8 Noyabr 16:17
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden hakimiyyətinin yürütdüyü xarici siyasətin əleyhinə olaraq ABŞ-da ikinci dəfə prezident seçilən Donald Tramp geosiyasətdə müəyyən dəyişikliklər edəcək. Yəni bu günə qədər bütün regionlara burnunu soxan demokratlar iqtidarından fərqli olaraq, Tramp bu cür siyasətlə regionlardakı bir çox ölkələri sadəcə ABŞ büdcəsi ilə yemləməyə davam etməyəcək. Tramp bir biznesmendir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, Trampın anlaya bildiyi dil hər bir işdə ABŞ-ın mənfəətidir:

“Yəni Tramp xeyri olmadığı heç bir işə boş yerinə investisiya və yaxud da ki, yardımlar etmir. Bu baxımdan Tramp bir çox regionlara demokratlardan fərqli olaraq ayrı bir baxış ortaya qoyacaq. Məsələn, Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq kimi bir Bayden siyasətinin tamamilə əleyhinə çıxış edəcək. Həmçinin İrəvanı boş-boşuna yemləmək, Ermənistan üçün ordu düzəltmək, silahlar vermək kimi yüklərdən azad olacaq. Eyni şey Avropa Birliyinə də aid ediləcək. Yəni bu, Trampın birinci dönəmində olan xarici siyasətin bir növ davamı kimi proqnozlaşdırılır. Çünki Tramp hesab edir ki, əgər ABŞ hegemon bir dövlət kimi təhlükəsizlik çətiri yaradırsa, bu çətirin altında olan bütün dövlətlər əlini cibinə salmalıdır. Yəni müdafiə və təhlükəsizlik xərcləri həmin dövlətlərin büdcələrində daha böyük yer tutmalı, daha çox pul xərcləməlidirlər. Sadəcə ABŞ-dan istifadə etməli deyillər. Ona görə Avropa Birliyinə də münasibət düşünürəm ki, fərqli olmayacaq. Eyni zamanda iqtisadi əlaqələrdə də müəyyən problemlərin yaranması mümkündür.

Tramp biznesmen olduğu üçün daha çox ABŞ-ın iqtisadi qüdrətinin artırılmasına xidmət edəcək. Eyni zamanda Tramp dünyada bu gün mövcud olan müharibələrin bitməsinə çalışacaq. Bu çox önəmli bir siyasi hadisə olacaq. Əgər bunu edə bilsə, hakimiyyət dönəmi üçün də inanılmaz güc əldə edəcək və ən böyük uğurlarından biri olacaq.

Çünki bu müharibələrin başlaması Bayden administrasiyasının işidir. Müharibənin qarşısını almamaq savaşa töhfə vermək deməkdir. Bayden hakimiyyəti müharibələrin başlamasının qarşısını ala bilərdi. Amma bunu etmədilər. Çünki Rusiya və Çinlə bağlı geosiyasi planları vardı. Bu onda alınmadı. Ona görə bu savaşı başladan Bayden hakimiyyətindən fərqli olaraq müharibələri bitirən bir Tramp administrasiyası mövcud olarsa, bu, respublikaçıların növbəti dəfə hakimiyyətdə qalmasının qapısını açacaq. Həmçinin Rusiya ilə münasibətlər sistemini tənzimləyəcək. Müəyyən mənada düşmənçilik aradan qalxa bilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər