Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Suriyada baş verən hərbi toqquşmalardan danışıb.
Teleqraf.com xəbər verir ki, partiya rəsmisi mövzu ilə bağlı Türkiyəyə yönəlik bəzi ittihamları rədd edib.
“Bu son əməliyyatların arxasında Türkiyənin dayandığını bildirirlər. Türkiyənin bunu təhrik etdiyinə dair iddialar real deyil”, - Çelik belə söyləyib.
AKP sədrinin müavini CHP lideri Özgür Özəlin Suriya ilə bağlı Türkiyəyə yönəlik ittihamına belə cavab verib:
“Türkiyə müxalifətindən də açıqlamalar var. Bu ifadələrdə böyük səhvlərin olduğunu görürük. Özgür Özəlin işlətdiyi ifadələr böyük bir məsuliyyətsizlikdir. Türkiyənin siyasətinə zidd yanaşmalar var.
Suriyadakı prosesləri izləyirik. Biz Türkiyənin qanuni maraqlarını qorumaq üçün oradayıq.
Biz baş verənlərə qarışmırıq. Qətiyyən Suriyadakı hadisələrin arxasında Türkiyə dayanmır.
Terror təşkilatı sərhəddən qovulmalıdır. Suriyanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur. Biz Təl Rıfat və Mənbiçdə terrorçu görmək istəmirik.
Suriyada verilən vədlər yerinə yetirilmədi. Rejim PKK terror təşkilatını çıxdığı yerlərə çağırır. Əməkdaşlığın olduğu aydındır”.
CHP liderinin ittihamına gəlincə, onun hakim partiyanın təpkisini çəkən açıqlaması belədir:
“İranı bölgədə zəiflətmək, məzhəb savaşlarına səbəb olmaq, İsraili gücləndirmək və təhlükəsizliyini təmin etmək Ankaranın prioriteti olmamalıdır”.