“Brifinq”in qonağı tanınmış aktrisa, əməkdar artist Mehriban Zəkidir. Mətbuatda müsahibələrinə çox az rast gəlinən Mehriban xanımla bir müddətdir layihəmizə dəvət üçün söhbət aparırdıq. “Əli və Nino” filminin çəkilişi öncəsi qrafikinin sıxlığından görüşü filmin çəkilişi bitəndən sonraya saxlamışdı. Xülasə, vədələşdik və bu həftə Mehriban Zəkini redaksiyamızda qarşıladıq. Qonaqlarını həmişə masanın başında sorğu-suala çəkən teleqrafçılara Mehriban xanım bizimlə eyni sırada əyləşməyi təklif etdi.
Mehriban Zəki ilə olduqca maraqlı müsahibəni təqdim edirik:
Nərmin Muradova: Mehriban xanım, Sizi yeni mövsümdə Akademik Milli Dram teatrının səhnəsində görəcəyik. Bu, həmin səhnəyə yenidən qayıdışınızdır. 2006-cı ildə bir tamaşada çıxışınızdan sonra “Azdrama”dan getdiniz. İkinci dəfə təklif kimdən gəldi, necə razılaşdınız? Sizi kim inandırdı?
- Peşəkar aktyor teatrda işləməlidir. Çünki aktyor kənarda qalıb yalnız seriala, kinoya çəkiləndə sanki bir növ özünü xərcləyir və heç nə qazanmır. Teatr isə aktyor üçün treninqdir. Məşq edirsən, hər zaman nə isə öyrənirsən, yeni emosional mövzular tapırsan. İlk dəfə “Yuğ” teatrında çalışmağa başladım, sonra “İbrus”da işlədim. “Azdrama”da isə “Füzuli və Əsmər” tamaşasında oynadım. Açığı, o tamaşa mənə nə peşəkarlıq, nə də mənəvi baxımdan yenilik verdi. Çəkilişlərim, “Yuğ”da işlərim çox olduğu üçün qərara aldım ki, “Azdrama”nı müvəqqəti olaraq tərk edim. “İbrus” teatrı da artıq neçə ildir öz fəaliyyətini dayandırıb, peşəkar kimi tükənmək üzrəyəm, bunu istəmirəm. Düzdür, filmlər, seriallar vardı, çəkilirdim. “Region TV”-də dublyaj departamentinin müdiri idim, o da bağlandı, sanki hər şey üst-üstə gəldi. İki ay öncə “Azdrama”nın direktoru İsrafil İsrafilov dəvət elədi, dedi ki, yeni tamaşa hazırlanır, rejissor Sankt-Peterburqdan gəlib, azərbaycanlıdır, amma çox maraqlı şəxsdir. Əsər Erik Emanuel Şmitin “Müsyo İbrahim və Quran çiçəkləri”dir. Buna bir film də çəkilmişdi, özü də maraqlı əsərdir. İlk növbədə əsər məni cəlb elədi, ikinci növbədə rejissorla söhbət elədim, gördüm ki, çox maraqlı insandır, üstəlik, Fuad Poladov baş rolda oynayır. Bilirəm ki, Fuad müəllim oynadığı əsərdə mütləq maraqlı iş olur. Çünki tamaşa kollektiv sənətdir. Futbolda oyunçular bir-birinə pas ötürdükləri kimi səhnədə də aktyorlar bir-birini eşidib, duymalı və bir komanda olmağı bacarmalıdırlar. Bu varsa, tamaşa baş tutur, yoxdursa, çox çətin olur.
N.Muradova: Fəxrəddin Manafov da tamaşada oynayacaq?
- Fəxrəddin müəllim bu tamaşada oynamayacaq. Onunla Elçin Əfəndiyevin “Cəhənnəmin kirayənişinləri” əsərinə qoyulmuş tamaşada bərabər işləyəcəyik.
N.Muradova: İllərdir Fuad Poladovla birgə işləmisiniz. Yəqin, Sizə stimul verən şeylərdən biri də tərəf müqabilinizin məhz o, olması idi.
