Almaniyanın “Der Spiegel” qəzeti Suriyadakı hadisələrlə bağlı təhlilində Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın roluna diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, nəşr Qərbin bu mövzuda Türkiyəyə ehtiyacının olduğunu vurğulayıb.
Məqalədə ABŞ və Avropa İttifaqına (Aİ) Türkiyə lideri üzərindən müharibə tərəflərinə təsir göstərmək çağırışı edilib:
“Avropalılar və amerikalılar Prezident Ərdoğan vasitəsilə müharibədə olan tərəflərə təsir göstərməyə çalışmalıdırlar”.
Təhlildə Qərbin müharibəyə təsir rıçaqlarının olmadığı, 2012-ci ildə Bəşər Əsəd rejiminin Homs vilayətində kimyəvi silah tətbiqinə müdaxilə etmədiyi üçün təsir imkanlarını itirdiyi xatırladılıb.
Alman nəşri Suriyanın gələcəyi ilə bağlı diqqətçəkən bir proqnoz da verib:
“Suriyanın gələcəyini İran və Rusiya yox, Türkiyə müəyyən edir.
Əgər Qərb suriyalılara kömək etmək istəyirsə, Prezident Ərdoğana təsir göstərməyə çalışmalıdır. Qərb öz-özünü zəiflədib. Ərdoğan əvvəldən müxalifəti dəstəkləyib. Aİ və ABŞ Ərdoğanla görüşməlidir”.