Suriyanın silahlı müxalifətinin nəzarətə götürdüyü ərazilərin miqyası 700 kvadrat kilometri keçib.
Teleqraf.com xəbər verir ki, bunu Suriya müxalifətinin “Əhrar əş-Şam“ hərəkatı komandirinin müavini Əbu Məhəmməd Əhməd əl-Dəlati “Yeni Şafak”a deyib.
“Əsəd rejiminin süqutunun zamanıdır. Birliyimizi təmin edən ədalətli dövlət qurmağın vaxtıdır”, - Dəlati belə söyləyib.
Suriyalı müxalif bölgədə YPG/PKK terror təşkilatına sığınacaq verməyəcəklərini də dilə gətirib:
“Hələb və İdlib azad edilib. Beynəlxalq yollar, strateji obyektlər, dövlət idarə və qurumları nəzarətə götürülüb, işğaldan azad edilən ərazilər indiyədək 700 kvadrat kilometri keçib. Qəsəbələrin sayı 150-dən çoxdur. Həmanın şimal çöllərindəyik, oranı azad etmək üçün əməliyyatımız davam edir. Hələbdə YPG/PKK-nın nəzarətində olan Şeyx Maqsud və Əşrəfiyyə rayonları da mühasirəyə alınıb”.
Hazırda Suriya müxalifətinin əsas hədəfinin Həma vilayəti olduğu bildirilir. Müxalif qruplar artıq vilayətin 16 yaşayış məntəqəsini ələ keçiriblər. Həma şəhər mərkəzinə yaxın İranın dəstəklədiyi qrupların yerləşdikləri ərazilər də hədəfə alınıb.