ailə qurmuşdu, həmişə onların uşaqlarını oynadırdım. Üzr istəyirəm, övladım dünyaya gələndə onu qucağına götürüb “əminin balası” deyirdim. Elə bilirdim ki, qardaşımın övladıdır. Fatimə doğulandan sonra başqa cür oldu. Qız övladı insanı hərəkətlərinə diqqət etməyə məcbur edir.

R.Xəlil: Yəni qadınlar haqda fikri tamam dəyişir?
- Hə. Peyğəmbərimizin bir sözü var, qadınına heç kəsin baxmasını istəmirsənsə, heç kəsin qadınına baxma. Elə o söz bəsdir.

N.Ehlamqızı: Bayaq dediniz ki, iş rejiminiz övladlarınızla vaxt keçirməyə imkan vermirdi. İndi övladlarınıza vaxt ayıra bilirsiniz?
- İndi vaxt ayırıram. Hər səhər onları bağçaya mən aparıram.

N.Muradova: Sizdən çəkinirlər?
- Qız o qədər yox, amma Hüseynə bir dəfə baxmaq kifayət edir.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: