12 İyul 2014 19:48
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin müşavirədə səsləndirdiyi fikirləri ekspertlər şərh edir

Nazirlər Kabinetinin 10 iyul iclasına yekun vuran prezident İlham Əliyev bir sıra problemlərə toxunub. Dövlət başçısı çıxışında bankların vəziyyətindən də danışıb: "Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda hələ pul da qazanırlar. Yəni bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?!"

Ölkə başçısı Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verildiyinə diqqət çəkib: "Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?!

Əgər belədirsə, dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil var. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm".

"Bankların kifayət qədər vəsaiti yoxdur"

Prezidentin bank iradını şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, ölkə başçısının söylədiyi fikirlər həqiqətdir: "Burada bir nüans var - başqasının pulunu digərinə vermək asandır. Əsas odur ki, borc verməyə özündə pul olsun. Bizim kommersiya banklarının problemi ondadır ki, uzunmüddətli kredit vermək və yaxud yatırım həyata keçirmək üçün kifayət qədər vəsaitləri yoxdur.. Bu, ciddi məsələdir".

Ekspert deyir ki, banklarımız iqtisadiyyatın real sektoru ilə işləməyə hazır deyillər: "Əvvəla, adı çəkilən sektorun özündə risk mövcuddur, ikincisi, rəqabət şəraiti yoxdur. Banklarda real sektora maraq olmalıdır. Ölkədə mövcud olan bankların heç biri bilavasitə iqtisadiyyatın tələblərindən irəli gələrək "doğulmayıb". Halbuki normal bank məhz bu səbəbdən və şərtlər altında yaranır və yaranmalıdır. Kimlərinsə, yaxud bu və ya digər kommersiya strukturunun əli ilə yaranan bank heç bir zaman iqtisadiyyata vəsait buraxmaqda maraqlı ola bilməz. Çünki bu, onun gücü xaricindədir".

Pərviz Heydərov deyir ki, yuxarıda sadalanan səbəblərə görə banklarımız yalnız əhali ilə işləyir, yalnız istehlak kreditləri verməkdə maraqlıdırlar: "Ölkə banklarının əsas maliyyə mənbələrini mərkəzi resurslar, xarici kredit və əhalidən cəlb edilən depozitlər təşkil edir ki, bunlardan birincinin payı cəmi 20 faizə bərabərdir. Xarici maliyyə mənbələrinə gəldikdə, ölkənin bank sektorunda likvidlik problemi aşkar görünməsə də, maliyyə resurslarına çıxış imkanları məhduddur və kreditlərin faiz dərəcələrinin yüksək olması həm də bundan irəli gəlir.

İqtisadiyyata qoyulan kreditlərin 30 faizə yaxın hissəsini bankların xaricdən cəlb etdikləri maliyyə təşkil edir ki, ona görə də banklarımızın xaricə borcu getdikcə artmaqdadır. Deməli, yerdə qalan 50 faizi əhalidən cəlb olunan əmanətlər təşkil edir, banklara əhalidən əmanət cəlbi isə nə qədər pis vəziyyətdə olmasa da, bununla iqtisadiyyatın real sektoru ilə işləmək mümkün deyil".

"Nə qədər ki, real sektorda risk səviyyəsi yüksəkdir..."

İqtisadçı-ekspert Samir Əliyev son beş ildə istehlak kreditlərinin payının kəskin artdığını bildirir: "2005-ci ildə iqtisadiyyata yönəldilən hər 100 manatın 27 manatı istehlak krediti şəklində verilirdi, hazırda isə bu rəqəm 41 manata çatıb. Hökumət konkret addımlar atmasa, bu rəqəm daha da artar.

İstehlak kreditləşməsi ildırım surəti ilə artır. 16,6 milyard manatlıq kredit qoyuluşunun 6,7 milyard manatı bu kreditlərin payına düşür. Bank sektoru faktiki olaraq istehlak kreditlərinin üzərində dayanıb. Mərkəzi Bankın məhdudlaşdırıcı tədbirləri ciddi nəticə vermir. 2014-cü ilin 5 ayında kredit qoyuluşu 1,2 milyard artıb ki, bunun da 0,5 milyard manatı istehlak kreditlərinin payına düşür. İstehlak kreditinin indiki surətlə artımı iqtisadiyyat üçün təhlükədir".

Samir Əliyev qeyd edir ki, istehlak kreditləşməsinin artımı problemi əksər MDB ölkələrində aktualdır: "Bu gün real sektorun maliyyələşdirilməməsinin günahını təkcə banklarda görmək düzgün olmazdı. Real sektorda risk həddindən artıq yüksəkdir. Biznesin uğur qazanma əmsalı çox aşağıdır. Biznesə, xüsusən də vəzifəli şəxsin dəstəyi olmayan biznesə müdaxilə çox olur. Nəticədə biznes qısa müddətdə bağlanır. Bu da verilən kreditlərin geri qayıtma ehtimalını aşağı salır. Banklar da bunu görür. Çünki biznesə pul yönəldəndə təklif edilən biznes-planları qiymətləndirir".

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan kreditlərə gəlincə, ekspert hesab edir ki, bu kreditlərin həcmi hələ ki, bazarda azdır: "Fond artıq son dövrlərdə kiçik və orta sahibkarlığı yox, iri sahibkarlığı maliyyələşdirməyə başlayıb. Digər tərəfdən, müştəriyə kredit verilməsində fond banka sərbəst qərar imkanı verməsə də, məsuliyyəti tamamən bankın üzərinə qoyur. Bu isə bankların daha ehtiyatlı davranmasına gətirib çıxarır. Nə qədər ki, real sektorda risk səviyyəsi yüksəkdir, banklar bu sektora pul yatırmaqda maraqlı olmayacaqlar. Axı bankların verdikləri pul da onlara məxsus deyil. Bu qurumların əmanətçilər və digər maliyyə qurumları qarşısında öz öhdəlikləri var".

Naibə Qurbanova


Müəllif: