14 İyul 2014 16:00
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimli: “Partiya daxilində mənə qarşı qruplaşma yaranmışdı”

AXCP sədri Əli Kərimli Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi ərəfəsində cəbhənin o vaxtkı durumu barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, Ə.Kərimli Facebook səhifəsində həmin vaxt dövlət katibi olmasından, Elçibəyin ölümündən sonra parçalanmalardan bəhs edib:

“AXC hakimiyyətinin devrilməsindən 1 ay qabaq dövlət katibi təyin olunmuşdum. Cəmi 1 ay bu vəzifədə işləyə bilmişdim ki, hökumətimizə qarşı qiyam başladı. İkinci ayı da işlədim. Amma artıq iş imkanı yox idi. İkinci ay qiyama, dövlət çevrilişinə müqavimət ayı idi. Dövlət katibi təyin olunmazdan qabaq isə Prezident Aparatında şöbə müdiri vəzifəsində çalışırdım. Həm şöbə müdiri, həm də dövlət katibi işlədiyim müddətdə AXC hakimiyyətinin səhvlərini açıq tənqid edirdim. Sonradan cəmiyyətin müəyyən hissəsinin AXC hökumətinə səhv tutduğu bəzi hərəkətləri mən o zaman hökumətdə ola-ola tənqid edirdim.

Tənqidlərim səmimiyyətdən doğurdu. Bilirdim ki, AXC hökuməti xalqımıza böyük xidmət göstərir. Amma inanırdım ki, bəzi məmurların, nazirlərin yersiz, avantürist hərəkətlərinin qarşısını qətiyyətlə almaqla bu xidməti daha da təkmilləşdirmək olar”.

Ə. Kərimli qeyd edib ki, hakimiyyətdən devrildikdən sonra da AXC-də islahatlar aparılmasına təkid edib: “Rəhmətlik Əbülfəz bəylə dəfələrlə müzakirələr aparmışdıq ki, AXC-nin bir illik hakimiyyətinin yaxşı işləri öz yerində, amma müəyyən səhvlərinin də olduğu etiraf edilməlidir. Bu səhvləri AXC (AXCP)-nin quracağı gələcək hökumətlərin təkrar etməməsi üçün partiyamızda ciddi islahatlar həyata keçirilməlidir. İlk növbədə AXC hökumətində öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməmiş şəxslər hərəkətlərinə görə siyasi məsuliyyət daşımalıdırlar. Belə də oldu. Həmin şəxslər ya AXC-dən xaric edildilər, ya da AXCP-yə üzv olmalarına imkan verilmədi. Bu məsələlərdəki prinsipial mövqeyimə görə partiya daxilində mənə qarşı qruplaşma da yaranmışdı. Sonradan, Əbülfəz bəy rəhmətə gedəndən sonra partiyamızda müəyyən parçalanma da oldu. Baxmayaraq ki, bu parçalanmadan sonra biz də, bizdən ayrılmış digər qrup cəbhəçilər də özümüzü məhz AXCP adlandırırdıq, ancaq ictimaiyyət, mətbuat bizi islahatçı cəbhəçilər, bizdən ayrılmış qrupu isə klassik cəbhəçilər adlandırırdı. Bu vəziyyət illərlə davam etdi. Nəhayət, cəbhənin o biri hissəsinin adının qarşısına rəsmən “klassiklər” yazıldı. Bu adla da qeydiyyatdan keçdilər. Bizim də “islahatçılar” olduğumuz beləliklə, “unuduldu”. Biz olduq sadəcə, AXCP”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər