13 Avqust 2017 12:46
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc şair Ruzbeh Məmmədin şeirlərini təqdim edir.

***

susuz qalmış torpaq üstən

incik quşlar uçub gedər

daha payıza nə qaldı ki...

yaxşısın sənə mən deyim

qulağını dodağıma sıx

payız olsun, qış olsun

darıxmaq eyni şeydi

səni kim atdı, uşağım

bu xarabalıq ömürə

yalan dediyim yerdən

gəl ordan tanış olaq

onda payız neyləyər

onda bu payız ömürə.

... və səndən başqa

bu boyda heçsizliyi hara sığışdırasan,

bu boyda bədəni kimə bağışlayasan..

gecənin harasında yox olsan eynidi, qızım,

eynidi bu başı batmış itmək..

deyirlər xoşbəxtsən, səni bütün qadınlar sevir

sən də məni sevirsənmi, qızım...

sevirsənmi yerə çırpılmış adamı

yazdığım şeirlərə yazığın gəlirmi

dünən bir şer yazıb, oxudum,

hüzünləndi qapımız

kövrəkcəsinə açılanda bildim.

bildimki çox insafsızam

mənim insafsız olduğumu bilirsənmi, qızım...

sənə yoluxmağım da saflığımdan idi

oysa səni ölürcəsinə unutmaq istəməzdim

istəməzdim sənə məişət sevgisindən yazım

deyim ki, sən adlı heç nəyimiz qalmayıb

izdihamlı şəhərin qutaracağısan,

tanımıram ünvanını, bildiyim yer əllərin idi

deyəcəkdim,

əllərini göndər gəlim səni tapım deyə

bizim ayrılığımız hansı yaza düşmüşdü

keçən ilmi, bu ilmi?

səni xatırlamaq istiyirəm boş və kimsəsiz,

boz çöllüklərdə, qızım

mənim üçün azadsızlıq idin.

azad şəhər, azad qadın, azad ölüm

və sən olduğunda heç bir qadına baxmamışdım

bircə bir ifritəyə şer yazmışdım,

səni qısqandırmaq istədiyimdən

indilərdə məni qısqanırsanmı, qızım

məni unudursanmı əllərinlə.

məni unudursanmı dodaqlarınla

heç də asan deyil

əllərini öləsizləşdirmək

dodaqlarını boyasızlaşdırmaq

köynəyimdən, pinti şalvarımdan tanıyırlar məni

səndən sonra adiləşdim bu sovxa gözlərimdə

indi sən də tanımazlardan gəlsən inanaram

yamanca sıxılmışam qərarsızlaşmışam.

ölürcəsinə səni unutmaqdayam, qızım

istəməzdim sənə məişət sevgisindən yazım

deyim ki, sən adlı heç nəyimiz qalmayıb.

deyim ki, indi uzaqdan darıxıram

eheey, səsimi eşitmə,

səni belə xatırlamaq istəyirəm

bir də heç yerdən...

hərdən tanış yollarda azarsan

sağa dönən küçə düz başacan ölüm prospekti.
gecəyarısı ağcaqanad susayar qanına,

gündüzlər heç vaxt arzu etmədiklərin
susmaq və danışmaq kifayət deyil təkcə
möhtəşəmcəsinə ölmək varsa...

bil ki, heç vaxt səni arzu etməmişdim,

mən fərqli heç nəyi sevmirəm biləsən
səni tanıyanda sevindim, bilirdim şimal küləyisən

bildim gedərkən deyəcəksən üşüdünsə bağışla

ünvanını itirmiş adama yol göstərən çox olur

sənin göstərdiyin yoldan azmaq istəyirəm

heç nə demiyəcəkdim bircə məni unutma
yenidən qarşılaşsaq

tanış olmağa ayrı vaxtın getməsin

belə olmur, hələ də tərk etmədiyin

yerin qalıb bədənimdə,

qayıt bir də tərk elə
onsuz da bütün gedişləri öyrənmişəm,

sən getməklə məni cəzalandıra bilməzsən

hər gün biz neçə dəfə qarşılaşırıq

bədənində heç saymısan?

sənə hər dəfəsində diləmişəm,

bir də diləyirəm,

bir də qayıtsan işdi belə qayıtma
hələ seviləsi çox qadın var, tökmə ahını üstünə
unutmağa sən də bəs edirsən, vallah

bir də belə başlamamalıydı ayrılıqlar

bir gecə ya yağış vaxtı,

ya da nə bilim, başqa bəhanəylə getməliydin.
nə bilim,

vallah, sənin bildiyin kimi də doğrudur əslində,
əslində, axı belə ayrılmamalıydıq

bir gecə başqa qadın düşünməliydim
oysa məni qısqanmalıydın
əslində, belə ayrılmamalıydıq

bir küçədə məni tərk etməliydin

yanına gecikdiyim üçün,

ya da üstümdən gələn qadınsı qoxuya görə

məni başdan ayağa öyrənməyin

acizliyimdən idi,
qadının tərk etməsi qədər

üzücü bir şey olmadığını sənə deməməliydim
arxanca səsimin gələ bildiyi qədər qışqırıram
sənin bildiyin doğru deyildi
tərk edəcəkdinsə, tərk edərdin
gəl pıçıldayım qulağına -

sənin bildiyin heç doğru deyildi, tərk edəcəkdinsə,

heç nə unutmazdın arxada...

***

bu ağaclar niyə əsir,

bu yağışlar niyə yağır görəsən

bu çiçəklər niyə açır

bu yarpaqlar niyə düşür
solacağın bilirsə

bu uşaqlar niyə doğulur

sonra niyə qocalır
öləcəyin bilirsə...

bu adamlar niyə sevir

niyə axı darıxır
ayrılacaq nə vaxtsa...

bu itlər niyə hürür

bu insanlar niyə gedir
qayıdacaq əgər ki...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər