Polşa prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi və burada təşkil edilən “binokl şousunda” iştirakı heç bir məntiqlə izah oluna bilməz. Dudanın Azərbaycan-Ermənistan sərhədinə – Arazdəyənə gəlməsi, burada Avropa İttifaqının müşahidə “missiyasının” fəaliyyəti ilə yerində tanış olmaq kimi görüntü yaratmağa çalışması başqa mətləblərdən xəbər verir. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək. Ola bilsin ki, Dudanın “aktivliyi” məhz bundan qaynaqlanıb.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, Ermənistan ərazisindəki fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq “missiyanın” daha iki il burada qalması ilə bağlı iddialar səslənir: “Avropa İttifaqının Ermənistandakı “missiyası” Azərbaycan tərəfindən qəbul edilmir və bu sülh prosesinə zərbə vurmaq üçün atılan növbəti addım kimi dəyərləndirilir. Əgər Avropa İttifaqı bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında səmimi olsa idi, danışıqlar prosesinin irəliyə aparılması üçün təşəbbüs göstərərdi. Bu bir reallıqdır ki, Aİ-nın patrul apardığı ərazilər tarixi Azərbaycan yəni, Qərbi Azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş torpaqlardır. Aİ-a bununla bağlı Qərbi Azərbaycan İcması tərəfindən edilən müraciətlər təəsüf ki, cavabsız qalıb”.
Deputat bildirib ki, Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlaması isə heç bir məntiqə uyğun deyil: “Bunun əksinə Avropa İttifaqının təhriki ilə Polşa prezidentinin “binokl şousunda” iştirakı onun gələcək siyasi fəaliyyəti üçün də yaxşı heç nə vəd eləmir. Belə addımlar sözsüz ki, erməni lobbisinin maraqlarına xidmət edir. Çünki erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bəzi ölkə rəhbərləri və təşkilat təmsilçiləri bölgədə yenidən gərginliyin alovlanmasında maraqlıdır”.
Eldar Quliyev vurğulayıb ki, bəzi qərb təşkilatları bu gün Cənubi Qafqazda qalıcı sülhün olmasına qarşıdır: “Çünki yenidən gərginliyin yaranması onların maraqlarına uyğundur Ona görə də, II Qarabağ müharibəsindən keçən 4 il ərzində məhz həmin qüvvələrin təhriki ilə Ermənistan sülh müstəvisində konkret addım ata bilmir. Azərbaycan isə müstəqil və güclü dövlət kimi regional və qlobal proseslərdə aparıcı mövqeyə malikdir. Təsadüfi deyil ki, Ermənistanın 30 illik işğalına və ərazilərimizdə həyata keçirdiyi barbarlığa baxmayaraq sülh təklifini də məhz Azərbaycan irəli sürüb. Reallıq isə onu deməyə əsas verir ki, bölgədə məkirli niyyətləri olanları planları baş tutmayacaq. Uzun müddət erməni lobbisinin yedəyində gedənlər dərk etməlidir ki, regionda yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi güclü və qalib Azərbaycandır. Ona görə də, kənar qüvvələrin bölgədə sülhü pozmaq üçün atacağı addımlar nəticəsiz qalacaq”.