25 May 2019 22:40
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 101-ci ildönümü ərəfəsindəyik. 23 aylıq fəaliyyəti müddətində Cümhuriyyət hökuməti vətəndaşlara xidmət etmək üçün mühüm sahələrdə önəmli addımlar atıb. Silsilə yazılarımızla bu sahələrdən bəzilərinə toxunacağıq.

Hökumətin diqqət göstərdiyi önəmli sahələrdən biri səhiyyə idi.

AC-nin ikinci hökumət kabinetindən etibarən ölkədə Səhhəti-Ümumiyyə Nəzarəti (Səhiyyə Nazirliyi) fəaliyyət göstərib, ilk nazir isə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadad bəy Rəfibəyli idi.
Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımı avadanlıqlar alınmışdı.

1918-ci il dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da ən ağrılı illərdən biri idi. I Dünya müharibəsinin nəticələri, mart soyqırımı, əhalinin ağır vəziyyəti səhiyyə xidmətinə ehtiyacı kəskin şəkildə artırmışdı. Buna görə də hökumət ilk gündən etibarən bu sahədə addımlar atmağa başladı.

Dövlətin verdiyi qərarlardan bəziləri:

- Hökumət 13 iyul 1918-ci ildə hərbi lazaretin yaradılması haqqında qərar verib;

- Parlamentin 20 noyabr 1919-cu il tarixli iclasında Şuşa şəhərində 1 iyundan 30 çarpayılıq pulsuz hökumət xəstəxanasının yaradılması haqqında qanun qəbul edilib;

- Parlament 8 aprel 1920-ci ildə kənd xəstəxanaları və feldşer məntəqələri şəbəkəsini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qanun qəbul edərək bu məqsədlə 43 milyon 321 min 950 manat pul ayırıb. Bu qanunla Bakı valiliyində 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə valiliyində 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açmaq nəzərdə tutulub;

- 11 dekabr 1919-cu ildə Parlament üçillik və 100 dinləyicili Bakı feldşer məktəbinin Səhiyyə Nazirliyinin tərkibinə verilməsi haqqında qanun çıxarıb. Həmin qanunla həm də feldşer məktəbinin Əsasnaməsi təsdiq edilib.

- 8 oktyabr 1918-ci ildə səhiyyə nazirinin Bakıda dövlət aptekinin və əczaçılıq kurslarının yaradılması təklifi bəyənilərək bu haqda hökumət qərarı verilib.

- Parlament 26 fevral 1920-ci ildə epidemiyalarla mübarizə və qaçqınlara tibb yardımı göstərmək üçün 12 salqın dəstəsinin yaradılması haqqında qanun çıxarıb. Bundan ötrü Səhiyyə Nəzarətinə 4 milyon 266 min manat vəsait ayrılıb.
Bütün bunlar göstərir ki, Səhiyyə nazirliyi mövcud xəstəlikləri, təhlükələri və çatışmazlıqları nəzərə alaraq bu istiqamətdə addımlar atıb. Parlamentin səhiyyə ilə bağlı ən önəmli addımı isə 8 aprel 1920-ci ildə valilik tibb idarələrinin yenidən təşkili haqqında qanunudur. Bu məqsədlə Səhiyyə Nəzarətinə 2 milyon 318 min 400 manat vəsait buraxılıb.

Azərbaycan Cümhuriyyəti dönəmində qəzalarda 33 xəstəxana fəaliyyət göstərib. Onların ştatında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvəndçisi nəzərdə tutulmuşdu. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifəsi yoluxucu xəstələrin müalicəsi, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi idi.

Cümhuriyyət dönəmində qurulan ilk universitetdə də səhiyyəyə önəm verilib. Bakı Universitetində ilk mühazirə 1919-cu ilin 20 noyabrında baş tutub. İlk mühazirənin mövzusu “Tibb və anatomiyaya giriş”, ilk mühazirəni oxuyan isə rektor, cərrah professor Razumovskinin özü idi. Universitetdə açılan ilk iki fakultədən biri də məhz tibb fakültəsi idi.


Müəllif: Dilqəm Əhməd