Ötən gecə Tbilsidə keçirilmiş etiraz aksiyasında 48 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Həmin şəxslər xırda xuliqanlıq əməlləri törədib və polisin qanuni tələblərinə tabe olmayıblar.
Qeyd olunub ki, bəzi aksiya iştirakçılarının hərəkətləri zorakı xarakter alıb. Ağaca bağlanmış pirotexniki vasitə DİN əməkdaşlarının tərəfinə buraxılıb, polislər şifahi təhqirlərə məruz qalıb, onlara daş parçaları və digər ağır əşyalar atılıb.
Nazirlikdən həmçinin bildirilib ki, istintaq tədbirləri nəticəsində qrup halında zorakılıqda iştirakda ittiham edilən daha iki nəfər saxlanılıb. Onlardan biri xarici ölkə vətəndaşıdır.