Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadasn olmasının 101 və onun adının daşıyan Fondun 20 ili tamam olur. Bu gün müstəqil Azərbaycanın qısa bir zamanda qazandığı nailiyyətlərə nəzər salanda vətənimizin böyük inkişaf yolu keçdiyinin şahidi oluruq. Ölkəmizin sosial-iqtisadi yüksəlişi, regionda lider dövlətə çevrilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması bu inkişafı şərtləndirən amillərdəndir. Bu uğurların qazanılması Ümummilli Lider Heydər Əliyev siyasi kursunun ləyaqətlə davam etdirilməsi ilə əlaqədardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə, bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə, əldə ediləcək böyük nailiyyətlərin sayının ildən –ilə artmasına əsaslı şərait yaratdı. Mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində ölkədə əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərqin aradan qaldırılması istiqamətində çox səmərəli işlər görülmüşdür. Dövlət başçımızın cəmiyyətin inkişafına yönəlmiş qərarlar qəbul etməsi, cəmiyyəti narahat edən problemlərə böyük həssaslıqla yanaşması onun insanlara göstərdiyi diqqətin, qayğının nəticəsidir.
Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin həyatındakı bu dəyişikliklərdə Heydər Əliyev Fondunun müstəsna rolu olmuşdur: “ Tarix üçün 20 il çox qısadır. Lakin əgər ölkədə və xaricdə Fond tərəfindən həyata keçirilən xeyriyyə və humanitar tədbirləri bir yerə yığsaq, onda biz mərhəmətlik, xeyixahlıq, kreativlik, humanizm, insansevərlik və vətənpərvərliyin sonsuz yığımının şahidi oluruq. Azərbaycanın Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Fondun əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin milli dövlətçilik ideyaları ilə tərbiyə edilməsi, qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılması kimi vacib məsələlərin həlli idi. Bu məqsədə çatmaq üçün isə çoxşaxəli bir fəaliyyət tələb olunurdu. Elə təşkilatın elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində həyata keçirdiyi maraqlı layihələr də bu məqsədə çatmaq üçün mühüm addımlar oldu. həyata keçirir. Qarşısına qoyduğu məqsəd və vəzifələrə görə ölkədə analoqu olmayan bu qurum apardığı çoxşaxəli işlərlə həm Azərbaycanda, həm də Azərbaycandan çox –çox uzaqlarda yüksək nüfuz qazanmışdır. Prezident İlham Əliyev Fondun 10 illik fəaliyyətinizi yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.
Deputat bildirib ki, Heydər Əliyev Fondu onun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında beynəlxalq əməkdaşlıq şəraitində müxtəlif irimiqyaslı layihələr reallaşdırır, cəmiyyətin inkişafında, qədim və zəngin mədəniyyətimizin, milli dəyərlərin qorunmasında mühüm rol oynayır: “Fond eyni zamanda, azərbaycançılıq ideologiyasının yaşadılmasında xidmətlər göstərir. Bu tədbirlər Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndərimiz deyirdi ki, “İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir... dəb naminə yox, yalnız və yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün təhsilin səmərəliyini, elmin səmərəliyini artırmaq üçün aparılmalıdır”. Onun adını daşıyan Fond isə bu məqsədlə bir çox işlər gördü, təhsilə bərabər çıxış imkanlarının yaranması üçün inklüziv təhsil layihələri buna əyani misaldır. Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək” kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Adı çəkilən layihələr üzrə uşaq müəssisələrinin bir qismi yenidən qurulmuş, müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi də önəmli məsələlərdən biri idi. Ulu Öndər ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. 1995-ci ildə “Respublika Ailə- Sağlamlıq Mərkəzi”nin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi : “.... bizim xalqımızın, millətimizin sağlamlığı üçün, həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır.” Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də əhalinin sağlamlığının təmin olunması və səhiyyə sistemindəki problemlərin həlli ilə bağlıdır. Məsələn, “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin əsas məqsədi ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə cəlb etmək, onların həllinə kömək etməkdir”.
