10 Dekabr 2020 09:16
12 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, bir sıra Avropa ölkələrində qondarma rejimin tanınmasına çağırışlar edən qətnamalər qəbul olunur. Avropa qanunvericilik sisteminə separatçıların asanlıqla ayaq açması necə mümkün olub?

- Bəzi Qərb ölkələrini və Fransa siyasətçilərinin bu gün Qarabağ məsələsində kifayət qədər pərt olduqlarını görmək olar. Ermənistanın və ona dəstək olan Fransanın Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı ağır məğlubiyyətə uğramasını həzm edə bilmirlər, beynəlxalq hüquqa zidd olan addımlara əl atırlar. Sanki boğulan insanın saman çöpündən yapışması kimi bir hərəkətlər nümayiş etdirirlər. Güləş yarışlarında olduğu kimi yıxılan adam yıxılmaqdan doymadığı kimi bunlar da üzləşdikləri məğlubiyyətlə barışa bilmirlər. Ona görə də təkrar-təkrar nəsə bir “iş” görmək istəyirlər. Burada sadəcə olaraq siyasi hikkə görünməkdədir. Qisas almaq kimi ehtiras görünür. Amma bütün bunlar mənasız və anlamsız hərəkətlərdir.

- Fransızdilli ölkələrdə bu yanaşma müşahidə olunur. Təsir dairəsinə görə situasiya belədir yoxsa, başqa məqamlar var?

- Doğrudur, Fransada olan erməni lobbisi fransızdilli ölkələrə də nüfuz etməyə çalışıb. Bunların sırasında Belçika da var. Amma orada tam istəklərinə nail ola bilmədilər. Belçika parlamenti erməniləri qane edən qərarlar vermədi. Bunun ardınca Kanadaya nüfuz etməyə çalışdılar. Orada da fransızdilli əhali üstünlük təşkil edir. Gözləntiləri də o idi ki, Fransadan sonra nəhayət Kanadada belə bir qondarma qanun qəbul etdirməyə nail olacaqlar. Amma özünə hörmətsizlik edən, beynəlxalq nüfuzunu zədələyəcək belə bir “qanunu” Kanada qəbul etmədi. Kanada siyasətçiləri, senatorları ağıllı adamlardır. Onların oyuncaq qərarlara “hə” deməsi qeyri-mümkündür.

Kanadalılar ermənilərin və biabır olmuş fransız siyasətçilərinin avantürasına getmədillər. Bu, artıq ermənilərin, fransız siyasətçilərin qırılma nöqtəsi idi. Bundan sonra hansısa ölkə parlamentində Fransa senatında olduğu kimi qətnamə qəbul olunması inandırıcı görünmür. Praqmatik düşünən insanlar, özlərinə hörmət edən siyasətçilər, ölkəsinin maraqlarını üstün tutan rəhbərlər heç vaxt belə avantüraya getməməlidir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bilir. Bunu BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri təsdiq edib. Artıq fərqli düşüncə yaranıb. Ermənilərin fransızlarla birgə qaldırdıqları tanıma konpaniyası sınmaqda və yavaşımaqdadır. Eyni zamanda qəbul olunacaq qondarma qətnamənin heç bir hüquqi əsası yoxdur. Bunlar yalnız tövsiyə xarakteri daşıyır. Amma buna baxmayaraq, bu, ümumilikdə ürəkbulandıran bir haldır.

- Niderland parlamentində qondarma rejimin tanınması ilə bağlı “qətnamə” qəbul edilib. Buradakı vəziyyəti, yanaşmanı necə izah etmək olar?

- Niderlanddakı vəziyyətdə fərqli yanaşmalar var. Bu, anti-türk, anti-Azərbaycan qüvvələrinin təsiri altında qəbul edilmiş “qətnamədir”. Niderlandda qəbul edilən qətnamələrin Fransa senatındakı qətnamələrlə bir oxşarlığı da yoxdur. Burada başqa motivlər var.

- Avropa ölkələrində hökumətlərdən fərqli olaraq, qanunverici sistemlər qondarma qərarlar qəbul edir. Bunu erməni lobbisinin qanunverici sistemlərlə yaxınlığı və nüfuzu ilə əlaqələndimək olarmı?

- Bu qərarların bir adı var: o da siyasi korrupsiyadır. Bu qərarları qəbul edənlərin hamısını siyasi korrupsioner adlandırmaq olar. Çünki, onlar da gözəl bilirlər ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyümüz həmin ölkələrin də səs verdiyi beynəlxalq hüquqi normalarla qorunur. Onlar bunu da gözəl bilirlər ki, Azərbaycan heç bir halda Ermənistana təcavüz etməyib. Əksinə Azərbaycan Ermənistan tərəfindən təcavüzə uğrayıb. Bunu bilə-bilə belə bir addım atırlarsa, burada artıq siyasi korrupsiya var. Eyni zamanda erməni lobbisi tərəfindən pulla ələ alma faktları ortadadır. Siyasi korrupsiya o zaman özünü göstərir ki, onlar belə qərarları qəbul edərək gələcəkdə siyasi divident güdürlər.

Düşünürlər ki, növbəti seçkilərdə dəstək almaq şansları çoxalır. Bu da açıq şəkildə siyasi korrupsiyasdır. Yəni şəxslərlə bazarlığa gedərək “sən mənə səs ver, mən də sənin barəndə qanunsuz qərar verəcəm” anlayışı var. Heç kəsə sirr deyil ki, ermənilər həm də konyak diplomatiyası, həm də bahalı hədiyyələr və yüksək məbləğli pullarla bir çox siyasətçiləri ələ ala biliblər. Bu, ermənilərin yaxın yüz ildə tətbiq etdiyi bir “taktikadır”. Sözləri keçməyən yerlərdə, haqsız durumlarda beynəlxalq hüquq onların əleyhinə olan situasiyalarda onlar dərhal bu “variant”lardan istifadə edir.

Dövlətlərin xarici siyasətləri onların qəbul etdiyi qərarlara uyğunlaşmır. Fransa ilə olan mövcud münasibətlərdə bu müşahidə edilir. Fransa xarici işlər naziri də dəfələrlə vurğulayıb ki, fransız hökuməti Qarabağı tanımır və ora Azərbaycanın qanuni ərazisidir. Demək ki, dövlətlərin siyasəti bir söz deyir, qanunverici orqan isə başqa istiqamətə yönəlib. Bütün bunlar isə erməniləri növbəti dəfə aldatmaqdan başqa bir şey deyil. Ermənilərin həm pulunu, həm də səsini alırlar. Perspektivi olmayan bir bəlaya doğru ermənilərin daha tez yönəlməsinə imkan yaradırlar. Bütün dünya bilir ki, tarixdə qondarma soyqırımı hadisəsi olmayıb. Hamı da bunu dərk edir. Amma ermənilər yüz ildir ki, bunu özlərinə alışdırıblar.

Hər kəs bilir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Kimsə onu müstəqil dövlət kimi tanımayacaq. Ermənilər özlərini aldadaraq yenə də bu qondarma qurumun eyforiyası ilə yaşayırlar. Bununla öz yaşam tərzlərini formalaşdırırlar. Bu günə qədər ermənilər qondarma soyqırım məsələsini ortaya atmışdılar. İndi isə ikinci bir qondarma ölkəni tanıtmağa çalışırlar. Hər kəs də bilir ki, bunların heç bir perspektivi yoxdur. Amma yenə də müəyyən dairələr bunlardan istifadə edərək məsələni siyasi müstəvilərə daşımağa çalışır. Bundan isə ümumilikdə Ermənistan və erməni xalqı əziyyət çəkir. Bunun əvəzində həlli mümkün olmayan ideyalar ətrafında toplaşmaqdansa, daha realist olsalar, çox şey qazana bilərlər. Bu günə qədər Ermənistan rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Bundan da siyasi korrupsionerlər məharətlə istifadə edir.

Ermənilərin özləri də bu saxta ideyalara görə istismara məruz qalır. Gözlənilən odur ki, Ermənistanda bu reallığı kimlərsə dərk etsin. Son yüz ildə saxta ideyalarla heç nəyə nail olmadılar. Əvəzində kasıblıq, yoxsulluq, bədbəxtçiliklə üzləşdilər. İndiki halda isə Ermənistanda miqrasiya daha çox sürətlənəcək. Sadəcə olaraq COVID-19 görə sərhədlər bağlıdır deyə ermənilər kənara çıxa bilmir. Sərhədlər açıq olsaydı, Ermənistanda adam qalmazdı. Amma bəziləri xaricə gedəndə siyasi demaqogiya ilə məşğul olur.

- Regionda sabitliyə doğru addımlar atılıb. Amma bəzi Qərb dövlətləri burada sabitliyin olmasından narahatdır. Bu paradoksu nəcə əlaqələndirmək olar?

- Beynəlxalq ictmai rəy bəzi Qərb ölkələrinin yanaşması demək deyil. Ayrı-ayrı Qərb dövlətlərinin mövqeyi ümumi mənzərə kimi qəbul edilməməlidir. Fransa, Belçikanı, Niderlandın siyasi korrupsiyaya bulaşmış deputatları beynəlxaq ictimaiyyət adından danışmaq salahiyyətinə malik deyillər. Azərbaycanla və mövcud reallıqla bağlı beynəlxalq ictimaiyyət öz sözünü deyib. BMT, Qoşulmamama Hərəkatı, ayrı-ayrı güc mərkəzləri, bölgə dövlətləri, o cümlədən Türkiyə, Rusiya, İran bu məsələ ilə bağlı mövqeyini müəyyənləşdirib. Regionun gələcəyinin Ermənistanla Azərbaycanın sülh mühitində yaşamasından asılı olduğu reallığı ortadadır.

Türkiyənin, Rusiyanın, İranın bununla bağlı konkret mövqeyi var. Minsk Qrupundan söhbət gedirsə, burada ABŞ-ın mövqeyi balanslıdır. Fransanın yanaşması ilə bağlı problemlər var. Yaxın gələcəkdə gözlənilən odur ki, Fransa rəsmi səviyyədə öz səhvini etiraf edəcək. ATƏT Parlament Assambleyasının dekabrın 2-də keçirilən büro iclasında, ATƏT Nazirlər Şurasının 3 dekabrdakı iclasında hər kəs Azərbaycanın yaratdığı hazırkı reallığı qəbul etdi. Bu iclaslarda böyük əksəriyyət 10 noyabrda imzalanmış bəyanatın icrasının vacibliyini vurğuladı. Bu o deməkdir ki, Azərbaycanın qələbəsi hamı tərəfindən qəbul olunur.

- Azərbaycanın yaratmış olduğu yeni reallıq beynəlxalq birlik və təşkilatlar tərəfindən qəbul olunur. Azərbaycana yanaşmalarda hansısa dəyişiklik müşahidə edilirmi?

- ATƏT PA-nın iclasında Azərbaycanın əldə etdiyi uğura, yaratdığı yeni reallığa çox böyük hörmətlə yanaşıldı. Artıq beynəlxalq birlik başa düşür ki, bundan sonra Ermənistan Azərbaycanla normal əlaqələr qurmalıdır. Beynəlxalq ictimaiyyət dağıdıcı mövqe tutmur. Amma bəzi siyasətçilərin yanaşması qəbul olunmur. Döyüş meydanında əldə etdiyimiz möhtəşəm qələbədən sonra əsas işimiz diplomatik səviyyədə bunu daha da möhkəmləndirməkdən ibarətdir. Siyasi diplomatik fəaliyyətimiz uğurla davam edir.

- Ermənistanla sülh sazişi gündəmdədir. Detallar nədən ibarətdir?

- Ermənistanla sülh sazişi imzalanması labüddür. Bundan sonra Azərbaycanın dövlət sərhədləri tam şəkildə demarkasiya edilməlidir. Tarixi sərhədlərimiz Ermənistan tərəfindən rəsmi şəkildə qəbul olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazılığı Ermənistan tərəfindən tanınmalıdır. Ermənistan bir daha Azərbaycana ərazi iddiasında olmayacağına dair öhdəlik götürməlidir. Bundan sonra iqtisadi kommunikasiya əlaqələrinin qurulması istiqamətində iş aparıla bilər. Naxçıvanla bərpa olunacaq kommunikasiya xətləri region ölkələrinin və Ermənistanın özünün də maraqlarına uyğundur. Cənab Prezident dekabrın 1-də xalqa müraciətində də vurğuladı ki, Dağlıq Qarabağ adlı ifadə gündəmdən çıxmalıdır. Çünki bu gün Dağlıq Qarabağ münaqişəsi mövcud deyil.

İndi elə bir mərhələ çatıb ki, Xankəndi, Xocalı, Xocavənddə olan ərazilərə azərbaycanlıların qayıtması və orada qanunların işləməsi ilə bağlı fəaliyyət başlayıb. Bu proses mərhələ-mərhələ gedir. Burada təmkinli siyasət yürüdülür. Heç kəs hər şeyin bir gündə həll olunacağını düşünməsin. Ermənistan və Qarabağda yaşayan ermənilər mövcud reallıqlarla barışmaq ərəfəsindədir. Düzdür, bir çox hallarda görürük ki, bəzi qüvvələr qondarma rejimin "bayrağı"nı hansısa bir yerə taxmaqla ürək bulandırmaqla məşğul olur. İstərdik ki, vətəndaşlarımız bundan qəti narahat olmasın. Yaxın zamanlarda bu cür şoulara da son qoyulacaq.

Ona görə də beynəlxalq konyuktura, hazırki vəziyyət Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan proseslərə tam şəkildə nəzarət edir. İndi Azərbaycanla danışmaq tonu dəyişib. Bunu ATƏT PA-da təmsil olunan bir millət vəkili kimi mən də hiss edirəm. Azərbaycana daha hörmətlə yanaşılır. Onun güclü olduğu artıq qəbul olunur. Münasibətdə də artıq yanaşmalar dəyişib. Müşahidələr odur ki, diplomatiya işləmədi, Azərbaycan isə öz haqqını qorumağa, bərpa etməyə nail oldu. Son 30 ildə post-sovet məkanında Azərbaycandan başqa heç bir dövlət buna nail olmayıb. Azərbaycanı ən az şanlı ölkə hesab edirdilər. Amma bütün olanlar bunun əksini göstərdi. Cəbhədə qazanılmış qələbə diplomatlarımızın əlini o qədər gücləndirib ki, hər sözümüzə, təklifimizə daha diqqətlə yanaşılır. Bilirlər ki, təklifi verən ölkənin arxasında böyük bir güc dayanır. Eyni zamanda Azərbaycana böyük bir etimad var. Ölkə başçısının verdiyi söz, vəd tam şəkildə yerinə yetirilir. Bu, həm dosta, həm də düşmənə münasibətdə açıq isbatolunmaz bir reallıqdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər