10 Yanvar 2017 09:43
2 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd gün burdayam, – Simral dedi, – sonra qayıdıram cəbhəyə, bir də gələn ay gələcəm – sənin toyunda.

Ərklə boynunun arxasına bir şillə çəkdim:

– Alə, mənə bax, ölüb eləyərsən, toyum yarımçıq qalar.

Biz tələbə hərəkatında tanış olmuşduq. Harda dava, orda Simral; konfransa gələn hökumət adamını fitə basmaq lazım idi – onun fışqırığı mikrofonun səsini batırırdı, rektora tələblərimizi çatdırmalıydıq – Simral sinəsini plakat kimi qabağa verirdi.

Universitetdən çox nümayişlərdə, iclaslarda olurduq. Bütün günümüz bir yerdə keçirdi. Bircə evə yatmağa gedəndə ayrılırdıq. Onda da sabahkı görüş yerini, vaxtını dəqiqləşdirib, bir birimizə gecikməməyi bərk-bərk tapşırandan sonra.

Arada atışıb-tutuşub özümüzə balaca məclislər düzəldirdik. Kartof qızartması ilə içdiyimiz şirin çaxırın istisi canınıza yayılan kimi başlayırdıq eşqbazlığa: filan yerdə filan cür qızlar olur, özü də filan qiymətə!

Konfranslarda kükrəyən, davalarda həmişə sinəsini qabağa verən, o boyda rektordan çəkinməyən Simral belə söhbətlər gələndə rəng alıb-rəng verirdi. Deyirdi adam da öz millətinin qızına tamahmı salar?

Əvvəl ona gülürdük, şəbədə qoşurduq. Sonra deyirdik onsuz da az qalıb, bu gün-sabah ölkəmiz azadlığa çıxacaq, dünyamız göy üzü kimi sərhədsiz olacaq. Onda ingilis, rus, fransız qızları ayağımıza döşənəcək. Hələlik öz millətimizin pozğunları ilə yola verək – kasıbın olanından.

Simral bıçaqlanan gün universitet binasının şüşələri də uğultuya dözməyib tökülmüşdü. Belə yerdə ən qorxaq tələbənin də “intiqam-intiqam” deməkdən başqa çarəsi qalmır.

Hökumət adamları qabağını kəsmişdi, demişdilər uşaqların beynini doldurma, başını sal aşağı, dərsini oxu. Bazlıqdan danışanda utandığına baxma, Simral belə şeylərdə çox ürəkliydi, onlara məlum komandanı vermişdi.

Yarası dərin deyildi. Bildik ki, məqsəd öldürmək olmayıb. Qorxutmaq istəyirmişlər. Həkimlər dedilər bir müddət xəstəxanada qalsın. Hər gün dərsdən çıxan kimi həvəslə yanına qaçırdıq. Simral nə gəzir? Həkimləri dilə tutub gəzməyə çıxıb, hərəkatçıların hansısa yığnağına gedib.

Onu xəstəxanada tapmadığımız günlərin birində bir əlcə kağız da yazıb qoymuşdum, xahiş eləmişdim gələndə özünə versinlər:

“Töhmət, bıçaqlanmısan, otur yerində. Gəldik, səni tapmadıq. Sabah yenə gələcəyik. Burda ol, qaçma heç hara! Ara yerdə kim vurduya gedəcəksən, müstəqillik günümüzü görmək sənə qismət olmayacaq. Qız-zad da görməmisən!”

Qasım

Düşmən gündə bir kəndi yandırırdı. Şəhərin küçələri ayaqyalın, başıaçıq insanlarla doluydu. Döyüşlərdən, köməksiz yurddaşlarımızdan xəbər gəldikcə mitinqlərin uğultusu bir az da artırdı.

Bir gün eşitdik ki, cəbhəyə könüllülər yığılır. Mən burda lazım idim, tələbə hərəkatını idarə eləyirdim, əlimdə nə qədər iclas protokolu vardı, təşkilatçılq işləriylə məşğul olurdum. Üstəlik, hərəkatın başçısı mənə xəbər də göndərmişdi: “Heç yerə dəbərməsin, ona ehtiyac var”.

Mən burda lazım oldum, Simral orda. Bir həftənin içində könüllülərə qoşulub cəbhəyə getdi. Ara-sıra gəlirdi, deyirdi bizi hələ döyüşə aparmırlar, təlim keçirik.

Simral cəbhədə olanda mən nişanlandım. Ağsaqqallar deyirdi müharibə gün-gündən qızışır. Bilmək olmur sabah nə olacaq, toyu tezləşdirmək lazımdır.

Toy hazırlığı günlərində Simraldan məktub gəldi. Artıq açıq döyüşlərə girdiyini yazırdı. Cümlələri nə qədər soyuqqanlı yazmağa çalışsa da, hiss edirdim ki, məktubu yazanda əlləri əsib, kağızdan ürək səsi gəlirdi.

Toyumdan bir ay qabaq gəlmişdi, görüşdük. Qayıdandan bir həftə sonra dedilər Simral şəhid olub. Bütün universitet onun dəfninə yığışdı. Rektorumuz səsini titrədə-titrədə uzun bir nitq irad elədi, çıxışının sonunda eynəyini çıxarıb, əlinin arxasıyla göz yaşlarını sildi.

Ölümün adiləşdiyi günlər idi. Ən yaxın dostumuzun şəhid olması da hər gün gələn xəbərlərin, cəbhədəki mövqe döyüşlərinin həyəcanı içində itib-batırdı.

Simralın qırxından bir həftə keçmişdi. Anam dedi bir ağsaqqal kişi gəlib, səni görmək istəyir. Baxdım ki, Simralın atası. Məni görəndə özünü saxlaya bilmədi, hönkürdü. Cibindən çıxardığı əl boyda kağızı mənə uzatdı:

“Töhmət, bıçaqlanmısan, otur yerində. Gəldik, səni tapmadıq. Sabah yenə gələcəyik. Burda ol, qaçma heç hara! Ara yerdə kim vurduya gedəcəksən, müstəqillik günümüzü görmək sənə qismət olmayacaq. Qız-zad da görməmisən!”

Qasım

Məktubdan tutub dayanmışdım ki, yıxılmayım. Simralın atasının dediklərini eşitmirdim:

– Morqa girəndə üzünü dağılmış gördüm. Oğlumu sümüyünün iyisindən tanıdım, ay bala!

O görüşün üstündən düz iyirmi il keçib, hələ də kişini evə çağırmamağın ağrısı içimdə zoqquldayır.

İndi mənim əlli yaşım var. Uşaqlarım müstəqil ölkəmizin universitetində oxuyur. İstəyirəm balalarım bilsin ki, onların oxuduğu bina da, o binanın həyətində dalğalanan bayrağımız da həmin məktubdan tutub dayanıb. Yoxsa çoxdan yıxılardı.


Müəllif: Mövlud Mövlud