Zahirən bu fizikadır. Kino və videolentlərdə, fotokağızlarda əksini tapan təsvirlərin hamısının yaranmasına səbəb işıqdır.
İşıq haradan düşür, gurluğu nə qədərdir, parlaqlığı necədir - buna uyğun olaraq da təsvir alınır.
Ya aydın, ya bulanıq, ya tutqun, ya gözəl.
Adamların hərdən "şəkildə pis düşmüşəm" deyərək təsvirdən narazı qalmasında haqq var.
Nə qədər özünə bəraət qazandırsan ki, şəkildəki sənsən, necə varsansa o cür də əks olunmusan, bu əsaslandırma axıradək heç kəsi qane etməyəcək.
Sirr işıqdadır.
İşıq elə nöqtədən düşər ki, ən yaraşıqlı sifət də yöndəmsiz görünər, işığı elə tənzimləyərsən ki, sifətində neçə qüsuru olan da şəkildə mütənasib çıxar.
Kamera kameradır, fotoaparat fotoaparatdır. Ən yaxşısını, ən bahalısını ver naşı əllərə, nəticə səni yarıtmayacaq.
Amma qabil əllərdə kamera edə bildiyindən də artığını edəcək.
Əsas odur ki, o kamera hansı əllərdədir, o kamera ətrafa kimin gözləri ilə baxır.
Və bir də ən vacibi - o kameranı idarə edən şəxs işıqla necə rəftar edir.
Mənim köhnə dostum Adil Abbasov ona görə bir kinooperator olaraq təkrarsızdır ki, işıqla yüksək sənətkarlıqla davranmağı bacarır.
Bir var Allahın qurduğu işıq - tutalım, açıq havada çəkiliş aparırsan. Sanki nə varsa elə odur.
Lakin belə deyil. Əsl usta operatorun işıqla uncə rəftarı bəlkə də bu məqamda daha vacibdir.
Bir də var qapalı məkanda çəkilişlər edirsən. Bu halda çəkəcəyin səhnənin gözəlliyi, bədiiliyi, təsirliliyi məhz ilk növbədə işığın nə təhər qurulmasına bağlıdır.
Mən çox sevinirəm ki, Azərbaycanın Adil Abbasov kimi istedadlı, zəhmətsevən, işığı çox-çox həmkarının müvəffəq olmadığı məharətlə idarə etməyi bacaran üstün kinooperatoru var.
Adil istər açıqlıqda, təbiət işığında çəksin, istər qapalı məkanda. İşıq hər dəfə onun sözünə baxır!
İndi televiziyalarımız da, özəl kinostudiyalarımız da çox. Operatorlar da saymaqla qurtaran deyil. Lakin hər kamera götürüb çəkiliş aparan formal olaraq "operator" adlansa da, Adil kimi kinooperator olmaqçün gərək uzun bir yol keçmiş olasan.
Allahın verdiyi fitri qabiliyyətlər - həssaslıqla görmək, duymaq bacarığı, təbii ki, ilk şərtlərdir. Ancaq gərək mükəmməl təhsil də alasan, peşəni də ürəkdən sevəsən, işgüzar olasan, axtarışdan heç vaxt yorulmayasan.
Adil kimi!
O, sovet zamanlarında çox məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, yaxşı müəllimlərdən dərs alıb, həyatı uzunu öyrənə biləcəyi hər kəsdən də öyrənməkdən usanmayıb.
Adillə birgə işlərimiz az olmayıb və inşallah, hələ gələcəkdə də çox olacaq.
Onunla hər dəfə film çəkərkən daxilən rahat olmuşam, xüsusən də, kadrı, işığı necə zövqlə, dəqiqliklə, səliqə-sahmanla qurmasına heyran qalmışam.
Adillə işləyəndən sonra başqa operatorlarla işləmək həmişə mənimçün çətinləşib. Ən əvvəl məhz işığa görə.
Hətta bəzən olub ki, televiziyada məni hansısa veriliş üçün 5-6 dəqiqəlik qısa çıxış üçün başqaları çəkəndə belə, ilk növbədə operatordan və bütöv çəkiliş qrupundan xahiş etmişəm ki, inciməsinlər, qoy dostum gəlib işıq qurmaqda mənə (yəni onlara) kömək etsin.
Gələnin Adil olacağını biləndə nə qısqanıblar, nə etiraz ediblər. Əksinə, seviniblər. Çünki Adilin ustalığı hamılıqla tanınan və etiraf edilən bir səviyyədir.
...Film kollektiv əməkdir, filmin uğurlu alınması çox adamın keyfiyyətli işindən asılıdır.
1980-ci illərin ortalarından bu yana Adil Abbasov xeyli filmin kinooperatoru olub. Aralarında yaxşıları da var, babatları da, ala-babatları da. Bircə istisna ilə. Adilin işi o filmlərin hamısında nümunəvidir. Həmişə vicdanla çalışıb, heç vaxt kamerasına xəyanət etməyib.
İndi əziz dostumun ad gününü təbrik etmək istəyərkən az öncə etdiyim ayrı bir təbriki də bir daha təkrarlamaq arzusu keçir ürəyimdən.
Azərbaycan kino və televiziya sənətinin inkişafındakı dəyərli əməklərinə görə Adil Abbasov bu il avqustun 1-də əməkdar incəsənət xadimi adına layiq görüldü.
Layiq olduğu ada layiq görüldü!
O fəxri adı da, bugünkü ad günü də mübarək olsun!
Sağlam, bəxtiyar, ömür və sənət uğurlarıyla dolu yeni onilləri yaşasın!
Sənətinin ayrılmaz və vacib parçası, qurmaqda xüsusi peşəkar olduğu İŞIQ Adilin yolundan heç vaxt əskik olmasın!