Azərbaycan və İran Şimal-Cənub dəhlizinin inkişafını sürətləndirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi arasında Tehranda keçirilən görüşdə razılıq əldə edilib.
Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri də müzakirə ediblər. Görüşdə "Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair "Strateji Əməkdaşlıq Planı" imzalanıb.
Bu sənəd Azərbaycan və İran İslam Respublikası arasında 22 yanvar 2025-ci ildə imzalanmış 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.