23 İyul 2014 12:30
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Şərq Tərəfdaşları Avropa Birliyi ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidirlər”

“Riqa sammiti öncəsi biz gələcək əməkdaşlığımızı necə görmək istədiyimizi aydınlaşdırmalıyıq. Bu həmçinin Şərq Tərəfdaşlığı çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq formatları arasında əlaqələndirmənin gücləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Brüsseldə keçirilən Avropa İttifaqı üzv dövlətlərinin və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Avropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir: “Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq edib. Lakin, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir. Ermənistan Respublikası Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq “fait accompli” praktikasını tətbiq etməyə səylər göstərir. Yuxarıda qeyd etdiyim saxta ticarət əməlləri bu hallardan sadəcə bir neçəsidir. Bu fəaliyyətlərlə bağlı Avropa Birliyinin sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır”.

E.Məmmədyarov Azərbaycan Avropa İttifaqı əməkdaşlığının gələcəyi barədə də fikirlərini bölüşüb: “Hesab edirik ki, Avropa Birliyi ilə dialoqumuzda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır. Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır. Biz onu da qəbul etməliyik ki, Şərq Tərəfdaşları Avropa Birliyi ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidirlər. Əksinə, özünü fərqləndirmədə stimul əsaslı yanaşma tətbiq olunmalıdır. Qarşılıqlı məsuliyyət fərdi tərəfdaşların ehtiyacları, istəkləri və imkanları arasında daha yaxşı əlaqənin təmin edilməsi üçün hər iki tərəfə imkan verəcək. Avropa Birliyi-Azərbaycan əlaqələrinin gələcək perspektivlərinə gəldikdə isə, qarşılıqlı maraqlara və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm.

Qarşıdan gələn gələcək haqqında danışarkən bu ilin 8-9 sentyabr tarixlərində Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər və enerji nazirlərinin növbəti görüşünə Azərbaycanın məmnuniyyətlə Bakıda ev sahibliyi edəcəyi barəsində sizi məlumatlandırmaq istərdim”.

Səxavət


Müəllif: