27 May 12:10
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva Arb televiziyasında yayımlanan “O üz” verilişində mərhum müğənni, bacısı Zeynəb Dostəliyeva ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva bu sözləri deyib: "Bacım Zeynəb Dostəliyeva vaxtında səhnədə olsaydı, məndən də uca zirvəyə qalxardı. Onun sənətinin qarşısını alan ailə həyatı oldu. Həyat yoldaşı istəmədi və icazə vermədi. Son zamanlar efirlərdə göründü, onda həyat yoldaşı rəhmətə getmişdi. Bacım həmişə mənə deyirdi ki, sən anamıza oxşayırsan, səbirlisən. Haqqında xoşagəlməz nəsə eşidəndə susmağı bacarırsan. Amma mən susa bilmirəm.

Həqiqətən də o, bir az çılğın idi. Bir söz deyəndə həmin dəqiqə inanırdı. Onda belə bir fikir yaranmışdı ki, efirə çıxmasına mən imkan vermirəm. Hətta efirlərdə də belə sözlər deyirdi. Sonra mən bu məsələni aydınlaşdırdım. Soruşdum ki, niyə başqasının sözü ilə oturub-durursan? Bir şəxs biz bacıların arasına elə bir sədd çəkdi ki, mənim qəlbim və ürəyim sındı.

O məndən böyük idi, heç zaman ona cavab qaytarmazdım. Radioda çalışan bir populyar aparıcı mənə zəng edib deyirdi ki, “Zeynəb Dostəliyeva sizin haqqınızda belə dedi…” Cavab verirdim ki, "mənim bacımı tanıyırsınız. Siz nə deyirsinizsə, o da inanır. Özünüzü yığışdırın. Siz iki bacı arasında münaqişə yaratmayın". Amma mən bacıma heç zaman heç nə demədim. Həmin aparıcı indi məni görəndə qaçır.

Çox sağ ol, filankəs. Sən iki bacının arasına girib, mənim bacıma elə sözlər dedin ki, onu elə inandırdın ki… Bacım mənə bunları deyəndə dəli oldum, başıma hava gəldi. Heç düşmənçilik də belə olmaz. Guya mən bacımın qarşısını kəsmişəm və ona efirlərə çıxmasına qadağa qoymuşam. Mən kiməm ki?..

Bacımın həyat yoldaşı həmin aparıcı ilə yaxın münasibətdə idi, dost idilər. O aparıcıda isə efirə çıxarma səlahiyyəti vardı. Bacımın həyat yoldaşı o aparıcıya müraciət edəndə ki, Zeynəbi efirə çıxar, o deyirdi, mütləq çıxaracam. Sonra görəndə ki, yalan danışır, deyirdi, Zeynəbin bacısı Nazpəri icazə vermir, onu efirə çıxarım”.

Qeyd edək ki, Zeynəb Dostəliyeva ötən il dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər