28 noyabr – 1 dekabr 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarından 50-yə yaxın karate klubu olmaqla 650-dən çox idmançı əzmkar mübarizə aparıb.
Yarışda iştirak edən FHN-in uşaq, yeniyetmə, gənc, böyüklər və parakarateçilərdən ibarət karate komandasının üzvləri kumite və kata yarışlarında məşqçi müəllimlər Coşqun Sadıqov, Rafael Məmmədov, Akif Kərimov və Xəyal Məmmədovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.
Belə ki, FHN-in karate komandasının idmançıları (12-13 yaş-40 kq) Ramazan Mustafazadə və Cavid Hacıyev bürünc medal, (12-13 yaş-42 kq) Ayşənur Cəfərli bürünc, (12-13 yaş-45 kq) Toğrul Fətəlizadə gümüş, Murad Əhmədzadə bürünc medal qazanıblar. Komandanın digər üzvləri 16-17 yaş kateqoriyası üzrə -52 kq çəki dərəcəsində Əli Səfərov və -53 kq çəki dərəcəsində Fatma Hacıyeva bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib çıxıblar. Cahangir Qayıbov isə -76 kq çəki dərəcəsində gümüş medala yiyələnib. Kata üzrə yarışda isə Samirə Məmmədova qızıl medala yiyələnib. Bundan əlavə, 18-21 yaş kateqoriyası üzrə -84 kq çəki dərəcəsində Nihad Kərimzadə qızıl, -75 kq çəki dərəcəsində Nicat Kərimli, +84 kq çəki dərəcəsində Yavərbəy Abdullayev, -75 kq çəki dərəcəsində Nicat Hacılı və -50 kq çəki dərəcəsində Azərin Nəcəfova bürünc medalın sahibi olublar. Şəxsi kata yarışlarında 12-13 yaş kateqoriyası üzrə komanda üzvləri Elcan Sultanov gümüş, parakarateçilər arasında isə Nihad Məmmədzadə qızıl, Eldar Əhmədov isə gümüş medal qazanıblar. Böyüklər arasında keçirilən kumite yarışında Nicat Kərimli gümüş, kata yarışında isə Samirə Məmmədova qızıl medala yiyələnib. Ümumilikdə isə FHN-in karate komandasının üzvləri 6 qızıl, 5 gümüş və 8 bürünc medal qazanmaqla medal sayına görə siyahıda altıncı yerə yüksəliblər.
Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.