İngiltərənin "Çelsi" klubu Qazaxıstan "Kayrat"ının futbolçusu Dastan Satpayevi transfer edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə nüfuzlu insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb. O bildirib ki, 16 yaşlı hücumçudan ötrü Almatı klubuna 4 milyon avro və bonuslar ödəniləcək. Bu isə Qazaxıstan Premyer Liqası üçün rekord müqavilədir.
Satpayev 18 yaşına çatanadək vətənində qalacaq və Londona daha sonra bir il də uzada bilməsi şərti ilə 5 illik müqavilə bağlamağa yollanacaq.
Daha əvvəl rusiyalı jurnalist İvan Karpov transfer məbləğinin 4,3 milyon avro olacağını yazıb. Məbləğin 2,4 milyon avrosu əsas hissədir, qalanları isə oyunlara görə bonuslardır.
Qeyd edək ki, bu mövsüm Dastan Satpayev "Kayrat"ın heyətində UEFA Gənclər Liqasında 4 oyun keçirib və 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.