14 Sentyabr 17:38
2 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığından bir gün sonra Baş nazir Nikol Paşinyan Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılması məsələsi üzrə üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçuku qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.

Erməni nəşri bildirir ki, Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlər müzakirə olunub:

“Paşinyan və Overçuk Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində əməkdaşlıqla bağlı mövzulara da toxunublar. Nəqliyyat marşrutlarının (Zəngəzur dəhlizi – red.) açılması ilə bağlı nəyin müzakirə olunduğu barədə məlumat verilmir.

Overçuk həmkarı Mqer Qriqoryanla ayrıca görüş keçirib, görüşdən sonra bəyan edilib ki, 2024-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14-16 milyard dollar təşkil edə bilər. Overçukun sözlərinə görə, 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55.8 faiz artaraq 7.4 milyard dollara çatıb. Təkcə bu ilin birinci yarısında dövriyyə 8.4 milyard dollar təşkil edib. Rusiya rəsmisi qeyd edib ki, 2015-ci ildə AİB-ə daxil olduqdan sonra Ermənistanın adambaşına düşən ÜDM 2.3 dəfə artıb.

Rusiya baş nazirinin müavini İrəvana xəbərdarlıq etmək üçün gəlib ki, xarici siyasi vektorun dəyişməsinin Ermənistan üçün iqtisadi nəticələri olacaq. Son aylarda Rusiya tərəfi bir neçə dəfə açıq mətnlə xəbərdarlıq edib ki, KTMT ilə münasibətlərin dayandırılması həm AİB, həm də MDB üzvlüyünə zəncirvari təsir göstərəcək.

Görünür, ABŞ tərəfinin də Overçukun səfərindən xəbəri olub və Blinken zəng edərək xəbərdarlıq edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər