2 İyul 2014 20:40
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Ukraynada birtərəfli atəşkəsin bitməsinə münasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, Ağ Evin mətbuat katibinin müavini Mari Harf çıxış edərək, ABŞ-ın Ukrayna hökumətini dəstəklədiyini deyib.

“Biz Ukrayna hökumətinin qərarını dəstəkləyirik. Atəşkəsin qorunub saxlanılması üçün iki tərəfin istəyi olmalıdır. Hökumət tərəfi verdiyi sözə əməl etsə də, ikinci tərəf təxribatlarla məşğul idi. Ukrayna hökuməti öz ölkəsini qorumalı, müdafiə etməlidir. Bu, onun hüququdur. Dövlət katibi Con Kerri ilə danışıqlar zamanı Poroşenko bildirib ki, sülhü bərqərar etmək onun birbaşa vəzifəsidir. Lakin sülh planının reallaşması üçün iki tərəfin istəyi və razılığı olmalıdır”, - deyə Harf bildirib.

Ukraynalı qaçqınların Rusiya tərəfə keçməsi mövzusuna gəlincə, Harf xatırladıb ki, münaqişənin kəskinləşməsinin məsuliyyəti məhz rusiyameyilli separatçıların üzərindədir.

“Separatçılar qətllər törədənə qədər hər şey yaxşı idi. Qaçqınların sayına gəlincə, bu rəqəmlər məhz Rusiya tərəfindən təqdim olunur. Bəzi mənbələr bu rəqəmin 100 minə çatdığını deyirlər. Lakin mənbələrin etibarlılığı şübhə doğurur”, - deyə o, bildirib.

Harf xatırladıb ki, BMT-nin qaçqınlarla iş üzrə agentliyi bu rəqəmi təkzib edir. “Söhbət sadəcə, sərhədi keçən insanlardan gedir. Ola bilər ki, onların əksəriyyəti Ukraynanı sadəcə, müvəqqəti tərk ediblər. Rəsmən qaçqın statusu almaq üçün müraciət edənlər isə cəmi 9500 nəfərdir”.

Ülviyyə


Müəllif: