24 May 19:36
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan prezidenti Emoməli Rəhmonun Bakıya səfəri Azərbaycanın apardığı çoxvektorlu xarici siyasətin bariz nümunəsidir. Ölkəmiz getdikcə Mərkəzi Asiya regionunda imkanlarını genişlənir və mövqelərini möhkəmləndirir. Son dövrlər kifayət qədər mühüm və əlverişli coğrafi mövqedə yerləşən Tacikistanla (bildiyimiz kimi, bu ölkə Özbəkistan, Qırğızıstan, Çin və Əfqanıstanla həmsərhəddir) əlaqələrimiz daha sıx xarakter daşımağa başlayıb. Prezident İlham Əliyevin dediyi kimi, “Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır”. Hazırda digər sahələrlə yanaşı nəqliyyat sektoru ölkə rəhbərlərinin diqqət mərkəzindədir. Ölkə başçımızın bəyan etdiyi kimi, “Nəqliyyat sektoru əməkdaşlığımızın mərkəzindədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir”.

Bunu Telerqaf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Türkiyə, Azərbaycan və Qazaxıstandan keçən Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün mühüm istiqamətdir: “Bu, təbii ki, Tacikistanı da cəlb edir. Burada hər şeyi bütövlükdə nəzərdən keçirmək lazımdır. Azərbaycan üçün, məlum olduğu kimi, prioritet layihə Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat əlaqələrinin yaradılmasıdır ki, bu da nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsinə çevriləcəkdir. Eyni zamanda, bunlar sadəcə kağız üzərində olan layihələr deyil. Son iki ayda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib ki, görülən tədbirlər sayəsində cəmi 12 gün ərzində Gürcüstan limanlarına çatdırılıb. Əvvəllər belə daşınma təxminən 40-50 gün çəkirdi. Əlbəttə ki, ölkəmizin həyata keçirdiyi layihələrə haqlı maraq göstərilir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və həyata keçirilməsinə qadir dövlət kimi öz reputasiyasını çoxdan təmin edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələr bir sıra dünya dövlətlərinin müqavimətinə baxmayaraq, reallaşdı”.

Deputat bildirib ki, belə nümunələr Prezident İlham Əliyevin üzərində çox çalışdığı bütün digər layihələrin həyata keçiriləcəyinə əminlik yaradır: “Ümumiyyətlə, Azərbaycan-Tacikistan münasibətlərindən danışarkən, onların intensivləşməsini qeyd etmək yerinə düşər. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistanda dövlət səfərində olmuş, Emoməli Rəhmonun dəvəti ilə ötən il sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeganə fəxri qonaq kimi iştirak edib. Tacikistan prezidenti öz növbəsində ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramı - SPECA-nın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının Sammitində iştirak etmək üçün ölkəmizə səfər edib. Burada xatırlatmaq yerinə düşər ki, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramı (SPECA) 1998-ci il martın 26-da Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının İqtisadi Komissiyasının icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Bəyannaməsi ilə yaradılıb. SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Azərbaycan bu dövlətlərin hər biri ilə çoxillik, strateji əlaqələr qurub. Tacikistan dövlətinin başçısının Bakıya hazırkı səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, eləcə də dövlətlərarası əməkdaşlığı daha da gücləndirən 13 sənəd imzalandı”.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və həyata keçirilməsi ilə yanaşı, dünyanın müxtəlif regionlarında öz təsir dairəsini genişləndirir: “Ölkəmiz türk və islam dünyasında, Mərkəzi Asiya və Şərqi Avropa regionunda şəksiz nüfuza malikdir. Ölkəmiz Aİ-də ən mühüm enerji müttəfiqi adlanır. Bakı ilə Pekin arasında çox isti və inamlı münasibətlər inkişaf edir. Mərkəzi Asiya dövlətləri və Azərbaycan ardıcıl olaraq birgə ticarət, enerji və nəqliyyat təşəbbüslərinə əsaslanan strateji müttəfiqlik yaradırlar. Bu tərəfdaşlıq son illərdə qlobal geosiyasi dəyişikliklər və region ölkələrinin birgə iqtisadi layihələrinin həyata keçirilməsi yolu ilə əməkdaşlığı artırmaq istəyi fonunda daha da genişlənir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər