Ölkənin Baş Prokurorluğu Rumıniyada keçirilən prezident seçkilərinə kütləvi müdaxilə ilə bağlı iki cinayət işi açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Digi24" telekanalı məlumat yayıb.
“Prezident seçkilərinə müdaxilə ilə bağlı iki cinayət işi açılıb. Bu, seçicilərə təsir etmək üçün internetdə minlərlə saxta hesabın yaradılmasını göstərən sənədlərin məxfilikdən çıxarılmasından sonra mümkün olub”, – məlumatda deyilir.
Prokurorluq qeyd edib ki, söhbət ölkədə əvvəllər rast gəlinməyən yeni cinayət növündən gedir.
“Paralel araşdırmaların bir hissəsi olaraq prokurorluq həmçinin mümkün iqtisadi cinayətləri, çirkli pulların yuyulmasını və seçicilərə rüşvət vermək cəhdlərini də yoxlayır”, - kanal qeyd edib.