- Düzdür, məşqlərdən əvvəl bu barədə Fuad müəllimlə danışmamışdıq. Əlbəttə, onun tamaşada varlığı böyük stimul verdi.
Naibə Qurbanova: Bir çox aktyorlar seriallara davamlı olaraq çəkilsələr də, Sizi təkcə “Sirr” serialında gördük. Ondan sonra niyə çəkilmədiniz?
- “Sirr” serialından əvvəl Osman Albayrağın prodüserlik etdiyi “Qaranlıqlar çiçəyi” serialında qısa bir cəhdim olmuşdu. Xırda rol idi, dedilər, türkiyəli aktyor Musa Uzunlar çəkilir, peşəkar aktyor idi. Onun xanımı rolunda ona layiq olan aktrisa lazım imiş, məni çox dilə tutdular, sonda razılıq verdim. Böyük iş kimi “Sirr” serialında çəkildim. Oqtay Əliyev mənə müraciət etdi, onun prodüser kimi çox dəqiq və peşəkar münasibəti vardı, iş təklifləri məni qane etdi. İş prosesində gördüm ki, ilk gündən nə söz verilmişdisə, onların hamısını yerinə yetirdilər.
N.Qurbanova: Serialın sonu gözlənilən kimi bitmədi, ssenaridə sonradan dəyişiklik olduğu deyilirdi.
- Serialda bu cür hallar olur. Serial tam, dəqiq əsər deyil, o, televiziya məhsuludur. Yaradıcı sənət əsəri olmadığından gedişat zamanı serialda çox şey dəyişə bilər. “Sirr”də də o cür idi, ssenaridə dəyişikliklər edildi. Situasiya özü diktə edir ki, vəziyyət bu cür olmalıdır. Mən isə peşəkar bir insan kimi heç bir irad tuta bilməzdim, çünki əvvəlcədən razılaşmışdım, sona qədər çəkilməli idim.
“Əlinin bibisi rolu üçün uzun müddət ingilis dilini öyrəndim”
N.Ehlamqızı: İnsanların maraqla gözlədiyi “Əli və Nino” filmində Siz də çəkildiniz. Bu filmlə bağlı detallar sirli saxlanılır. Çəkiliş prosesi haqda danışa bilərsiniz?
- Çəkiliş prosesindən danışmağa ixtiyarım yoxdur. Çünki filmin prodüserləri nə şəkil paylaşmağı, nə də informasiya verməyi məqbul hesab edirlər. Ona görə də çəkilişlər barədə geniş heç bir söz deməyəcəyəm. Mən filmdə Əlinin bibisi rolunda çıxış edirəm, hadisələr İranda baş verir, film ingilis dilindədir. Uzun müddət ingilis dilini öyrəndim, dərslərə gedirdim, mətni öyrənirdim. Mətni nə qədər əzbərləmiş olsaq da, ləhcə, dialekt vardı, amma bacardığımızı elədik (gülür).
N.Muradova: Türklər də çəkiliş prosesində iştirak etdi. Belə fikir irəli sürülür ki, hətta Türkiyədə bu səviyyədə iş ortaya qoya bilmirlər. Həm prodüserlik, həm də təşkilatçılıq səviyyəsinin türkləri heyrətləndirdiyi deyilir.
- Doğrudan da, belədir. İşçi qrupu çox peşəkar səviyyədə işləyirdi. Kostyumum çox çətin kostyum idi. Tarixi əsər olduğu üçün qrim və geyim Şərq üslubunda olmalı idi. 5-6 avropalı rəssam üzərimdə eyni zamanda çalışırdı. 10 dəqiqə içərisində makiyajım tamamlandı, səs canlı yazıldığı üçün mikrofon, kostyumun bütün aksessuarları hazır oldu. Bir də gördüm artıq məkandayam. Çəkiliş meydanında səssizlik, hüzur vardı. Hər kəs yalnız öz işi ilə məşğul idi.
Qurban Yaquboğlu: Film ətrafında, xüsusilə aktyor seçimi ilə bağlı çox müzakirələr getdi. Əli obrazı ilə əlaqədar müxtəlif fikirlər söyləndi. Filmdən nə gözləmək olar?
- “Əli obrazında çəkilən aktyor ona oxşayır, yoxsa yox” tipli söz-söhbətlər, narahatlıqlar çox olacaq. Amma mən o mövqeni müdafiə edirəm ki, bu əsəri dünya miqyasına tanıtdırmaq, dünya çapına çatdırmaq üçün məhz bu səviyyədə iş görülməli idi. Ona görə yox ki, mən bu filmdə işləmişəm. Sadəcə hər şeyə Azərbaycanın-məmləkətimizin dünya miqyasında təqdim olunması baxımından yanaşmağı bacarmaq lazımdır. İstənilən mövzuya qlobal yanaşsaq, bu xırda söhbətlər çözülüb gedəcək. Bu dəqiqə bizim üçün ən vacib məqam Azərbaycan, məmləkət, cümhuriyyət naminə iş görməkdir. Avropa Oyunları ilə, böyük layihələrlə, filmlərlə, sənət əsərləri ilə buna nail olmaq lazımdır. O zaman məsələlərə məhəlli mövqeyindən yanaşmayacağıq.
Q.Yaquboğlu: “Mahmud və Məryəm” filmi çəkiləndə böyük səs-küy yaranmışdı, amma gözlənilən qədər uğurlu film alınmadı. “Mahmud və Məryəm”lə bağlı narahatlıq “Əli və Nino” filmi ilə əlaqədar da səslənir.
- “Mahmud və Məryəm” filmi Türkiyə və Azərbaycanın birgə məhsulu idi. Bundan xəbərim var. Mən bu filmdə işləməmişəm, amma əsəri, təbii ki oxumuşam, hesab edirəm ki, dünya ədəbiyyatı səviyyəsində olan əsərdir. “Əli və Nino”ya gəlincə, bu layihə daha çox dünya çapına nəzərdə tutulub. Filmin prodüserləri düşünülmüş şəkildə çəkiliş qrupuna dünyanın müxtəlif ölkələrindən sənət adamlarını cəlb ediblər: İspaniya, Mərakeş, İran, Türkiyə, İtaliya, ABŞ və s. İnternasional heyətin yığılması ilə biz ölkə olaraq öz beynəlmiləlçi, insansevər və sülhpərvər ənənələrimizi bir daha təsdiqləmişik. Sonda filmin özünə baxanda qənaətlərimiz olacaq. Müxtəlif şəxsi, obyektiv və subyektiv fikirlər də səslənə bilər. Amma hesab edirəm ki, bu layihənin baş tutması artıq özü böyük bir uğurdur.
Aqil Lətifov: Film qarşısına qoyduğu məqsədə çata biləcəkmi? Peşəkar olaraq nəticəni uğurlu görürsünüz?
- Hesablanan nəticələrə çata biləcək.
N.Muradova: Belə fikir var ki, deyirlər, yaxşı film üçün yüksək vəsait xərclənməlidir. Əks mövqe isə belədir: keyfiyyət məsələsində maliyyə o qədər də önəmli deyil. Bu işin içində olan bir insan kimi necə düşünürsünüz, kiçik vəsaitlə çəkilən filmlər Azərbaycanı dünyada necə təmsil edə bilər? Məsələn, çəkildiyiniz “Axınla aşağı” filmi kifayət qədər festivallarda iştirak etdi. Hər halda onun uğurları haqda bizdən daha çox məlumatlısınız.
- Filmin yaxşı alınması isə ilk növbədə niyyətdən asılıdır. Elə layihə və ya film olur ki, həqiqətən, böyük məbləğ tələb edir. Çünki onun qrafikası, kostyumları var. Məsələn, “Əli və Nino” tarixi əsərdir, orada qrafika, kostyumlar var. İstiqlaliyyət küçəsində qurulan dekorasiyaların hamısı maliyyə tələb edirdi. Əsas olan istədiyin ideya və fikri ortaya qoymaqdır. Dünya miqyasında çox nümunələr var ki, rejissorlar kiçik məbləğlə filmlər çəkiblər. Bunlar daha çox art-house filmləridir. Qırğızıstanın kinosu son 6-7 il ərzində böyük sıçrayışla irəlilədi. Hansısa ölkəyə baxıb ondan nümunə götürmək olar, amma kino elə sahədir ki, onu həmin ölkənin tələbatına uyğunlaşdırmaq lazımdır. Kino pul gətirməlidir, belə olan halda tamaşaçının tələbatını nəzərə almaq lazımdır. Bizdə kinoteatrlar üçün filmlər çəkilməyə başladı. Təbii ki, peşəkarlıq baxımından çox aşağı səviyyədədir, amma tamaşaçı onlara baxmağa gedir. Tamaşaçı bir müddətdən sonra o filmlərə baxmayacaq, daha keyfiyyətli film tələb edəcək. Komediya filmlərinə tələbat daha çoxdur. Psixoloji məqamı anlamaq lazımdır ki, tamaşaçı niyə komediyaya gedir? Sosial yaşam durumu o qədər sıxıcıdır ki, onlar emosional açılış, gülmək istəyir. Diqqət edirsən, gülməli bir şey deyil, amma gülürlər, çünki içəridən tələbat var. Tələbat ağlamağadı, tamaşaçı ya gülsün, ya da ağlasın. Nəyisə anlamaq, düşünmək istəmirlər. Demirəm, bütün tamaşaçılar belədir. Bizim intellektual, düşünən insanlarımız çoxdur. Kütlə psixologiyası tamamilə başqa şeyi diktə edir. Düzdür, kütlə sözündən acığım gəlir, çünki hər bir insan fərddir.
N.Qurbanova: İnsanların bu maraqlarını necə həzm edirsiniz? Mədəniyyətin bu səviyyəyə gəlib çatması Sizə necə təsir edir?
- Normal qəbul edirəm. Çünki hər bir insan öz-özlüyündə şəxsiyyətdir. Durub bir yerdə restorana getsək, hər kəs öz mədəsinə uyğun yemək sifariş edəcək. “Sən niyə plov, yaxud balıq yedin” deyə bilməzsən. Mədəniyyət baxımından da belədir. Kiminsə başqasının zövqünə müdaxilə etməyə, onu qınamağa, nədəsə ittiham etməyə ixtiyarı yoxdur. Sadəcə, çox mədəni şəkildə nəyisə təqdim edə bilərik: bax, belə şey də var.
A.Lətifov: Bizdə kino industriyası düzgün yönə istiqamətlənib?
- Düzgün və ya yanlış istiqamətdə olduğunu qiymətləndirə bilmərik. Mən bir yaradıcı insan kimi baş verən prosesləri qəbul etməyə bilərəm. Amma cəmiyyətin bir vətəndaşı kimi anlayıram ki, nə baş verirsə, o cür də baş verməlidir. Yaradıcılıq baxımından hər bir janr və üslubda əsərlər olmalıdır. Problemlər bədii əsərlərin musiqi, ədəbiyyat, kino və teatr baxımından hər bir janrda olmamağından irəli gəlir. Bizdə hər şey ya ağdır, ya da qara. Amma rəngarənglik olsa, hər kəs öz istədiyini seçər və ona doğru gedər. Hamının zövqü eyni olmadığına görə seçimlər başlayır, deyir, mən bunu yox, başqa şey istəyirəm, amma istədiyim də yoxdur, ona görə də olan şeyi pisləyirəm.
N.Qurbanova: Xarakteriniz mürəkkəbdir?
- Bu sualı mənə çox tez-tez verirlər. Hər müsahibədə mənə bu sual ünvanlanır, hətta mənimlə hər tanış olan insan bu sualı verir. İnsan psixologiyasında belə bir şey var: ona qarşı hücuma keçəndə, o, özünü müdafiəyə başlayır. İnsan özünə necə dəyər verə bilər? Fikrimcə, nə qədər ki, insan sağdır, onun haqqında hər hansı qənaəti demək düzgün deyil.
Q.Yaquboğlu: Sizin özünüzə münasibətiniz də var, bilirsiniz ki, kimsiniz...
- Özümə münasibətim çox yaxşıdır.
A.Lətifov: Filmlərdə, tamaşalarda çox peşəkar aktrisasınız, həyatda heç oyun oynayırsınız?
- Elə bir insan yoxdur ki, həyatda oyun oynamasın. Bu sual daha çox aktyorlara verilir, çünki düşünürlər ki, aktyorsansa, deməli, həyatda da oynayırsan. Siz özünüz masa ətrafında əyləşib məndən müsahibə götürən jurnalist rolunu oynayırsınız, mən də müsahibə verən və 5 nəfərə qarşı müqavimətdə olan bir insan rolunu oynayıram (gülür). Aktyorlar başqa insanlardan fərqli olaraq oynamaqlarını dərk edirlər. İnsan hər zaman oynayır. İnsan bilirsiniz nə zaman oynamır? İfadəmə görə üzr istəyirəm, insan rahatlıq otağında tək olanda oynamır. Hətta liftdə olanda güzgünü görəndə insan özü-özü ilə oynamağa başlayır. Şekspir dahidir, o deyib ki, həyat teatrdır, bütün insanlar da aktyordur. Söhbət kimin öz rolunu yaxşı və yaxud pis oynamasından gedir.
A.Lətifov: Bəs, Siz necə oynayırsınız?
- Mən çox gözəl oynayıram, çünki çox yaxşı aktrisayam.
“İlk filmimdə jurnalist qız obrazında çəkilmişəm”
N.Muradova: Səhv etmirəmsə, ilk filminiz “Məkanın melodiyası” filmidir.
- Yox, ilk çəkildiyim film Gülbəniz Əzimzadənin “Ümid” filmi olub. Orada jurnalist qız obrazında çəkilmişəm.
N.Qurbanova: İndi sazda ifa edirsiniz? Sizin oxuduğunuz “Yağış” mahnınızı çox bəyənirəm...
- Bəzi tədbirlərdə ifa edirəm. Mən Füzulinin, Nəsiminin qəzəllərini, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Vaqif Bayatlının, Nazim Hikmətin, Yunus İmrənin, Aşıq Veysəlin əsərlərinə, yəni, iç dünyamı təzahür edən şeirlərə musiqi düzüb-qoşub oxuyuram. Buna musiqi də demək olmaz, melodiklomasiya şəklində ifa edirəm. Bu, musiqiçi ifası deyil, sadəcə olaraq hesab edirəm ki, bu, dramatik aktyorun bacarmalı olduğu işdir.
N.Muradova: “Yuğ” teatrından gedəndə Vaqif İbrahimoğlu Sizdən incimədi ki?
- İncidi. 2000-ci ildə “İbrus” teatrı açılanda Vaqif müəllimin xeyir-duası ilə o teatra getdim. Özü təkid etdi ki, get, böyümək, geniş miqyasa çıxmaq lazımdır. 2005-ci ildə Vaqif müəllim bir tamaşa hazırlayası idi, dedi ki, istəyirəm bu tamaşada məşq edəsən. Həmin aralarda çox sıx rejimim vardı, bir az da məişət gərginliyi yaşayırdım. Məişət problemlərindən danışmağı sevmirəm. O məqamda həyat məni sıxırdı, Vaqif müəllimə problemlərim barədə heç bir söz demədim, sadəcə olaraq bildirdim ki, bu an imkanım olmayacaq. Problemlərim barədə danışmağı özümə yaraşdırmadım, o da məndən küsdü. Çox kövrək insan idi, o imtina etməyimin səbəbini bilmədi. Dedi ki, onda ərizəni yaz get. Göz yaşları içində dedim ki, yaxşı, deyirsinizsə, gedim, çünki başqa çıxış yolum yox idi.
N.Muradova: Sonra görüşüb səbəbini izah etmədiniz? Hər şey elə də bitdi?
- Yox, izah etmədim, hər şey o cür bitdi.
N.Muradova: Nə əcəb halallıq almadınız?
- Yox, halallığımı almışdım. Təkbətək görüşüb danışmışdım, yəqin, ruhu indi bu barədə danışmağa icazə verər, dedim ki, Vaqif müəllim, məmləkətim Azərbaycandır. Anam, atam filankəsdir, ustadım Sizsiniz. Harada olsam da, bu üç şeyi poza bilmərəm. Ona görə mənim üçün nə etmisinizsə, nə öyrətmisinizsə, haqqınızı halal edin. Dedi ki, halalın olsun!
Q.Yaquboğlu: Həyata keçməmiş və ya reallaşmasına ümidiniz az olduğu şəxsi və ya yaradıcı arzularınız varmı?
- Bir arzum var, yenidən dünyaya gəlmək istəyirəm (gülür).
N.Qurbanova: Hər kəs noyabrın 1-də keçirilən parlament seçkiləri barədə danışır. Nə vaxtsa deputat olmaq, siyasi dairədə təmsil olunmaq kimi istəyiniz olub?
- Siyasətlə maraqlanmıram, bu haqda heç vaxt düşünməmişəm. İndiyədək marağımda olmayıb. Bu barədə düşünərəm, maraqlı təklifdir (gülür).
“Şəxsi həyat sirr olaraq qalmalıdır”
A.Lətifov: Şəxsi həyatınızı sirr saxlayırsınız, bunun səbəbi nədir?
- Şəxsi həyat sirr olaraq qalmalıdır. İnsanın bir sirri olmalıdır, ya yox?!
N.Muradova: Üzdə olan insanların həyatı həmişə maraqlı olur. Xoşbəxt qadınsınız?
- Xoşbəxtlik nisbi bir şeydir. Məsələn, tamaşanı oynayıb pərdə arxasına gəlirsən, xoşbəxtlik hissini yaşayırsan, xarici ölkəyə gedəndə brend dükanın qarşısından keçirsən, cibində pulun yoxdursa, onda olursan bədbəxt (gülür).
“Məni bu həyata bağlayan ən böyük hiss eşqdir”
N.Qurbanova: “Sirr” serialında çox maraqlı hissə var, serial boyunca yalnız bircə dəfə titrək səslə “Səni sevirəm” deyirsiniz. Həyatda titrək səslə o sözü kiməsə demisiniz?
- Məni bu həyatda yaşadan və ona bağlayan ən böyük hiss eşqdir. Sevginin obyektləri fərqli ola bilər, yəni, ana, vətən, sevgili, övlad, amma insanın qəlbində olan sevgi birdir. Sevgi insanı yaşadan qüvvədir. Sənin çiçəyi, yoxsa telefonu sevdiyin vacib deyil. Mənim zənnimcə, insan dərk edəndə o zaman ona hər şey daha aydın və rahat olur. İnsan üçün ən vacib olan onun özünün sevgi hissidir. Obyekt önəmli deyil.
N.Qurbanova: Qadın hökmən ailə qurmalıdır?
- Mən hər hansı “eləməlidir, yaxud etməməlidir” formulasını qəbul etmirəm. İnsan həyatda nəyi istəyirsə, onu da edir. Ailə həyatı böyük məsuliyyət, diqqət tələb edir. Kim bu məsuliyyəti boynuna götürməyə hazır olursa, o yükün altına girir, hazır olmayanlar isə hələ hazırlaşırlar!
N.Qurbanova: Amma o sevgini yaşamısınız?
- Sevgini indi də yaşayıram.
Q.Yaquboğlu: İlk dəfə nə vaxt sevmisiniz?
- Dəqiq yadımda deyil. 1-ci sinifdə.
“Ən böyük sevgi insanın məhz ahıl yaşında olan sevgisidir”
N.Qurbanova: Hər yaşdakı münasibətimizin adını sevgi qoymuşuq. Məncə, 13-14 yaşdakı sevgi bir başqa şeydir, 30-40 yaşındakı sevgi bir başqa şey...
- Hesab edirəm ki, ən böyük sevgi insanın məhz ahıl yaşında olan sevgisidir.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD