8 Yanvar 13:23
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 22 radələrində Tərtər rayonunun Güləbatlı kəndi ərazisində kənd sakini Xəqani Aydınovun idarə etdiyi traktorla rayonun Səhləbad kənd sakini Ədalət Həsənəliyevin sürücülük hüququ olmadan idarə etdiyi VAZ markalı avtomobil toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qəzadan sonra traktorun sürücüsü hadisə yerini tərk edib, Ədalət Həsənəliyev, eləcə də onun 2023-cü il təvəllüdlü qız nəvəsi və qohumu Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq Ə.Həsənəliyev və onun azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olmayıb.

Traktorun sürücüsü X.Aydınov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə günün qaranlıq vaxtı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, bununla yanaşı, sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərin bir ailənin faciəsi ilə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər