8 Dekabr 14:01
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada yeni mərhələ başlayır, Bəşər Əsəd rejiminin devrilməsi hələ bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Əsəd rejiminin devrilməsində əsas rolu şübhəsiz “Heyət Təhrir əş-Şam” (HTŞ) oynadı:

"Ancaq Suriyada fərqli silahlı qruplar var, PKK-ya bağlı olanlar fürsətdən istifadə edib, nəzarət etdikləri əraziləri genişləndirməyə çalışacaqlar. Belə olan halda, HTŞ ölkənin bütövlüyü naminə PKK ilə savaşa girişəcəkmi? Hələlik iki qrup arasında razılaşmanın olduğu görüntüsü var. HTŞ paytaxta doğru irəlilədikcə, digər silahlı qüvvələr də fərqli istiqamətlərdə müxtəlif əraziləri nəzarətə götürüblər.

Suriyada müxtəlif dinlər və məzhəblərin ortaq məxrəcə gələrək hamının dəstəklədiyi hakimiyyət formalaşdırması bu ölkə üçün ən ideal variantdır. Ancaq təəssüf ki, biz hər zaman Yaxın Şərqdə fərqli örnəklərin şahidi olmuşuq. Suriya üçün ən pisi odur ki, bu ölkədə müxtəlif dövlətlərin maraqları kəsişir. Böyük oyunçular Suriyada pay sahibi olmağa çalışacaqlar. Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir".

Elxan Şahinoğlu başqa bir məqama da diqqət çəkib:

"İran şahı 1979-cu ildə ölkədən qaçanda heç bir ölkə, o cümlədən ağası ABŞ ona bir müddət sığınacaq vermək istəmirdi. Şahın təyyarəsi az qala enməyə hava limanı tapmırdı, onu qəbul etmək istəmirdilər. Vəziyyəti mürəkkəbləşdirən şahın xərçəng xəstəliyinin ağırlaşmasıydı, ona təcili tibbi yardım lazım idi.

Vaşinqton şaha ona görə sığınacaq vermək istəmirdi ki, İrandakı yeni rejimi qıcıqlandırmaq istəmirdi. Şah müvəqqəti Misirdə qərar tutdu, orada da öldü. Şah ölməmişdən əvvəl ona qısa müddətə ABŞ-da müalicə almasına icazə verildi. Vaşinqton İrandakı yeni rejimlə dil tapmayacağını anladıqdan sonra şahın ailəsinə ABŞ-a köçməyə icazə verdi.

Bəşər Əsəd üçün də sığınacaq tapmaq asan olmayacaq. Sığınacaq yeri kimi Əsədin müttəfiqləri Rusiya və İranın adı çəkilir. Moskva Əsədə sığınacaq versə, Suriyadakı iki hərbi bazasını qorumaq çətin olacaq. Çünki, Suriyadakı yeni rejim Əsədi geri istəyəcək, Rusiya isə bu ölkədəki hərbi bazaların fəaliyyətini davam etdirmək istəyir.

Tehran üçün də çətindir. İrandakı rejim vaxtilə zalım şahı ABŞ və Misirdən geri qaytarmağı tələb edir, onun mühakimə olunmasını istəyirdi. İndi Əsəd İranda sığınacaq tapacaqsa, eynilə Suriyadakı rejim də Əsədin mühakimə olunması məqsədilə onu Tehrandan tələb edəcək".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər