27 Dekabr 13:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı, baş katib bir daha “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, həlak olanlarına ailələrinə səbr diləyib. Nazir Ceyhun Bayramov öz növbəsində TDT və baş katib tərəfindən faciənin ilk anından başsağlığı məktubları və bəyanatlarına görə minnətdarlığını bildirib.

Nazir Ceyhun Bayramov təşkilat çərçivəsində dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tərəflər bu il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə Bişkekdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Bu il ortaq Türk Əlifbasının, təşkilatın yeni bayrağı və loqosunun qəbulunun, təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin təsis edilməsi barədə qərarın və bir sıra digər istiqamətlərdə razılıqların təşkilatı daha da gücləndirdiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər