“Azərbaycanla Ermənistan arasında, həqiqətən də sülh müqaviləsi imzalanacaqsa, o zaman ortada olan məsələlər kompleks şəkildə həllini tapmalıdır. Hazırda bizim üçün ən vacib faktorlardan biri vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu heç də Ermənistana qarşı ərazi iddiası demək deyil. Beynəlxalq hüquqa, humanizm prinsiplərinə söykənən qayıdış məsələsi Ermənistanla münasibətlərin normallaşmasının başlıca şərti olmalıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq sülh sazişinə düzəliş edib və izahlı şəkildə yeni variant Ermənistana təqdim edib:
“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdırsa, təqdim olunan varianta cavab verməlidir. Yayılan qeyri-rəsmi məlumata görə, Azərbaycanın düzəliş etdiyi təkliflərdə azərbaycanlıların və ermənilərin əvvəllər yaşadıqları ərazilərə, yəni Ermənistana və Azərbaycana paralel şəkilndə köçürülməsi məsələsi öz əksini tapıb. Bu variantın İrəvanı çətin vəziyyətə salacağı gözlənilən idi. Bu səbəbdən Ermənistan tərəfi Azərbaycanın təkliflərinə cavab verməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan tarixi fürsətdən yararlanmalıdır, sonra gec olacaq. İrəvan Ermənistandan azərbaycanlıların qovulmasını inkiar edə bilməz, bu tarixi faktdır. Həm sovet dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişdirilib. Ermənistan ərazisində Azərbaycan izləri pozulub, tarixi abidələri dağıdılıb. “Qərbi Azərbaycan İcması bütün bu məsələləri müxtəlif platformalarda qaldırır. Ermənistan isə riyakarlıq edərək İctimai Birliyin qaldırdığı məsələləri Azərbaycanın yeni ərazi iddiaları kimi qələmə verməyə çalışır".
Politoloq qeyd edib ki, daha öncə Azərbaycanın Ermənistana təqdim etdiyi sülh təklifi baza prinsipləri idi:
“5 bəndlik sülh təklifi müqavilənin əsas mahiyyətini təşkil etməli idi. Bura dövlətlərin bir-birilərinin suverenliyini qarşılıqlı şəkildə tanıması, ərazi iddiaları irəli sürməmək, gücdən istifadə etməmək, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılışı və digər sahələrdə əməkdaşlığın qurulması daxildir. Ermənistan 2 ildən artıqdır ki, bu təkliflərə cavabı yubadırdı. 20 sentyabr 2023-cü ilə qədər Ermənistan hesab edirdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycandan hansısa status qoparacaqlar, müstəqil olacaqlar. Yaxud da düşünürdülər ki, hansısa kənar qüvvə Azərbaycanı güzəştə getməyə məcbur edəcək. 20 sentyabr 2023-cü ildən sonra bölgədə vəziyyət tamamilə dəyişdi. Azərbaycan 24 saatlıq antiterror əməliyyatı həyata keçirərək Qarabağdakı separatizmin kökünü kəsdi. Bayrağımız Xankəndiyə sancıldı və ermənilər könüllü surətdə Ermənistana köçdülər. İndi Paşinyan və onun havadarları çalışırlar ki, ermənilər Qarabağa qayıtsınlar, orada yaşasınlar və Azərbaycana yeni problemlər yaratsınlar. Heç kəs təminat verə bilməz ki, Qarabağa qayıdacaq ermənilər yenidən separatizmə, terrorçuluğa əl atmayacaqlar. Belə olanda Azərbaycan da haqlı olaraq sülh təkliflərinə düzəlişlər edib və azərbaycanlıların da paralel olaraq Ermənistana köçürülməsi məsələsini qaldırıb. Nikol Paşinyan 6-cı Paris Sülh Konfransının panel müzakirələrində Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbini Ermənistana qarşı ərazi iddiası və təcavüzə hazırlıq kimi qələmə verdi. Bu, İrəvanın növbəti riyakarlığının göstəricisidir. Azərbaycanı Qarabağ ermənilərilə dialoqa çağıran Paşinyan nə üçün özü Ermənistandan qovulan azərbaycanlılarla dialoq aparmır? Ermənistan sülh istəyirsə, Azərbaycanın yeni təkliflərini qəbul etməlidir. İndiki məqamda sülh müqaviləsini imzalamaq Azərbaycandan çox Ermənistana lazımdır”.