6 Dekabr 17:53
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi Çini öz məhsullarını alternativ yollarla Avropa bazarlarına daşımağa məcbur edib. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən keçən Orta dəhliz nəqliyyat yolu buna görə Çin üçün əhəmiyyətlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Pekinin önəm verdiyi digər layihələrdən biri Çin-Pakistan iqtisadi dəhlizidir (CPEC):

“Bu layihənin əsası Çin lideri Si Cinpinin 2015-ci ildə Pakistana səfəri zaman qoyulub. Çin layihənin tərkib hissəsi kimi Pakistanın Qvadar limanını 43 illiyinə icarəyə götürüb. Qvadarın Hörmüz boğazına çıxış imkanı var. Bu liman Çinin İpək Yolu layihəsinin tərkib hissələrindən biridir. Çin limanı inşa edərək, birbaşa idarə edir.

Bu marşrut Çinə Cənubi Asiya, Yaxın Şərq və Mərkəzi Asiya bazarlarına çıxış imkanı verməklə yanaşı, səyahət vaxtını əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır. Bu, Çin üçün ticarət yollarını qısaldacaq və Malayziya ilə Sumatra arasında Hind və Sakit okeanları birləşdirən dar su yolu olan mübahisəli Malaqqa boğazının boğulma nöqtəsindən qurtulmağa kömək etməlidir.

Son 10 ildə yol şəbəkələri, elektrik stansiyaları və Qvadar da daxil olmaqla, digər infrastruktur layihələrinin tikintisinə 25 milyard dollardan çox xərclənib. Pakistanın cənub-qərbindəki Qvadar limanının yerləşdiyi Bəlucistan əyaləti neft, kömür və qızıl da daxil olmaqla, təbii ehtiyatlarla zəngindir. Çin limana nəqliyyat yollarının tikintisini planlaşdırır. Nəqliyyat yolları Çinin Sincan bölgəsinə birləşdirilməlidir. Bundan əlavə, Çin sahil şəhərində beynəlxalq hava limanı tikir”.

Materialda vurğulanır ki, Çinin layihələrə xərclədiyi pullar yekunda öz şirkətlərinə qalır:

“Bu da Pakistanda narazılıq yaradır. Pekin yatırım qoyduğu digər ölkələrdə də eyni prinsiplə çalışır, əsas gəlir layihələri reallaşdıran Çin şirkətləri və çinli işçilərə qalır. Digər problem Qvadarın yerləşdiyi Bəlucistanda separatçıların fəaliyyətləridir.

Separatçı “Bəlucistan Azadlıq Ordusu” layihənin tam gücüylə işləməsinə mane olur. Separatçılar dövlət binaları, polis postları və layihədə çalışan Çin vətəndaşlarına hücumlar edirlər. Hücumlar nəticəsində ölən və yaralananlar olur. Bu hücumlar yerli separatçıların Çin rəsmilərinə ünvanlanan təhdidləri ilə müşayiət edilir, Pekin hücumların davam edəcəyi halda layihənin maliyyələşməsinin çətinliyi barədə açıqlamalar verib. Halbuki Qvadarın Cənubi Asiyanın “ikinci Dubay”ına çevriləcəyinə dair açıqlamalar var. Bunun reallaşması üçün Qvadardan yükdaşımaları və limana gələn gəmilərin sayı artmalıdır.

CPEC-in yeni mərhələsi 2022-ci ildə elan edilib, gündəmdə 2030-cu ilə qədər təxmini dəyəri 35 milyard dollar olan 63 yeni plan var. Bunların reallaşması üçün limanın yerləşdiyi məkanın təhlükəsizliyi də təmin olunmalıdır. Ona görə də istisna deyil ki, Pakistan bəluc separatçılarıyla mübarizəni genişləndirsin. Bu ilin yanvarında separatçılar Pakistanla İran arasında gərginliyə səbəb olmuşdu. İslamabad yanvarın 18-də İranın bir gün əvvəl Pakistana raket hücumuna cavab vermişdi. Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan-Bəlucistan əyalətinin Seravan şəhərində terrorçuların mövqelərinə zərbələr endirmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər