8 Avqust 2019 23:35
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Azərbaycanın Xankəndi şəhərində dedikləri sosial şəbəkədə etirazla qarşılandı. Ermənistan prezidenti ağır sözlərlə tənqid edildi, müharibəyə çağırış oldu.

Açığı, Paşinyanın sözlərinin vətəndaşlarımızı qəzəbləndirməsi bir qədər qəribədir. Çünki ermənilərin 30 ildə bizə qarşı etdiklərinin yanında bu cümlələr olduqca bəsit qalır.

Xocalı faciəsini yaşamış, Qarabağ kimi cənnətini itirmiş xalqımız bu sözlərə qarşı deyil, işğala, Minsk Qrupuna etiraz etməlidir. İşğalçının bir məqsədi də psixoloji mübarizəni udmaq, özünü düşmən hesab etdiyi toplumun üzərində qalib kimi göstərməkdir.

Paşinyanın "Qarabağ Ermənistandır" deməsinin siyasi və Ermənistandaxili səbəbləri haqqında siyasi şərhçilər təxminən eyni fikirdədirlər və bunda haqlıdırlar.

Bizim üçün gərəkli olan Paşinyanın Qarabağda nə deməsi deyil, niyə orada olmasıdır.

Paşinyan ona görə oradadır ki, Paşalarımız təmas xəttində deyil. Aprel savaşından sonrakı psixoloji üstünlüyümüz, xalqın qisas və qələbə coşqusu 3 il əvvəlki kimi deyil. Demək ki, üç əvvəlki üstünlüyümuzü qorumaq üçün mütəmadi şəkildə düşmən atəş və nəzarət altında saxlanmalıdır.

***

Ölkəmizdə yetkinlik yaşına çatmayan qızların zorla ailə qurmağa məcbur edilməsi uzun illərdir ki var. Qızların intihar etməsi cahil və cinayətkar valideynlərə bir etiraz formasıdır. Özünün razılığı olmadan evləndirilən bu qızlara indiyədək dövlət və ya QHT-lər tərəfindən başqa çıxış yolu təklif edilsəydi, bu halların, bəlkə də, qarşısı alınardı. Demək ki, illərlə bu sahədə aparılan işlər bölgələrdə bir nəticə verməyib, maarifləndirmə işi doğru aparılmayıb. Əgər bölgədə yaşayan bir qız onu xilas edəcək bir sistemin (qaynar xətt və s.) varlığını bilsəydi, yəqin ki, intihar yerinə, bu addımı atardı. Ona görə də cəmiyyətdə varlığı hiss edilməyən müvafiq komitə yenidən şəkilləndirilməli, islahatlar aparılmalıdır.

Ailə qız övladını erkən yaşda niyə evləndirmək istəyir?

Tədqiqat aparmadığımız üçün bu səbəblərin mümkünlüyünü ehtimal edirik:

- Dolanışıq problemi. Ailə bir fərdinə çəkdiyi xərclərdən azad olmaq istəyir. Adətən, erkən yaşda evliliyə məcbur edilən qız Rusiyada işi və qazancı olan şəxslərə ərə verilir. Bu halda iki tərəf arasında xeyli yaş fərqi yaranmış olur.

- Məsuliyyətsizlik - Belə ailələrdə qız övladlarına qarşı doğuşdan etibarən biganəlik hökm sürür. Qız uşağının məsuliyyətindən xilas olmaq istəyi "valideyn"ləri buna vadar edir.

- Din faktoru - Erkən nikahların dini dünyagorüşlə müəyyən qədər bağlılığı var. Bəzi bölgələrdə qız uşaqlarının erkən evliliyə məcbur edilməsi orta əsrlərdən qalma adətdir.

***
Bu gün Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsindən 11 il ötdü. Bu 11 ildə öyrəndik ki:

- Qafqazda Rusiya təhlükəsi hər zaman var və buna qarşı daimi hazır olmaq lazımdır;

- Real təhlükə zamanı nə Avropa dövlətləri, nə də ki ABŞ köməyə gələcəkdir;

- Qərb təbii ehtiyatlara görə Rusiyadan asılıdır və üçüncü dünya ölkələrinin torpaqlarına görə imperiyaya müharibə elan etməyəcək;

- İşğalçılarla təmas xəttinə Rusiya qoşunlarının yerləşməsinə əsla izin verilməməlidir;

- Gürcüstan, daha sonra Ukrayna faciəsindən dərs çıxarıb Qarabağ siyasətimizdə ən optimal variantlar üzərində düşünülməlidir.


Müəllif: Dilqəm Əhməd