Komitə sədri vurğulayıb ki, Fondun həyata keçirdiyi digər mühüm layihə isə ölkədə talassemiya xəstəliyinin qarşısının alınması ilə bağlıdır: “Beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Talassemiya Federasiyası ilə danışıqlar, “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində, müasir tələblərə cavab verən Talassemiya Diaqnostika Mərkəzinin yaradılması ilə nəticələndi. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”, “Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi” fəaliyyətə başladı. Artıq bu daun sindromlu, autizm spektr pozuntulu uşaqlar da cəmiyyətə inteqrasiya olunurlar, təhsilə cəlb edilirlər. Heydər Əliyev Fondu dünya işığından məhrum və görmə qabiliyyəti zəif olan müxtəlif yaşlı insanların problemlərinə həssaslıqla yanaşaraq onlar üçün tədris-təlim proqramları hazırlamışdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu uşaq və qadınların hüquqlarının qorunması, təhsildə gender bərabərliyinə nail olunması, qadın təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qadınların ictimai həyatda rolunun artırılması və digər sahələrdə mühüm işlər görür, xüsusən təhsilin inkişafında onun xidmətləri misilsizdir. Ulu Öndər hər zaman deyirdi ki,” İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”. Onun adını daşıyan Fond və təşkilatın prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən idman layihələri isə ölkəmizin dünyada nüfuzunun artmasına xüsusi təkan oldu.
Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun”.
Hicran Hüseynova söyləyib ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Azərbaycanın bu müxtəlifliyini, bu rəngarəngliyini cəsarətlə dünyaya çatdırır: “Fond Dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə Azərbaycanın keçmişini, Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı bütün dünyaya tanıdır. Fondun Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Fond həmçinin, sivilizasiyaların, mədəniyyətlətin qlobal dialoquna həqiqətən müstəsna töhfə verir. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq, eyni zamanda, məscidlər tikilir və ya əsaslı bərpa olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə bu işlər davam etdirilir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına böyük siyasi əhəmiyyət verən Heydər Əliyev Fondu artıq işğal zamanı zədələnmiş tarix və mədəniyyət abidələrinin bərpası, o cümlədən tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə artıq Vaqif məqbərəsi bərpa edilib və Yuxarı Gövhər ağa məscidinin bərpası başa çatdırılıb, mehmanxanalar və ictimai obyektlər tikilir. Bununla paralel olaraq faktiki olaraq yer üzündən silinmiş Ağdam şəhərində Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə və digər şəhər və kəndlərimizdə də genişmiqyaslı işlər aparılır. “Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır!” Bu sözləri deyərkən Ulu Öndər ölkəmizin, vətəndaşlarımızın öz şəhidinə, qazisinə verdiyi dəyəri bir daha diqqətə çatdırır. Bəli bizim şəhidlərimizə, qazilərimizə, Vətən Müharibəsi iştirakçılarına minnətdarlıq hissimiz sonsuzdur. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım şəhid ailələrinə lazımi köməyi göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir. Bu gün köməyə ehtiyacı olan, çıxılmaz vəziyyətdə qalan insanlar ümid və əminliklə Fonda üz tuturlar. Mehriban xanım Fondun 10 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirmişdir ki: “ On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır”. Vaxtı ilə Ulu Öndər Heydər Əliyev deyirdi ki: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.” Zamandan asılı olmayaraq, Ulu Öndər hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Çünki bugün güclü, qüdrətli, suveren, beynəlxalq nüfuza malik olan Azərbaycanın inkişaf yolu məhz onun uzqgörən, müdrik siyasətinin nəicəsidir. Düşünürəm ki, Ulu Öndərin adını daşıyan Fond bu mənada öz insansevərlik, vətənsevərlik, ən müqəddəs dəyərlərə hörmət edən bir qurum kimi tək Azərbaycanda, bölgəmizdə deyil, dünyada özünəməxsus layiqli yer tutmuşdur. Heydər Əliyev Fondu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və Ümummilli Liderin ideyalarının həyata keçirilməsi yolunda inamla addımlayır”.