8 Dekabr 2023 08:36
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr ayının 7-də cənab Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm hadisə Azərbaycan siyasi tarixində yeni bir mərhələnin başlanğıcıdır. Növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə edəcək. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra bütöv və suveren Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, cənab Prezident İlham Əliyevin verdiyi bütün qərarlar hər zaman Azərbaycan xalqının milli maraqlarına və mənafeyinə xidmət edib: “Nəticə etibarilə ölkə Başçısının bütün qərar və Sərəncamları dövlətimizin beynəlxalq miqyasda gücünün və nüfuzunun daha da artmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu mənada növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzalanmış Sərəncam da Prezident tərəfindən verilmiş növbəti uğurlu qərar kimi müsbət qiymətləndirilməlidir. Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətində ölkəmizin qazandığı uğurlara, ərazi bütövlüyün və suverenliyini tam bərpa etməsi tarixi hadisə idi. Bu şərəfli, tarix cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin Zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. Göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq ki, cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi unudulmaz tarixin şahidləriyik. Növbədənkənar prezident seçkilərinin keçirilmasi haqqında ölkə Başçısının Sərəncamı onu deməyə əsas verik ki, yaxın gələcəkdə ölkənin siyasi həyatında qarşıya böyük hədəflər qoyulub. Deməli, qarşıda ölkəmizi daha böyük uğurlar, yeni hədəflər gözləyir”.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin siyasi Liderliyi, uzaqgörənliyi və qətiyyəti nəticəsində ölkəmizin qazandığı uğurlar Azərbaycanı regional və beynəlxalq səviyyədə güclü dövlətə çevirib: “Bu gün Azərbaycan beynəlxalq səviyyədə diktə edən tərəf kimi şərtləri müəyyən edir. Dünyanın güc mərkəzi olan dövlətlər Azərbaycanla hesablaşır. Bütün qazanılan uğurların mərkəzində Prezident İlham Əliyevin Liderliyi, şəxsiyyəti və siyasi bacarıqları dayanır. Cənab İlham Əliyev fenomeni ilə Azərbaycan uğurdan-uğura doğru daha da güclənərək irəliləyir. Bütün bu uğurların kontekstində 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi bərpa olundu, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı”.

Millət vəkili hesab edir ki, bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir: “Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Şübhəsiz ki, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən Azərbaycan xalqı, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin hər zaman olduğu kimi yeni seçkilərdə yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Gələcək nəsillər Azərbaycan tarixinin bu şanlı səhifələrini fəxrlə öyrənəcəklər. Bu şanlı tarixin Sərkərdəsi, Ali Baş Komandanı, Lideri İlham Əliyevdir. 2024-cü ilin fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində də Azərbaycan xalqı yekdilliklə cənab Prezident İlham Əliyevi dəstəkləyəcək və Azərbaycanın işıqlı, aydın gələcəyinə səs verəcək”.


Müəllif: Tapdıq Qurbanlı