1 Dekabr 2021 19:44
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, II Qarabağ müharibəsindən sonra bölgədəki durumu necə dəyərləndirirsiniz?

- Əvvəlcə onu deyim ki, Soçi görüşü 9 noyabrda təxirə salınmış və yaxud keçirilə bilməmiş, ətrafında müxtəlif siyasi, planlar qurulan Vətən müharibəsinin birinci ilinin tamamında Rusiyanın moderatorluğu ilə həyata keçirilməsi istənilən danışıqların reallaşması idi. Bu məqam mütləq eyd edilməlidir. Ardınca da xüsusi vurğulamaq lazımdır ki, noyabrın 1-dən başlayaraq media məkanına bu görüşlə bağlı informasiyalar sızanda Rusiya Prezidentinin sözsüzçü Dmitri Peskov təsdiqləyici yöndən fikirlərini bölüşmüşdü. Lakin sonradan nələr yaşandığı bəlli olmadı. Biz yalnız bunun ardınca təntənə ilə qeyd edilən Zəfər Bayramımızı gördük. Bu da yalnız ölkə daxili bir hadisə olmadı. Beynəlxalq mediada, təhlil mərkəzlərində yüzlərlə, minlərlə bununla bağlı mövqelər, təhlillər, şərhlər, yanaşmalar verildi. Bu çox önəmli bir məsələ idi. Çünki biz Vətən müharibəsinin yalnız regional bir hadisə olmadığını hər gün daha çox görməkdəyik. Dünya çapında yalnız hərbi, siyasi deyil, eləcə də vətəndaş birlikləri, şəxslər, blogerlər, informasiya məkanında yer tutan müxtəlif sənət sahiblərinin Qarabağla bağlı bir il öncə baş verənlər və Azərbaycan xalqının bu savaşı apararaq özünün 30 illik mübarizəsinin uğuruna qovuşması çox böyük əks sədalar doğurur.

- 9 noyabr görüşü niyə təxirə salındı?

- Bu, avtomatik bölgədə olan mühitə təsir edir. Biz 2020-ci ilin 26-ı sentyabrına qədərki dövrdə hər bir əleyhimizə olan yazılardan necə mütəəsir olurduq? Jurnalistlər o məsələlər ətrafında siyasətçilərin, dövlət adamlarının mövqeyini almaq istəyirdi. İndiki halda isə biz əksinə layiq olan mövqeləri görməkdəyik. 10 noyabrdan sonrakı dönəmdə artıq regionda fərqli bir proseslərin gedə biləcəyini görmək çətin deyildi. Danışıqlar öncəsi Nikol Paşinyan və onun çevrəsinin müəyyən bir hərbi reverans, xüsusi bir təfriqə, təxribat üzərindən cəmiyyətini bir qədər qaldırmaq, əlini gücləndirmək, Azərbaycana mənəvi cəhətdən basqı eləmək niyyəti güddüyünü görmək çətin deyildi. Yəni, öz-özlüyündə artıq səngərə və yaxud da ki, təmas xəttinə çevrilmiş sərhəd boyunca ərazilər məhz siyasi qüvvələrin hakimiyyətlərin qərarları əsasında müəyyən toqquşmalara gedirdilər. Çünki idarəçilik müdafiə nazirlərindən deyildi. Şuşaya hücum etmək istəyən həmin o təxribatçı, terrorçu erməni də 60-a qədər şəxsin gəlib Laçın bölgəsində özlərini hədəfə çevirmələri də bir ssenariyə bağlı idi. Belə şəraitdə 16-ı noyabr toqquşmasının baş verməsi fonunda biz Paşinyandan etiraf etdiyi mövqeləri aldıq. Bəlli oldu ki, 9 noyabrın ermənilər üçün faciə kimi qiymətləndirilməsi imkan verməyib ki, o danışıqlarda iştirak etsin. Paşinyan nəinki bu mövqedə fikirlərini dəyişmədiyini söylədi, hələ əksinə sülh danışıqlarına da hazırlığı dilə gətirdi. Bunun təxirə salınması məhz Ermənistanın məsuliyyətsizliyindən baş verdiyi göründü.

- Soçidə müəyyənləşmiş gündəlik və nəticələrlə bağlı proqnozlar nə dərəcədə doğru çıxdı?

- Soçi danışıqlarının Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında keçdiyini söyləyə bilərik. Yəni danışıqlardan iki gün əvvəl Paşinyanın media məkanına çıxması və onlarla məsələ ətrafında bəzən hücumçu, hərbi güc, iqtisadi prosesin müsbət axarda getmədiyi, beynəlxalq durumun onun xeyrinə olmadığı bir vəziyyətdə verilən sərt mövqelərin də bir yararı olmadı. Çünki həmin müsahibədə Paşinyan nazirlər səviyyəsində bildirdi ki, danışıqların aparılmasına başlamışıq və həyata keçiririk, bu üfüqi təmaslardır.

Amma o biri yandan bəyan edir ki, Türkiyə və Azərbaycan Ermənistanı və erməniləri yox etmək fikrindədilər. Bu mövqelərin özü sübut edirdi ki, Paşinyan çıxılmaz bir durumdadır. Biz görüş öncəsi şəraiti mütləq olaraq dəyərləndirməliyik. Bunun kənarında hər hansı bir danışıqlarda qeyri-adi nəticələr qazanıla bilməz. Əgər ölkən hərbi siyasi mövqeyi orada apardığın danışıqlarda əlini gücləndirən bir pozisiyada deyilsə, hansı bir göstəricələrə malik olan şəxsiyyət kimi orada mövqe sərgiləmək olar. Xüsusilə Paşinyanın danışıqlara getdiyi gün ölkə içərisində lokal da olsa, müxtəlif ərazilərdə etirazlar keçirilməkdə idi. Partiyalar, hərəkatlar arasında ciddi qarşıdurmalar yaşanırdı. Bunu da hamı görürdü. İlk növbədə isə bu hadisələri qiymətləndirən məhz Azərbaycan idi.

- Görüşdə Azərbaycanın mövqeyinin ifadəsini şərtləndirən amillər hansılar oldu?

- Prezident İlham Əliyevin Soçi danışıqlarına protokoldan çıxış edərək daha rahatlıqla söyləyə bilərik ki, məhz birinci başlaması öz-özlüyündə Rusiya-Azərbaycan münasibətlərinin ötən onillər ərzində necə inkişaf etdiyini göstərən bir hadisədir. Bu çox önəmlidir. 90-cı illərdə biz müxtəlif səbəblərdən - sovetlər birliyinin çöküşü üzündən yeni gələn siyasi iqtidarların hər iki ölkədə münasibətlərin gərginliyi fonunda Rusiya ordusunu, əsgərini, hərbi imkanlarını, siyasi mövqelərini, mediasını əleyhimizə olan pozisiyalarda görməkdə idik.

- Nə dəyişdi?

- İndi bu illər ərzində düzgün siyasət hesabına qlobal savaşlara obyektiv qiymət verərək proseslərin yönünü, istiqamətini ağıllı tərzdə təmin etmək sayəsində biz Rusiyanın bütün resurslarının əleyhimizə yönəlmədiyini görməkdəyik. Hətta haradasa belə istiqamətdə fikirlərini bölüşən adamlar varsa da, elə həmin məkanda Azərbaycanın xeyrinə ardıcıl daimi olaraq politoloji, siyasi, hərbi məsələlər üzrə münasibətlərini bildirənlər xeyli balans yaradırlar. Ona görə də Əliyev-Putin görüşü hələ üçtərəfli danışıqlar başlamamışdan qabaq prosesin sanki məhz düyün nöqtələrini müəyyənləşdirmişdi. Artıq danışıqların aparılması, ardınca mediaya açıqlamaların verilməsi fonunda bir neçə istiqamətdə məsələlərdə Azərbaycanın prinsipial mövqeyinin nəzərə alındığını xüsusi vurğulamalıyıq.

- Bu görüşdə Qarabağ məsələsinə nə dərəcədə istinad edildi?

- İlk növbədə onu deməliyik ki, Qarabağ məsələsi regional və beynəlxalq gündəmdən xeyli dərəcədə çıxır. Soçi danışıqları əslində Qarabağ məsələsi üzərində deyildi. Azərbaycan mediası 2020-ci ilin 26 sentyabrına qədərki dövrün yanaşmalarını, münasibətlərini, dövrünü, leksikonunu unutsun. Bizim ayrı-ayrı paytaxtlardan qərar gözləyən dövrümüz arxada qalıb. Əslində bir daha söyləyirik ki, hansı siyasi mərkəzlərdə siyasətçilərin liderliyi altında keçirilən görüş olmağına baxmayaraq sanki prosesin Bakıda, bizim məkanda keçirildiyini düşünməliyik. Çünki qalib mövqenin hərbi meydandan siyasi danışıqlara daşımaq Prezidentin qurduğu strategiyanın ən mühüm tərkib hissəsidir. Yəni, biz ora ölkə rəhbərinin liderliyi altında konkret məqsədlər, planlarla getmişdik. Onların mütləq əksəriyyəti özünü doğrultdu. Ona görə də Qarabağ əvəzinə Ermənistan-Azərbaycan münasibətləri, sərhəd məsələləri, Zəngəzur dəhlizinin açılması, kommunikasiyalar, regional sülh və təhlükəsizlik, bölgənin iqtisadi potensialının hərəkətə gətirilməsi məsələləri gündəmdədir. Məhz burada Qarabağ, “status”, orada yaşama imkanları, birgə sülhün əldə olunması üçün məsələlər gündəlikdə yox idi. Ona görə də bu fərqi qiymətləndirə bilərik.

- Sizcə, bu yanaşma necə formalaşdı?

- Çarizmdən, bolşeviklər dövründən, ardınca 90-cı illər hadisələrindən fərqli olaraq Rusiya regiona məhz Azərbaycanın düzgün siyasəti hesabına anti-Moskva, forpost məkanına çevrilməmək nəticəsində baxır. İndi Azərbaycana və Ermənistana xüsusi bir müqəddəs ağacın simvolikası hədiyyə edilir. Bunu Ermənistan mövqeləri qazandırmadı. Əksinə bizim ədalətli müharibəmiz, ədalətli sülhü təmin etmək iradəmiz ortaya qoydu. Ona görə də danışıqlar bu istiqamətdə aparılmaqla həm də bizim bir məsələdə prinsipial niyyətimizi ifadə edir. O da ondan ibarətdir ki, nəyin bahasına olur-olsun əslində Soçi danışıqları Brüsselin önünə keçmədi. Tam əksinə 9 noyabrda məlum pozulma baş verəndən sonra Qərb dairələri ötən bir il ərzində özlərini xeyli zərbə almış sayırlar. Obama dövründən bu yana Amerikanın bölgə siyasətində xeyli ziddiyyətlər, geri çəkilmələr mövcuddur. O biri yandan Mixail Saakaşvilinin hakimiyyətdən getməsindən sonrakı mərhələdə biz xeyli dərəcədə Gürücüstanla bağlı temaların prioritetlərinin zəiflədiyini görməkdəyik.

- Vətən müharibəsindən sonra Azərbaycana beynəlxalq birliyin münasibətindəki bəzi paradoksallıqlar nə ilə bağlı idi?

- Vətən müharibəsindən sonra Fransanın, Avropa parlamentinin, Avropa dövlətlərinin hətta dünya siyasətinə xüsusi bir təsir imkanı olmayan Lüksemburqun üzərindən ölkəmiz əleyhinə konfrantasiya mövqeyi vardı. Hətta Minsk qrupu vasitəsi ilə özünün varlığını bölgədə saxlamağa çalışan dairələr Soçi danışıqlarının da iflas etməsini və hər hansı bir uğurlu nəticə olmağını istəmirdilər. Müxtəlif qüvvələr vasitəsi ilə bu tezisləri informasiya gündəminə çıxarırdılar. Masanın konfiqurasiyası, orada əyləşmə tərzi, forması ətrafında sanki linç etmə əməliyyatları keçirilirdi. Halbuki bir psixoloji tələyə düşməsələr, yəni konkret olaraq elə nöqtədən baxsalar ki, Prezident İlham Əliyev öz mövqeyini hər bir hərəkətini, davranışını, jestini sözünü, məhz ölkəmizin maraqları çərçivəsində irəliyə sürdü. Bu şəraitdə yekunları Azərbaycan üçün çox uğurlu qiymətləndirə bilirik.

- Türkiyə və Rusiyanın regional məsələlərdə aparıcı qüvvə kimi rolunu necə şərh etmək olar?

- Burada ən önəmli məsələ regional və beynəlxalq toqquşmaları yaratmadan Türkiyə və Rusiyanın Vətən müharibəsinin yekunlarında bölgədə əsas qüvvə olduğunu unutmaq olmaz. Bunun ardınca Türkmənistanda keçirilən danışıqlar zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin görüşü, bağlı qapılar arxasında bütün gedişatın birgə dəyərləndirilməsinə imkan açıb. Türkiyə digər vasitələrlə bu danışıqlarda aktiv iştirak edir. Bu prosesi Rusiya da qəbul edir. Vladimir Putinin çıxışında Birgə Monitorinq Mərkəzinin həmi ayrıca danışıqlarda, həm üçtərəfli görüşdə vurğulaması xüsusi ilə qeyd edilməlidir.

- Soçi və Aşqabad danışıqlarının hazırkı dövr üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Qısa bir perioda baxdığmızda ölkəmizin xarici siyasət kursunun yetərincə aktiv bir platforma üzərində getdiyini deyə bilərik. Soçinin ardınca Aşqabad görüşünün reallaşması imkan verdi ki, uğurlu nətəciləri geniş deapozonda yaymaq mümkün olsun. Bu, Azərbaycanın Zəfər kursunun paylaşması anlamı ilə izah edilir. Bunu yalnız milli çərçivədə dar bir dairədə tutmur. Ona görə də qələbənin ixracı sadəcə poetik bir ifadə deyil. Regional açılım təkcə konkret bir üç Qafqaz ölkəsinin həyatını əhatə etmir. Vaxtilə Zaqafqaziya termini vardı. Onun coğrafiyası Şimalı Qafqazı, İranın Şərq hissəsini, hətta Türkiyənin də müəyyən bir məkanını əhatə edirdi. Bu, Çindən, Hindistana, bölgə dövlətlərinə, Avropaya logistik, ticarət, tərəfdaşlıq üzərində əlaqə quranların hamısına faydalıdır. 90-cı illərdə Xəzər nefti ətrafında tapılan konsensus imkan verdi ki, bu bölgənin əsas təbii sərvətləri, eneji ehtiyyatları Qərbə çıxsın.

- Azərbaycanın bölgə üçün təklif etdiyi tranzit imkanları nəyi hədəfləyir?

- İndiki halda Azərbaycanın Vətən müharibəsi sonrası yeni tranzit imkanları yaradır. O vaxt buna Əsrin müqaviləsi layihələri adı qoyuldu. Çünki bunun arxasında xəritələrin dəyişdirilməsi prosesi baş verirdi. Bu sadəcə gəlişi gözəl söz deyildi. İndiki halda isə nəinki məsələ konkret bir dəhlizə bağlıdır. Zəngəzur regional tabloda bir parçadır. Bu Avrasiya layihəsinin də bir hissəsidir. Türkiyənin maraqlarına uyğun olan, zamanında strateji dərinlik termini ilə R.T.Ərdoğan siyasətinin əsas konturlarının dilə gətirildiyi həmin o doktrinaya uyğun olan bir siyasətdir.

- Qərb dövlətlərinin bu platformaya münasibəti necədir?

- Qərb dövlətləri ilk baxışdan bu məsələyə müsbət mövqe göstərir. Bu hara qədər davam edəcək onu da söyləmək olmur. Onların içərisində də təxribatçı dairələr var. Aşqabadda Türkmənistan liderinin Azərbaycanın qələbəsini dilə gətirən mövqeləri söyləməsi o deməkdir ki, hərbi Zəfərimizin beynəlxalq legitimliyi getdikcə daha çox ölkələr tərəfindən açıq mətnlə söylənilir. Hətta dünənə qədər yalnız sürgüclü məktublar və təbrik açıqcaları üzərindən münasibət qurmağa çalışanlar da indi qəbul edirlər ki, Azərbaycanın açdığı yolu qəbul etmək lazımdır.

- Azərbaycan İran münasibətlərindəki dinamizmi şərtləndirən cəhətlər nə idi?

- Azərbaycan-İran münasibətləri Vətən müharibəsindən sonra dünyada, eləcə də bölgəmiz üçün xüsusi önəm daşıyır. Son aylar ərzində hərbi, siyasi dairələrin İran içərisindən verdikləri bəyanatlar, yanlış açıqlamalar müəyyən bir gərginlik meydana gətirdi. Buna qarşı ölkə rəhbərinin sərt iradəsini gördük. Amma yenə də orada xoş məram və həqiqi niyyət qalib gəldi. İranın içərisində Azərbaycanı tarixin, məkanın bir hissəsi kimi sayanlar aydın şəkildə başa düşürlər ki, “Xeybərin fəthi” ilə Bakını Zülfüqar raketləri üzərindən ələ götürmək mümkün deyil. Çünki silahla nələrisə dağıtmaq olar. Ancaq bölgədə Azərbaycanın apardığı sülh savaşı ilk növbədə böyük sanksiyalar altında olan İranın özünün də faydasınadır. Son zamanlar neft-qazla bağlı razılaşmalarda qarşılıqlı şəkildə ən yüksək səfərlərin təşkil olunacağı bildirilir. Bu mənada İbrahim Rəisi ilə aparılan danışıqlar orada seçilən ifadələr düyün nöqtələri çözülüb. Bizim anti-İran cəhbəsində yer alaraq ABŞ xüsusilə də İsraillə o dövlət arasında yaşanan konfrantasiyanın mərkəzinə düşmək niyyətimiz yoxdur. Biz bu məsələlər ətrafında sülh həllini istəyirik. Bu mənada Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana verilməsi və əksinə burada qarşılıqlı fəaliyyətlərin aparılması sübut edir ki, Azərbaycan bu kooperasiyada maraqlıdır. Amma Amerika arzularını, müstəsnalığı bir doktrinaya çevirənlər deyirdilər ki, ideyaların, kapitalın və hərəkatın yolunu açmaq lazımdır. O zaman sən qlobal gücə çevriləcəksən. Biz indi məhz bu xəttin üzərindəyik.


Müəllif: Tapdıq Qurbanlı