7 Yanvar 18:51
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, istintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlu vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.

Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər