23 Oktyabr 2021 12:52
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan milli güc kontekstində beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı mühüm presedent yaratdı: “Yeni strateji baxışın ortaya çıxmasını şərtləndirdi. Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalçı, təxribatçı, təcavüzkar, destruktiv mövqeyindən əziyyət çəkirdi. Məhz ölkəmiz iqtisadi, siyasi, diplomatik resursları və hərbi qüdrəti ilə ərazi bütövlüyünün bərpasına nail oldu”.

Millət vəkili hesab edir ki, bu bir dövlətin öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etməkdir: “BMT-nin 4 qətnaməsi uzun illər ərzində kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar, güc mərkəzləri Ermənistanı işğalçı siyasətinə son qoymağa məcbur edə bilmədilər. Bütün bunların fonunda Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl olaraq gücləndirdi. Məhz dövlətimiz döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla münaqişəni həll etdi. Beləliklə, ölkəmiz məlum qətnamələrin icrasının təmin edilməsinə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam, Laçın və Kəlbəcərdən isə erməni silahlıları döyüşsüz çıxmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra etməsi qrumun təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.

Sevinc Fətəliyevanın fikrincə, Azərbaycan dünyaya işğalçı siyasətin, separatizmin, neqativ geosiyasi faktorun, bölücülüyə rəvac verən aqressiv politikanın perspektivinin olmadığını sübut etdi: “Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, universal imkanlar formalaşdırır. Region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə bu strateji əhəmiyyət daşıyır. Autsayderə çevrilmiş Ermənistan iddialarından əl çəkib bu imkanlardan yararlansa, siyasi və iqtisadi dividendlər əldə edə bilər. Köhnə, ənənəvi siyasi stereotiplərin davamı isə Ermənistan üçün böyük faciə deəməkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər