28 Fevral 2018 11:27
4 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ilin 4 iyun qiyamı zamanı qiyamçıların yanında olanlar mənim üçün Azərbaycanın düşmənləridir. Nemət Pənahlıya, Rəsul Quliyevə, Rəhim Qazıyevə, Əlikram Hümbətova və o qiyamda günahsız əsgərlərimizin qanı üstündən mənsəb və vəzifə davası aparan başqa şəxslərə də məhz bu prizmadan baxıram. Amma nə sirrdisə, bəzi adamlar bu xainləri yaman dəstəkliyir, onların reabilitasiyası üçün dəridən-qabıqdan çıxırlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri hüquqşünas Vaqif Hacıbəyli deyib. O, Meydan hərəkatının aparıcı simalarından olan Nemət Pənahlının onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib.

Hüquqşünas bildirib ki, Nemət Pənahlı onu Meydan hərəkatı zamanı Nersisyanın təlimatçısı kimi mitinqləri dağıtmaqda ittiham edib:

“Sovet dövründə “KQB” rəhbərliyinə yaxın olan birisinin başqasının ünvanına bu məzmunda ittiham səsləndirməsinin özü absurddu. Erməni millətindən olan birinci katiblərin rəhbərlik etdiyi partiya komitəsində məsul işdə işləməyim mənə qarşı az qala bir “kompromat” kimi təqdim olunur və bu mövzuda ittihamlar tez-tez səsləndirilirsə, bu iftiralara cavab verməmək düzgün olmazdı.

Mən sovet dövründə partiya aparatında işlədiyimi heç vaxt gizlətməmişəm,bununla bağlı heç bir kompleksim də olmayıb. Partiya aparatında o vaxt ermənilər də, ruslar da olub. İndi artıq çoxdan həyatda olmayan Nersisyana gəldikdə isə, məni partiya orqanlarında işə o qəbul etməyib. Hələ hüquq fakültəsinin axşam şöbəsində oxuyanda böyük bir əmək kollektivində - Biləcəri dəmir yolu stansiyasında partkomun müavini seçilmişdim. Bu, kollektivin öz seçimi idi. Bu seçimin nə o vaxt birinci katib olan Stepanova, nə də ondan sonra gələn Nersisyana heç bir aidiyyəti olmayıb. Partkom başqa vəzifəyə gedəndən sonra o vaxt məni, 24 yaşında cavan bir adamı həmin vəzifəyə seçiblər. Nersisyan Kirov rayonuna birinci katib gələndə mən artıq o vəzifədə çalışırdım.Yəni, mən Nersisyanın irəli çəkdiyi kadr deyildim.

1988-ci ildən başlayaraq, milli münasibətlər gərginləşəndə raykomun təşkilat şöbəsində rayonun hüquq-mühafizə və inzibati orqanlarının kuratoru kimi mənim funksiyalarım və səlahiyyət dairəm çox genişləndi. Bütün gərgin nöqtələrdə daim proseslərin mərkəzində idim və insanlarla açıq, birbaşa dialoqa girməyə çəkinmirdim.

Həmin dövrlərdə mənim bu və ya digər şəkildə məsul olduğum ərazilərdə heç bir mitinq dağıdılmayıb, əksinə, Xalq Cəbhəsinə aid bir çox vacib tədbirlər, o cümlədən AXC-nin 1-ci qurultayı indiki Binəqədi rayonunun ərazisində keçirilib və həmin tədbirlərin heç birinə bu və ya digər şəkildə polis müdaxiləsi olmayıb, fəallar hər hansı təzyiqlə üzləşməyib. Bunlar hamının bildiyi və əlavə sübuta ehtiyacı olmayan faktlardır”.

Vaqif Hacıbəyli qeyd edib ki, dəmir yolunda tətil olanda o, məsul şəxs kimi orada olub: “Tətilə rəhbərlik edən heç kəsə hansısa bir təzyiq olmasına imkan verməmişəm. Əksinə, tətilçilərə rəhbərlik edənlər onlarla eyni mövqedə olduğumu bilərək, daha əzmkar olublar. Həmin tətilə rəhbərlik edən əsas fiqurlardan Zeynal Məmmədli sağdır və sözümdə yalan varsa, təkzib edə bilər.

Dəzgahqayırma zavodunda tətil olub, məsul şəxs kimi ora getmişəm. Mənim təklifimlə zavodda kollektivin ümumi iclası çağrılıb və Moskvaya kollektivin adından erməni seperatizmini ifşa edən müraciət göndərilib. Həmin müraciətin hazırlanmasında mən də iştirak etmişəm.

Vətənpərvər mövqeyimlə bağlı rayonda artan nüfuzumdan və açıq şəkildə erməni şovinizmini ifşa etməyimdən Nersisyanın müəyyən qədər narahat olduğunu hiss edirdim. Lakin bunu açıq büruzə vermirdi və çalışırdı ki, məni başqa işlə təmin edib aparatdan uzaqlaşdırsın. Moskvadan, yaxud Mərkəzi Komitədən Polyaniçkonun və yaxud başqa rəhbər şəxslərin aparata gəlməsi planlaşdırılanda hər vəchlə çalışırdılar ki, mən o iclaslarda olmayım, orada suallar verib, ölkədəki durumla bağlı mövqe bildirməyim. Çünki bir neçə dəfə belə hallar olmuşdu və mən aparat işçilərinin beynini yumağa cəhd edənlərin özlərini pis duruma salmışdım. Nersisyan gedib, yerinə Zaur Əliyev gələndən sonra da eyni vəziyyət davam edirdi. Sadəcə, Nersisyandan fərqli olaraq Zaur Əliyev bunu mənə açıq deyirdi, xahiş edirdi ki,ehtiyatlı olum”.

Vaqif Hacıbəylinin sözlərinə görə, 20 yanvar qırğınından sonra o, Polyaniçkonun məsuliyyətə cəlb edilməsi tələbi ilə Mərkəzi Komitəyə məktub yazıb: ”Başqa bir bəyanatda ölkədəki idarəetməni “hərbi-terror rejimi” kimi qiymətləndirmişdim və bu şəraitdə Xalq Cəbhəsinin sağlam qüvvələrini dəstəkləyəcəyimizi bildirmişdim. Cəbhəçilərin mitinqlərini dağıdan adamın bu mövzuda bəyanat verməsi, üstəlik aparat işçilərinin həmin bəyanatı imzalaması mümkündümü?

Yəni, öz sevimli müstəntiqi Savuşkinlə birlikdə “Lenin milli siyasətinə qayıdışın zərurətindən” danışıb ilhamlanan Nemət Pənahlı Moskvanın Bakıdakı emissarı ilə xalqdan gizli dəfələrlə görüşüb sövdələşəndə, mən həmin emissarın məsuliyyətə cəlb edilməsini tələb edirdim, o dövrdə ölkədə mövcud olan reyimə ən sərt, lakin ən düzgün qiyməti verib, altından da imzamı qoyurdum.

Həmin dövr qəbul olunan başqa heç bir sənəddə qırğından sonra ölkəmizdə formalaşan “xunta” rejiminə bu şəkildə dəqiq və birmənalı qiymət verilməyib. “Hərbi-terror rejimi” ifadəsi müəyyən adamları çox qəzəbləndirmişdi. Bununla bağlı məni Mərkəzi Komitəyə, indi adını unutduğum SSRİ xalq deputatı olan məsul işçinin yanına çağırdılar. Əvvəllər Gəncədə 1-ci katib olmuş və xalqın təzyiqi ilə oradan qovulmuş həmin adamla söhbətimiz qısa oldu. Mən nə dedimsə, o razılaşdı.
Ertəsi gün Zaur Əliyev raykom aparatının müşavirəsində elan etdi ki, Mərkəzi Komitənin tövsiyəsi ilə məni Xankəndində yerləşən Respublika Komitəsində, Polyaniçkonun tabeçiliyində işləməyə göndərirlər. Dedim, mən hazıram. Bundan əvvəl də Laçına, Xocalıya, Həsənabada rayondan göndərilən maşın karvanları ilə yardımları mən aparmışdım. Amma bu dəfə gözləmədiyim halda aparat işçiləri “bunt” qaldırdılar. Mənimlə həmişə ideoloji zəmində mübahisə edən üçüncü katib Eleonora Hüseynova sərt şəkildə Zaur Əliyevə təpindi ki, onu aparıb orada aradan götürmək istədiklərini başa düşmürsən? Yəni, işlədiyim kollektiv mənə növbəti dəfə Dağlıq Qarabağa, bu dəfə uzunmüddətli ezamiyyətə getməyə imkan vermədi. Daim Azərbaycanın öz ordusunu yaratmasını,hüquq-mühafizə orqanlarının federal tabeçilikdən çıxarılmasını, yerli qanunlarla federal qanunlar arasında ziddiyətlər yarandıqda yerli qanunlara üstünlük verilməsini təbliğ etdiyim üçün o vaxtlar partiya işçiləri elə düşünürdülər ki, mən də cəbhəçiyəm. Amma mən bir gün də AXC-nin üzvü olmamışam. Əksinə, o vaxt özlərini çox gözə soxub bəzən fironluq edən, Xalq Cəbhənin çətin günlərində isə səsi-sorağı eşidilməyən bəzi “cəbhəçilərlə” sözümün çəpləşdiyi vaxtlar da olurdu”.


Müəllif: Cavad