27 İyun 2019 23:09
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

101 il öncə bugün Azərbaycanda Fətəli xan Xoyski hökuməti türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi. Bu vaxta qədər isə Azərbaycan Çar Rusiyasının tərkibində olduğu üçün bütün sənədləşmələr rus dilində aparılırdı. Buna görə də milli hökumət məhkəmə, inzibati idarəçilik və başqa dövlət qurumlarında çalışanlar dövlət dilini yetərincə öyrənincəyədək idarələrdə rus dilindən də yararlanmağa icazə verdi.

Dövlət dilinin türkcə olması Azərbaycan Cümhuriyyətinin təhsil sahəsində bir sıra islahatlar aparmasına yol açdı.

Baş nazir Xoyskinin imzaladığı 28 avqust 1918-ci il tarixli “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərarla müəyyən edilirdi ki, bütün tədris müəssisələrində təlim yalnız ana dilində aparılmalıdır və dövlət dili olan türk dilinin məktəblərdə tədrisi məcburidir. Ali ibtidai məktəblərdə milliləşdirilmiş siniflərdə dövlət dilini bilməyən şagirdlər üçün türk dili sinifləri yaradılmalı, həmin siniflərdə dövlət dilinin 1918-1919-cu illərin sonunadək gücləndirilmiş şəkildə öyrədilməsi yolu ilə onlarda tədrisin iki il ərzində yalnız dövlət dilində aparılmasına keçilməli idi. Ümumtəhsil məktəblərinin 5-ci sinfindən yuxarı siniflərdə təhsil alan şagirdlərə rus dilində təhsili davam etdirməyə o halda icazə verilirdi ki, dövlət dili olan türkcənin orta məktəblərin bütün siniflərində məcburi fənn kimi öyrənilməsi təmin edilmiş olsun.

Yaranmış bu çətinliyi nəzərə alan hökumət şəhərlərdə dövlət dilini məcburi fənn kimi tədris etmək şərti ilə rus bölmələrinin də yaradılmasına razılıq verdi. Həmin dövrdə türk uşaqların yalnız milliləşdirilmiş məktəblərdə təhsil alması tələb edilir, ancaq müstəsna hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq Maarif Nəzarətinin xüsusi razılığı ilə rusca təhsilə buraxılırdı.

Tezliklə bəlli oldu ki, müəllim kütləsinin yarıdan çoxunun qeyri-türk olduğu və nəinki qeyri-türk şagirdlərin türkcə bilməməsi, hətta xeyli türk şagirdin də öz ana dilində yazıb-oxumaq bacarmaması kimi obyektiv çətinlik milliləşmə prosesinin sürətlə getməsinə imkan vermir. Ümumtəhsil müəssisələrinin bu qaydalarla milliləşdirilməsi sayəsində çoxlu uşaq məktəbdən, təhsildən qıraqda qaldı.

Durumun həssaslığını nəzərə alan hökumət 28 avqust qərarında bəzi dəyişikliklər etməyə məcbur oldu. 13 noyabr 1918-ci il tarixli yeni qərarda deyilirdi ki, bir orta təhsil müəssisəsi olan şəhərlərdə yuxarı hazırlıq siniflərindən başlayaraq Xalq Maarif Nəzarətinin xüsusi razılığı ilə paralel rus bölmələri də açmağa icazə verilir. Bununla yanaşı, yaşayış məntəqələrində bir neçə eynitipli ümumtəhsil müəssisəsi olan şəhərlərdə onlardan bir hissəsi milliləşdirilir, qalan hissəsində tədris bütün siniflərdə rus dilində aparılır. Ancaq həmin qərarla təlim rus dilində aparılan məktəblərdə də dövlət dili olan türk dili məcburi fənn kimi keçilməli idi.

Təhsildə bu cür milliləşdirmə siyasətinin milli təhsilimizin tarixində müstəsna rolu oldu. Hökumətin hazırlayıb həyata keçirdiyi qərarlar sayəsində Azərbaycanda ümumtəhsil müəssisələrində tədrisin təşkilinin ana dilində aparılmasına dair maarifçilərimizin yüzillər boyunca arzuladığı milli istək gerçəkləşdi, türk dili məktəbdə dövlət dili statusu qazanaraq təlim-tərbiyə, təhsil dilinə çevrildi.

Türk dili dövlət dili kimi 1937-ci ilədək davam etdi. Sovet Azərbaycanının 1937-ci il Konstitusiyasında artıq Azərbaycan dili ifadəsi işləndi.

1992-ci ildə dövlət dili yenidən türk dili adlandırılsa da, 1995-ci ildən etibarən Azərbaycan dili kimi rəsmiləşdirildi.


Müəllif: Dilqəm Əhməd