Dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirə keçirildi.
Görüşdə Paşinyanın saxta tarix bilgiləri, həyasızlığı və sonra dilinin dolaşıb düzü deməsi günün əsas mövzusu oldu.
Şübhəsiz ki, nə Paşinyan, nə də bir başqası Qarabağın işğalına tarixi don geyində bilər. Həm tarix, həm də beynəlxalq hüquq tərəfimizdə olduğu üçün münaqişənin tək həll yolu qalır – sülh üçün müharibə.
Yüz il öncə Cümhuriyyət deputatı Əhməd bəy Pepinov parlamentdə deyirdi ki, Ermənistan iddia edir ki, Qarabağda kəndləri talayan Andronikin onlara dəxli yoxdur.
Halbuki, istər Andronikin qətliamları, istərsə də Qarabağ üsyanları bilavasitə o zamankı Ermənistan hökuməti tərəfindən həyata keçirilirdi. Ən əsası isə indi olduğu kimi o vaxtkı dəstəkçisi də eyni güc idi.
Qarabağ Cümhuriyyət dövrünün ən həssas məsələlərindən biri idi. Mövcud olduğu iki il ərzində hökumət mütəmadi erməni fitnəsinin qarşısını almağa çalışmış və nəhayət buna nail olmuşdu. 1919-cu ilin yanvarında müttəfiqlərin Bakıda olan komandanı general V.Tomson Qarabağın dağlıq hissəsini və Zəngəzur qəzasını Azərbaycanın idarəçiliyində olmasını təsdiqləmiş, Xosrov bəy Sultanovu general-qubernator təyin etmişdi.
Cənubi Qafqazda söz sahibi olan Tomsonun bu addımı gerçək siyasi reallıqdan doğan qərar idi.
Xosrov bəyin Qarabağa təyini ilə ermənilərin dağıdıcı hərəkətlərinin qarşısı alındı. Üsyançılarla onların öz dili ilə danışdıqdan sonra pozucu qüvvələr və Qarabağda yaşayan ermənilər bu torpaqlarda Azərbaycanın suverenliyini tanımağa məcbur oldular. 1919-cu ildə Parisdə Azərbaycanın tanınması uğrunda mübarizə aparan Əlimərdan bəy Topçubaşıya Nazirlər Şurasının sədri adından göndərilən teleqramda açıq şəkildə yazılmışdı: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi... 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Аzərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar”.
Bu dövrün hadisələri ilə bağlı müxtəlif məqalə və müsahibələr hazırlayan ingilis jurnalist Skotland Liddel yazırdı: “Öz coğrafi vəziyyətinə görə Qarabağ həqiqətən Azərbaycana məxsus olmalıdır”.
Cümhuriyyətin hökumət və parlament üzvləri də Qarabağ məsələsi ilə bağlı mütəmadi məqalə və çıxışlar ediblər. Üsyanların yatırılmasından və Azərbaycanın öz suveren hüququnu bərpa etməsindən sonra 1919-cu il avqustun 29-da rəsmi qəzetdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə “Məsuliyyətimiz artdı!” adlı məqaləsində yazırdı: “Qarabağ, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qomşularımızın israrından qurtardı. Fəzlə qanlara məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyyətini qəbul etdilər”.
Hökumət başçısı Nəsib bəy Yusifbəyli də parlament üzvlərinə hesabatında “Azərbaycanın artıq Bakı adlı problemi olmadığı kimi eynilə Qarabağ adlı problemi də yoxdur” deyə bildirmişdi.
Lakin ermənilər bolşeviklərin Azərbaycanı işğal planının bir hissəsi kimi 1920-ci ilin martında Qarabağda yenidən üsyan qaldırdılar. Azərbaycan ordusu həmin üsyanı yatırtsa da, təəssüf ki, bolşevik qoşunlarının qarşısında Bakıda mübarizə apara bilmədi. Həmin üsyan dövründə Rəsulzadə 1920-ci ilin 6 aprelində “Azərbaycan” qəzetində “Ordumuz zəfərdə” adlı bir yazı qələmə alır.
Həmin yazıda qeyd etdiyi fikirlər bu gün də Azərbaycan ordusu üçün hər an keçərlidir:
“Düşmənin xəyanətinə qarşı mahiranə bir surətdə müqabilə edən Şuşa və Xankəndi qarnizonları ilə vuruşacaq bu qəhrəman qüvvələrimiz artıq əmin olalım ki, erməni macəraçılığına qəti bir intəha verərək Qarabağ məsələsini birdəfəlik həll edəcəkdir. Yaşasın gənc ordumuz! Ulu tanrı zəfərlərini çoxaltsın!...”
Yüz il öncə söylənmiş bu duaya “amin” deyirik!