Azərbaycanda fəaliyyət göstərən bəzi qərb ölkələrinin səfirlikləri əvvələr də ölkəmizin daxili ilşərinə qarışmağa bu və ya digər məsələlərə təsir etməyə çalışırdılar. Bir vaxtlar onlar bəzi radikal müxalifət partiyalarını, onların ətrafında olan qeyri-hökumət təşkilatlarını (QHT) maliyyələşdirirdilər. Azərbaycanda seçkilərə, ictimai fikrin formalaşmasına özlərinə sərf edən formada təsir etməyə çalışırdılar. İctimai İştirakçılıq Haqqında Qanun qəbul edildikdən sonra isə onlar bu istiqamətə diqqət yetirməyə başlayıb. Dövlət orqanları, ali məktəblər yanında ictimai şuraların yaradılması, orada ictimaiyyət nümayəndələrinin təmsil olunması həmin səfirliklərin fəaliyyətində yeni bir istiqamət açıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
“Dərk etdilər ki, ictimai şuralar vasitəsi ilə ali məktəblərdəki proseslərə, nazirliklərin fəaliyyətinə ictimai qiymət verilməsinə təsir edə bilirlər. Bunu da təsir altına aldıqları şəxslərlə etmək mümkündür”, - deyə o əlavə edib.
Millət vəkili bildirib ki, ictimai şuraların müəyyən bir hissəsi qanuna zidd olaraq rəhbər şəxslərin sərəncamı ilə formalaşdırılır:
“Sözsüz ki, bu düzgün deyil. Bu, qanundakı boşluqla bağlıdır. Bir insan birdən çox ictimai şuralarda yer ala bilir. Sanki onun “işi” ancaq təhsilə və yaxud hansısa nazirliyin fəaliyyətinə “prokuror” nəzarəti həyata keçirməkdən ibarətdir. Ona görə də qanundakı həmin boşluq aradan qaldırılmalıdır”.
Aydın Mirzəzadə hesab edir ki, ictimai şuralara seçilmək heç də ömürlük olmalı deyil:
“Qanunlara zidd, statusdan kənar bəyanatlar və hərəkətlər aşkar olunarsa, həmin şəxsin fəaliyyətinə avtomatik xitam verilməlidir. Amma bütün inzibati tədbirlərlə yanaşı Azərbaycan vətəndaşı ilk növbədə ölkəsinin yanında durmalıdır. Heç bir vətəndaş hansısa səfirliyin göstərdiyi yerdə olmalı deyil. O bahalı maşına yox, Azərbaycan dövlətinin müstəqil olmasına, hüquqlarımızın qorunmasına xidmət etməlidir. Bu cür “hədiyyələrlə” özünü satmaq müstəqilliyimizə, xalqımızın yüz illərdən bəri gələn istəyinə qarşı çıxmaqdır. Görünən isə odur ki, burada düşünüləsi, qərar qəbul ediləsi xeyli məsələ var. Bu məsələlərin bir hissəsinin parlamentdə müzakirə edilməsinə də ehtiyac yaranır”.