Xəbər verdiyimiz kimi noyabrın 30-dan “Bakı Metropoliteni”nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Stansiyada təmir işləri il yarım-iki il davam edəcək.
Təmirə hansı zərurətdən ehtiyac yarandığı barədə Metropolitendən Teleqraf.com-a açıqlama verilib.
Metropolitendən bildirilib ki, 1981-1987-ci illərdə mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə stansiyanın inşası aqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb:
“Sonrakı illərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətində kəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasına səbəb olub. Araşdırma və təhlillərdən belə nəticəyə gəlinib ki, konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətini itirdiyi üçün 20 ildən artıq istismar dövrü və qrunt suları stansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsiz ötüşməyib”.
Qurumdan bildirilib ki, təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək:
“Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq. Təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq”.