"2008-ci ildən bəri Azərbaycanda Prezidentin şəxsi təşəbbüsü ilə seçki məntqələrində veb-kameralardan istifadə edirik".
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 23-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kameralar elə seçilir ki, ölkənin bütün coğrafiyasını əhatə edə bilsin:
"Veb-kameralar bizim üçün çox əhəmiyyətlidir. Prezident bu təşəbbüsü irəli sürdü və bunun dünya praktikasında analoqu yoxdur. Dünyanın istənilən yerindən seçkiləri kameralar vasitəsilə izləmək mümkündür. Bu, dünya seçki tarixində ilkdir. Artıq bəzi ölkələr bundan istifadə edir, ancaq hələ də Azərbaycan səviyyəsinə çata bilməyiblər. Heç bir müşahidə missiyası əvvəldən sona qədər bütün məntəqələri gəzə bilməz. Amma biz onlara şərait yaradırıq. Bu da şəffaflığın bir təzahürüdür. Büdcədən bununla bağlı ciddi maliyyə ayrılır".
Komissiya sədri bir daha xatırladıb ki, 1000 məntəqədə kameralar quraşdırılıb.
Onun sözlərinə görə, 70 mindən çox müşahidəçi qeydiyyatdan keçib:
"Bundan başqa, 23 siyasi partiyanın nümayəndələri də seçkilərə maraq göstərir. Qeyri-hökumət təşkilatlarının nümayəndələri də daimi fəaldır. Bu da bələdiyyə seçkilərinə ictimai marağın böyüklüyündən xəbər verir".